Müharibə partiyası hakimiyyətdən gedir: Sarkisyan devrilsə, sülhə yol açıla bilər

Müharibə partiyası hakimiyyətdən gedir: Sarkisyan devrilsə, sülhə yol açıla bilər Cümşüd Nuriyev: “Sarkisyanın devrilməsi Qarabağ probleminin həlli deməkdir”

Ramil Məmmədli: “Qarabağ klanı”nın nümayəndəsi hakimiyyətə gələrsə heç bir güzəşt olmayacaq”


Ermənistanda siyasi islahatlar və hakimiyyət yerdəyişmələri Qarabağ münaqişəsinin həlli ilə bağlı ümidlər yaradıb.Hazırkı elitada təmsil olunan şəxslər Qarabağ hərəkatı dalğasında hakimiyyət olimpinə yükəslmiş şəxslərdir.“Qarabağ kartı” ilə vəzifə kreslosu tutmur, torpaqlar əsl sahibinə heç vaxt sülh yolu ilə qaytarılmaz.Ancaq son zamanlar Ermənistanda fərqli proseslərin getdiyinin şahidi oluruq.Belə ki, Ermənistan müxalifətində təmsil olunan şəxslər Qarabağ probleminin tezliklə həll olunmasının vacibliyini vurğulayırlar.

Erməni cəmiyyəti də bu məsələdə hakim elita ilə fərqli düşüncədədir. Bəs Sarkisyan rejimi devrilərsə Qarabağ probleminin həlli istiqamətində müsbət nəticə ola bilərmi?

“Ermənistan erməniləri Sarkisyanın arxasından qaçır”


Politoloq Cümşüd Nuriyev “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Sarkisyan rejiminin devrilməsi elə Qarabağ məsələsinin həlli deməkdir:

“Bu günə qədər də Qarabağ probleminin həll olunmaması üçün Rusiyanın maraqlarını məhz “Qarabağ erməniləri” təmin edib. Qərbin adamları hesab olunan Ovanesyan, ya da Ter-Petrosyan hakimiyyətə gəlsələr, Qərb də bunların vasitəsilə bölgədə öz gücünü təmin etmək üçün bütün bu addımları ata bilər.Ona görə də Rusiya çalışır ki, Qarabağ məsələsi həll olmasın.Burada əsas dəyişdirici statusda çıxış edənlər də məhz Qarabağ erməniləridir.Əvvəl Koçaryan, indi də Sarkisyan.Əslində bu ilin sonuna qədər Ermənistanda çevriliş gözlənilir.Ermənistan müxalifəti hadisələrin gedişatını dəyişməyi bacardı.Çünki onlar küçələrə çıxdılar, hərbi fazaya da keçdilər.Sonra gördülər ki, bütün bunlar əksinə, Sarkisyanın əlini gücləndirir.İndi isə informasiya müharibəsinə keçiblər.Eyni zamanda Ermənistanda daxili parçalanma hökm sürür.Ermənistan erməniləri Sarkisyanın arxasından qaçır.Bu qarşıdurma gec-tez öz nəticəsini verməlidir və verəcək də.Onlar da çalışırlar ki, bütün bu məsələlər yanvara qədər həll olunsun və Ermənistan yenidən seçkilərə getsin.Çünki, 2 apreldə keçirilən seçkilər kifayət qədər saxta idi”.

“Hakim elita nüfuzlu şəxslərini bir-bir itirir”


Hərbi-siyasi icmalçı Ramil Məmmədli isə deyib ki, əsas məsələ Sarkisyandan sonra kimin hakimiyyətə gətiriləcəyidi. Onun sözlərinə görə hakimiyyətə yenidən Rusiyapərəst şəxs gələrsə, heç bir güzəştdən söhbət gedə bilməz: “Ermənistanda 20 ildən çoxdur hakimiyyətdə olan “müharibə partiyası” heç vaxt Qarabağ probleminin çözülməsində maraqlı olmayıb.

Bunun da ən başlıca səbəbi Koçaryanın və Sarkisyanın məhz Qarabağ müharibəsi üzərindən hakimiyyətə gəlməsidir.Bu gün isə proseslər həm dünyada, həm də regionda fərqli yöndə inkişaf edir.Artıq Ermənistan cəmiyyəti başa düşür ki, Qarabağ münaqişəsi onlara heç bir xeyir vermədi, əksinə, çox ciddi problemlərlə üz-üzə qaldılar.Bunu ermənilər öz həyat şərtlərilə, yaşayış səviyyəsilə görürlər.Zamanında hakimiyyətdə olan, ancaq Sarksiyan rejiminə qarşı çıxdıqları üçün vəzifədən uzaqlaşdırılan şəxslər bu gün müxalifət cəbhəsində mövcud rejimə qarşı mübarizə aparırlar.Bunun ən bariz nümunəsi isə Seyran Ohanyandır.Unutmaq lazım deyil ki, Ohanyan Koçaryan və Sarkisyan hakimiyyətinin ən məşhur, üzdə olan siyasətçisi, vuran əli olub.Məhz bu üç şəxsin birgə fəaliyyətinin nəticəsidir ki, hazırda da Sarkisyan hakimiyyəti öz mövcudluğunu qoruyub saxlaya bilib.Hazırda isə vəziyyət tamamilə əksinə cərəyan edir.Hakim elita nüfuzlu şəxslərini bir-bir itirir. Hesab edirəm ki, bu proses sonda Sarkisyan rejiminin süqutuna gətirib çıxaracaq.

Seçkidə rəqəmlərlə kağız üzərində qalib gəlib, hələ hakimiyyəti qoruyub, saxlamaq anlamına gəlmir.Öz silahdaşlarını bir-bir itirən, dəstəyini ölkə xaricində axtaran Sarkisyan hesab etmirəm ki, bundan sonra da hakimiyyətdə qala biləcək.Sarkisyandan sonra Qarabağ probleminin sülh yolu ilə həll olunmaması üçün artıq tədbirlər görməyə başlayıb. Ermənistanın hazırki müdafiə naziri Vigen Sarkisyanın baş nazir olmasına Rusiya təminat verib. Amma bu yetərli deyil.

Hesab edirəm ki, yaxın gələcəkdə Ermənistanda vəziyyət daha da gərgin olacaq.Hər bir halda Sarksiyan və Koçaryan komandasında biri hakimiyyətə gələrsə, Qarabağla bağlı hansısa bir güzəştə gedəcəyini düşünmək sadəlövlük olardı”.

Vilayət Muxtar
Cebhe.info
Tarix: 12-04-2017, 22:50
Xəbəri paylaş





Xəbər lenti