Tramp və Kimin xarakteri müharibə təhdidi üçün ən böyük əsasdır

Tramp və Kimin xarakteri müharibə təhdidi üçün ən böyük əsasdır Artıq bir neçə gündür ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In bir-birlərini şifahi şəkildə müharibə ilə hədələyir.

Qərb mətbuatı iki ölkə rəhbərinin xarakterini nəzərə alaraq müharibə riskinin olduqca böyük olduğunu yazır.

Fransanın ABŞ üzrə tanımmış ekspertlərindən, tarixçi Korenten Sellen “Le Figaro”ya verdiyi müsahibədə hadisələrin arzuolunmaz yöndə inkişaf perspektivi ilə bağlı narahatlığını dilə gitirib:

“Trampın Şimali Koreyaya olan qəzəbi əslində ABŞ siyasi elitasının hisslərini ifadə edir. Amerikalılar Kim rejimi tərəfindən aldadıldıqlarını düşünürlər. Hələ 2002-ci ildən etibarən Corc Buş administrasiyası Şimali Koreyanın əldə olunan razılaşmalara rəğmən öz nüvə proqramını inkişaf etdirdiyini aşkar etmişdi. 2004 və 2005-c illərdə Rusiya və Çinlə aparılan danışıqlardan sonra isə Pxenyan 2006-cı ildə özünün ilk nüvə silahını sınaqdan keçirdi. Hətta Obama dövründə tətbiq olunan sərt sanksiyalar belə Şimali Koreyanın nüvə başlıqlı raketlər hazırlamasına mane ola bilmədi. Görünür, amerikalılar sözdən əmələ keçməyin daha effektiv olduğunu düşünür”.

Ekspertin sözlərinə görə, Trampın “Atəş və qəzəb” ifadəsi The Washington Post qəzetinin Şimali Koreyanın 60 miniatür nüvə başlığına malik ola biləcəyi xəbəri çıxandan sonra ifadə olunub. Xəbərdə həmin başlıqların qitələlərarası raketlərə yerləşdirilə biləcəyi ehtimalından da söhbət açılıb.



Bütün bunlara rəğmən, fransız ekspert soyuqqanlılığın qorunmasının vacibliyini vurğulayıb. Ekspertin firkincə, Şimali Koreyanın nüvə raketləri texnologiyalarında əldə etdiyi nailiyyətlər ABŞ mətbuatında şişirdildiyi qədər böyük deyil.

“Hətta ABŞ-ın Şimali Koreya üzrə ən yaxşı mütəxəssislərindən sayılan Ziqfrid Heker Pxenyanın əlində yalnız 30-a yaxın nüvə başlığının olduğunu deyir.

Bundan başqa, qitələrarası raketin buraxılışı texniki yetkinliyə gəlib çatmaq anlamına gələ bilməz. Bu raketlərin atmosferə yüksəldikdən sonra hədəfə dəqiq yönəldilməsi problemi şimali koreyalılar tərəfindən həll edilməyib. Bundan başqa, ABŞ-ın özünün raket əleyhinə müdafiə sistemi olduqca yaxşı vəziyyətdədir”, - ekspert qeyd edib.

Bu fikri Böyük Britaniyanın “The Guardian” qəzetindən Yuen Makaskill də müdafə edir.

Jurnlaist ABŞ-ın arsenalında həm yaxın, həm də orta və uzaq məsafədən raketləri vura biləcək sistemə malik olduğunu yazır.
“ABŞ İsrail və Səudiyyə Ərəbistanının da istifadə etdiyi “Patriot” raketlərinə, habelə düşmən raketlərini atmosfer xaricində belə tutmağa qadir THAAD (Terminal High-Altitude Area Defence) kompleksinə sahib bir ölkədir.



Bundan əlavə, ABŞ-ın 3 fazalı müdafiə sistemi də mövcuddur. Birincisi, Koreya yarımadasında quraşdırlıan yerüstü raketlər; ikincisi Sakit okeanda ABŞ hərbi dəniz qüvvələrinə məxsus gəmilərə yerləşdirilən raket əleyhinə silah təchizatı; nəhayət, hər biri 36 tutucu raket buraxa bilən Alyaska və Kaliforniyada yerləşdirilən bazalar var”.

“Le Figaro”dan jurnalist Vianne Passo Korenten Vessenə iki ölkə arasında müharibənin nə dərəcədə real olduğunu soruşub.

“Məntiqlə yanaşılsa, bu suala mənfi cavab vermək olar. Şimali Koreya son 3 il ərzində ABŞ-ın mümkün hərbi müdaxilə təhdidi qarşısında nüvə və ballistika proqramları sahəsində öz mövqelərini möhkəmlədib. Onun görə də Pxenyan rəhbərliyi əldə olunan bu nailiyyətləri rejimin, hətta ölkənin məhv olmasına gətirib çıxara biləcək müharibə naminə hədər etmək istəməz. Lakin iki ölkə liderinin xarakeri nəzərə alınsa bütün hipotezlər və fərziyyələri də bir kənara atmaq mümkündür”, - Korenten Sellen cavabında bildirib.


Bundan başqa, ekspert Trampın yaranmış situasiyadan özünün olduqca aşağı oaln reytinqini qaldırmaq üçün istifadə edə biləcəyini düşünür:
“Bayraq ətrafında birləşmək effekti həmişə istənilən prezident üçün olduqca fayda gətirir. Lakin Tramp Şimali Koreyaya yönəlik hədələrindən sonra özünə olan inamı daha da zədələmək təhlükəsini də daşıyır. Çünki bundan sonra o, ya Pxenyanın nüvə proqramına əməli şəkildə mane olmalı, ya da Şimali Koreyanı nüvə statusuna malik dövlət kimi tanımalıdır”, - ekspert bildirib. /musavat.com/
Tarix: 11-08-2017, 22:32
Xəbəri paylaş





Xəbər lenti