Trampı hakimiyyətdə saxlayacaq sanksiya qərarı: Kreml diqqəti Ağ Ev rəhbərindən yayındırır

Trampı hakimiyyətdə saxlayacaq sanksiya qərarı: Kreml diqqəti Ağ Ev rəhbərindən yayındırır Zaur İbrahimli: “İttihamlar Trampı müəyyən çərçivədə saxlamağa xidmət edir”

ABŞ hökuməti Ukrayndakı işğala görə Rusiyaya qarşı növbəti sanksiya layihəsi hazırlayıb. “Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, iqtidarda olan Respublikaçları Partiyası ilə yanaşı, Demokratların da qəbul etdiyi sanksiya layihəsi Rusiyanın bir sıra yüksək çinli diplomatlarına Amerikaya səfəri qadağan edir. Layihələrin həmçinin Rusiyanın iqtisadi və maliyyə sektorlarını əhatə etdiyi bildirilir.


Qeyd edək ki, bundan əvvəl ABŞ-ın maliyyə naziri Stiven Munçin sanksiyalarla bağlı demişdi ki, bu tədbirlər Moskvanın Ukrayna probleminin diplomatik yolla həlli istiqamətində işlər görməsi üçün Rusiyaya təzyiqi qoruyub saxlayacaq:“ABŞ Administrasiyası Ukraynanın suverenliyinə zəmanət verən diplomatik prosesə sadiqdir. Rusiya Minsk razılaşmalarını icra etməyənədək sanksiyalar aradan qaldırılmayacaq”. Konqresin səs çoxluğu ilə qəbul etdiyi sanksiya layihələrini ABŞ prezidenti Donald Tramp imzalayacağı halda qüvvəyə minəcək. Xatırladaq ki, ilk sanksiya layihəsi bundan təxminən 1 ay əvvəl Konqres tərəfindən qəbul olunsa da Ağ Ev rəhbəri hələlik bunu imzalamayıb.

Sanksiyalar Trampı xilas edə bilər?

Rusiyaya qarşı yeni sanksiyaların gündəmə gəldiyi vaxt Demokratlar Partiyasından olan senatorların müraciəti ilə ABŞ Federal Təhqiqatlar Bürosu Donald Trampın impiçment məsələsi ilə bağlı araşdırmalara başlayıb. Amerika prezidenti Rusiya ilə gizli əlaqələrdə və keçən il keçirilmiş prezident seçkilərində rus kəşfiyyatının müdaxiləsi ilə qalib gəlməkdə ittiham olunur. Hesab olunur ki, İrəli sürülmüş ittihamlar təsdiqlənsə, bu, Trampın vaxtından əvvəl hakimiyyətdən getməsinə və məsuliyyətə cəlb olunmasına gətirib çıxaracaq.

Ekspertlər hesab edirlər ki, Donald Tramp Rusiyaya qarşı olan sanksiya layihələrini imzalayacağı halda impiçment təhlükəsindən yayına bilər. Yaxın günlərdə rusiyalı həmkarı ilə 3 saata yaxın bağlı qapılar arxasında görüşən Tramp isə hələlik sənədləri imzalamağa tələsmir. Digər yandan, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Donald Trampdan sanksiyalarla bağlı güzəşt gözləmədiklərini açıqlayıb. Peskova görə, Ağ Ev rəhbəri layihələri təsdiqləyəcəyi halda, bu, Rusiyada təəccüb doğurmayacaq. Ekspertlər isə rusiyalı diplomatın açıqlamasının ikibaşlı olduğunu bildirirlər və qeyd edirlər ki, əslində Putin Trampın bu layihələri imzalamasında maraqlıdır. Hamburqda keçirilən təkbətək görüşdə də Putinin bunu amerikalı həmkarına çatdırdığı iddia olunur. Hesab etmək olar ki, Rusiya bununla “ruspərəst Amerika prezidenti” ittihamını öz maraqlarına cavab verən Trampın üzərindən yayındırmaq istəyir. Yəni, Kreml sanksiyalar qarşılığında Trampın hakimiyyətdə qalmasına razıdır, bu baxımdan da ABŞ başçısının sənədləri imzalayacağı daha indırıcı görünür.

“ABŞ tarixində ilk dəfədir ki,...”
Trampı hakimiyyətdə saxlayacaq sanksiya qərarı: Kreml diqqəti Ağ Ev rəhbərindən yayındırır


Politoloq Zaur İbrahimli “Cümhuriyət” qəzetinə bildirib ki, Donald Trampın impiçmenti məsələsi getdikcə daha ciddi xarakter alır. Politoloq xatırladıb ki, artıq Federal Təhiqiqatlar Bürosunun keçmiş rəhbəri Robert Müller tərəfindən Tramp və komandasının, ailə üzvlərinin Rusiya ilə əlaqələrinin araşdırılması üçün xüsusi prokuror təyin olunub: “Trampın oğlu, kürəkəni rus iş adamları ilə görüşlərinə görə dindirilib. Aşkar görünür ki, Trampın komandası ABŞ-da prezident seçkilərindən əvvəl Rusiya iş adamları, diplomatları ilə təmaslarda olublar. Amma indiyə kimi sübut edilməyib ki, ruslarla bu danışıqlarda Trampın seçilməsi üçün yardım istənilib, yaxud belə yardımın olunması təklifi qəbul edilib?

Digər tərəfdən, ABŞ kəşfiyyat qurumları birgə hesabatlarında qeyd ediblər ki, Rusiya prezident seçkilərinə müdaxilə edib. Amma o məsələ açıq qalır ki, bu müdaxilə nəticələrə təsir göstərib? Yaxud, aydın deyil ki, Tramp rusların seçki prosesinə müdaxiləsini bilə-bilə bunun qarşısını almağa mane olub? Bu suallara açıq sübutlarla cavab vermədən impiçment real görünmür. Şübhəsiz ki, Rusiya ilə əlaqələr barədə ittihamlar Trampı müəyyən çərçivədə saxlamağa xidmət edir. Rəqiblər bundan çox məharətlə və məhsuldar istifadə edirlər. Bu təzyiq Tramp və onun komandasının Rusiya siyaəstinə manevr imkanlarını daraldır”.

“Qarşıdurma dərinləşə bilər”

Zaur İbrahimlinin sözlərinə görə, ABŞ tarixində ilk dəfədir ki, Nümayəndələr Palatası və Senat xarici siyasət məsələlərində prezidentin fəaliyyətinə bu qədər müdaxilə edir: “Rəqibləri bu imkanları saxlamağa çalışacaqlar. Rusiyaya qarşı sanksiyaların imzalanıb-imzalanmamasından asılı olmayaraq, rəqibləri impiçment prosesinə nöqtə qoymayacaqlar. Buna görə də impiçmentlə bağlı proses uzanacaq. Nəzərə almaq lazımdır ki, impiçment üçün ciddi sübutlar lazımdır.

Bu proses çox mürəkkəbdir. Bu, Trampın səlahiyyət müddətinin çox hissəsini də əhatə edə bilər. Digər tərəfdən, nüfuzlu neft lobbisi, iri şirkətlər, Avropa ölkələri də sanksiyalara qarşı çıxır. Ola bilsin ki, Tramp komandası sanksiyalarla bağlı qanun layihəsini arzu etdiyi formada dəyişməyə nail olsun. Belə olan halda Tramp üçün çox yaxşı fürsətlər yaranır. Əgər bu məsələdə Prezident Adminstrasiyasının rəyi nəzərə alınmasa, qarşıdurma dərinləşəcək. Bu qarşıdurmanın isə Amerika üçün çox neqativ nəticələri özünü çox gözlətməyəcək”.

Mənsur Rəğbətoğlu
Cebhe.info
Tarix: 16-07-2017, 23:11
Xəbəri paylaş





Xəbər lenti