Rusiyadan dünyaya yayılan təhlükə: nüvə silahı, yoxsa işğalçı siyasət?

Rusiyadan dünyaya yayılan təhlükə: nüvə silahı, yoxsa işğalçı siyasət? Politoloq: “Bu ölkədə nüvə silahı əsasən rus əhalinin yaşadığı ərazilərdə yerləşib, Rusiya parçalansa, dünyaya nüvə təhlükəsi olmayacaq...”

Dünyanın iki böyük gücü ABŞ-Rusiya münasibətlərində gərginlik artan xətt üzrə gedir. Ekspertlər hesab edirlər ki, artıq “Soyuq müharibə” illərinə qayıtmışıq və bu dəfə ABŞ-ın məqsədi SSRİ-nin varisi Rusiyanı parçalamaqdır.

Rusiyanın nüvə dövləti olduğunu nəzərə aldıqda, onun parçalanmasının məhz bu aspektdən də region üçün təhlükə yaradacağını söyləyənlər var. Onların fikrincə, Rusiya parçalanarsa, Şimali Qafqazda insidentlər yaşanar və bu, Azərbaycandan da yan keçməz.

Politoloq Elçin Mirzəbəyli də “Yeni Müsavat”a açıqlamasında Rusiyanın aqressiv xarici siyasətindən daha çox, onun nüvə silahının təhlükəli olduğunu dedi: “Əslində SSRİ-nin parçalanmasında Qərb tərəfindən Rusiyaya verilən dəstək də məhz bununla bağlı idi. Əvvəla, dünya Rusiyanın parçalanmasına hazır deyildi. Çünki həm Sovet İttifaqının dağılması nəticəsində yaranmış, həm də sosialist məkanından, Şərqi Avropadan çıxan yeni respublikaların çox ciddi inteqrasiya problemləri vardı. Onların dövlət kimi formalaşmasına zaman lazım idi. Belə bir məqamda Rusiyanın da parçalanması bütövlükdə Avropanın təhlükəsizliyinə ciddi zərbə vurardı.



Yəni bütün bu məsələlər ciddi şəkildə hesablanmışdı. Rusiya ayaqda durduqdan sonra təkcə nüvə silahı ilə deyil, yürütdüyü siyasət və ambisiyaları ilə də dünyaya təhlükə yaratmağa başladı. Postsovet məkanında həyata keçirdiyi siyasət, eyni zamanda daha geniş miqyasda Aralıq dənizi hövzəsində, Yaxın Şərqdəki siyasəti bütövlükdə yeni ambisiyalarının olduğunu göstərdi. Nəticədə Avropa ölkələri içərisində ciddi problemlər ortaya çıxdı. Ona görə də Rusiyaya qarşı tətbiq olunan sanksiyaların mahiyyətində əslində bu dövləti parçalamaq deyil, cilovlamaq faktoru dayanır. Konkret olaraq mən Rusiyanın parçalanması ilə bağlı səslənən fikirlərlə heç zaman razılaşmamışam. Bu gün də eyni fikirdəyəm. Əgər belə bir hadisə baş verərsə və federasiyanın subyektləri Rusiyadan ayrılmaq yolunu tutarsa, o zaman nüvə silahının mərkəzi rus hakimiyyətinin nəzarətində olacağı şübhə doğurmur. Çünki nüvə silahının yerləşdiyi məkanlar, federasiyanın subyektlərindən kənardadır və əsasən də rus əhalisinin yaşadığı ərazilərdə yerləşib. Digər tərəfdən də Moskva bu illər ərzində Şimali Qafqaz və Tatarıstan istisna olmaqla, respublikanın digər subyektlərində ruslaşdırma siyasətini faktiki olaraq başa çatdırmağı bacarıb. Bu baxımdan, məsələ ilə bağlı bəzi ekspertlərin təqdim etdiyi yanaşmalar kökündən yanlışdır. Əgər Rusiyanın federasiya kimi mövcudluğuna son qoyularsa, onun yerində unitar dövlət formalaşa bilər. Bu unitar dövlətin də tərkibinə indiki federasiyanın əksər subyektləri daxil olacaq. Çünki əhalinin əhəmiyyətli bir hissəsini rusdillilər təşkil edir”.

Ekspertə görə, Rusiya parçalanarsa, nüvə silahının yayılması ilə bağlı hər hansı bir problem yaranmayacaq: “Biz bu kimi prosesin şahidi olmuşuq. Belə ki, Ukrayna bu silahdan könüllü surətdə imtina etdi və onun ərazi bütövlüyünə təminat verdilər. Ancaq buna əməl olunmadı və Rusiya Ukraynanın torpaqlarını yenidən işğal etdi. Belə bir məqamda nüvə silahının yayılması baş vermədi. Qənaətimə görə, Rusiya Federasiyası da unitar dövlətə çevrilərsə, nüvə silahı problemi yaşanmayacaq. Hazırkı məqamda Rusiya bütün postsovet respublikalarına ciddi şəkildə təzyiq edir. Yürütdüyü siyasət isə həmin dövlətlərin müstəqilliyinin maksimum dərəcədə məhdudlaşdırılmasına yönəlib. Əgər beynəlxalq vəziyyət dəyişib, Rusiyanın mövqeləri möhkəmlənərsə, çox güman ki, bu dövlət başqa bir modeldə respublikaları özünün subyektlərinə çevirmək istəyəcək. Bu arzu Rusiya siyasətçiləri tərəfindən heç zaman gizlədilməyib. Hesab edirəm ki, Rusiyaya qarşı həyata keçirilən sanksiyalar davamlı şəkil alarsa və Qərb Rusiyanın yarada biləcəyi təhlükələri neytrallaşdırmağa müvafiq olarsa, o zaman şübhəsiz ki, biz zaman keçdikcə fərqli bir Rusiya görə bilərik. Məsələ burasındadır ki, artıq təkcə Qərb deyil, eləcə də dünyanın bir çox ölkələri, o cümlədən Çin Rusiyanı de-fakto təhdid kimi qəbul etməyə başlayıb. Sanksiyalar isə bu ölkənin iqtisadiyyatını tədricən sıradan çıxarır. Rusiyada gedən prosesləri izləsək və buradakı həyat şəraitinə diqqət etsək, bunu görə bilərik. Rusiya heç zaman yumşaq güc ola bilməyib və yalnız əzələ nümayişi ilə mövcudluğunu qoruyub saxlamaq istəyib. Ancaq təbii ki, hərbi potensial yalnız müəyyən bir mərhələyə qədər effekt verə bilər. İndiki şəraitdə isə Rusiyaya qarşı tətbiq olunan yumşaq təzyiqlər tədricən bu ölkənin dəyişməsinə gətirib çıxaracaq”.

E. Mirzəbəyli onu da qeyd elədi ki, bu gün Amerikada anti-Rusiya əhvalının güclənməsində həm də ABŞ-ın daxilində gedən proseslərin rolu var: “Bildiyiniz kimi, Donald Tramp Rusiya ilə münasibətlərdə ən çox ittiham edilən prezidentdir. Təbii ki, bunun əksinin sübutu üçün də Rusiyaya qarşı təzyiqlər həyata keçirilir. Biz ABŞ vitse-prezidentinin və dövlət katibinin Rusiyanın ünvanına nə qədər sərt fikirlər səsləndirdiyinin şahidi oluruq. Hesab edirəm ki, indiki şəraitdə bütövlükdə Avropanın təhlükəsizliyi, Çin təhlükəsi ilə bağlı məqamları nəzərə aldıqda Rusiyanın tamamilə parçalanması ABŞ-ın marağında deyil. Lakin Rusiyanın qlobal gücə çevrilməsi istiqamətində nümayiş etdirdiyi mövqe, təbii ki, ABŞ-ın geosiyasi maraqlarına ziddir. Nəticədə bu addımlar bütövlükdə onun Aralıq dənizi hövzəsində həyata keçirmək istədiyi geosiyasi iddialarla üst-üstə düşmür. Bu ərazidə ABŞ onunla pay bölgüsü aparacaq hər hansı bir qüvvəni istəmir. Təbii ki, Rusiya bu prosesdə neytrallaşdırılacaq və daha sonra onunla dil tapmaq çox asan olacaq”.

Əli RAİS
Tarix: 4-08-2017, 10:09
Xəbəri paylaş





Xəbər lenti