Putinin seçki planı: “Arzuolunmaz şəxs” statusundan Kreml kreslosuna - YENİ NAMİZƏD

Putinin seçki planı: “Arzuolunmaz şəxs” statusundan Kreml kreslosuna - YENİ NAMİZƏD “Peterburq siyasətçiləri” Fondunun keçirdiyi reytinq sorğusu Rusiyanın siyasi gündəmini zəbt edib. Sorğunun nıticələrini müzakirə edən analitiklər “Vladimir Putinin siyasi varisi kimdir” sualına cavab axtarır. Ancaq suala dəqiq cavab vermək üçün ilk növbədə fondun təqdim etdiyi göstəricilərin reallığa nə qədər yaxın olmasını müəyyənləşdirmək lazımdır.

(Yazının əvvəlini buradan oxuya biləsiniz)

“Peterburq siyasətçiləri” Fondunun rəhbəri Mixail Vinoqradov sözügedən nəticələri şərh edərkən bildirib ki, reytinqlə bağlı iddialar həmin şəxslərin Putinin siyasi varisi ola bilməyəcəyinə dair rəylə yekunlaşır. Reytinq göstəriciləri prezident Putinin siyasi xələfinin olmadığını və yaxın perspektivdə hakimiyyətin ötürülməsi istiqamətində sensasiyanın gözlənilmədiyini deməyə əsas verir.

Bu barədə söhbət ümumiyyətlə, ola bilməz. Baş nazir Dmitri Medvedyevin ən yüksək bal toplaması isə daha çox onun cari ilin əvvəlində ciddi tənqidlərə məruz qaldıqdan sonra öz fəaliyyətində fəallaşması ilə bağlıdır. Vinaqradovun fikrincə, D.Medvedyev sözügedən siyahıya başçılıq etsə də bu günkü reallıqlar fonunda Putinlə müqayisədə ikincidir. Ona görə də D.Medvedyevin yenidən prezidentliyə namizəd göstərilməsi heç nəyi dəyişməyəcək.

Ekspertin sözlərinə görə, müdafiə naziri Sergey Şoyqunun prezidentin xələfi kimi seçilməsi hakimiyyətin sürətlə ötürülməsi halında baş verə bilər. Sergey Şoyqu özünün siyasi karyerasına görə prezident Putinə borcludur. Bu baxımdan, o Rusiya seçicisinin başa düşəcəyi siyasətçidir. Lakin Şoyqu klan rəhbəridir və konsensusa meyilli şəxs hesab edilmir. Şoyqunun ətrafında iddialarla dolu yığılmış münaqişələr var.

Aleksey Dyuminə gəlincə, fondun rəhbəri onun ətrafında ciddi dinamika müşahidə olunmadığını deyib.

Putinin seçki planı: “Arzuolunmaz şəxs” statusundan Kreml kreslosuna - YENİ NAMİZƏD

Məsələni şərh edən politoloq Elşən Manafovun sözlərinə görə, bu sorğu Qərb tərəfindən maliyyələşdirilən və sabiq baş nazir Mixail Kasyaninə bağlı olan QHT-lər tərəfindən keçirilib: “Rusiyanın indiki siyasi elitasında təmsil olunanlar əsasən Peterburq şinelindən çıxmış siyasətçilərdir. Onların əksəriyyəti əvvəllər Sobçakın ətrafında fəaliyyət göstərmiş, sonradan isə Putinin təklifi ilə Rusiya iqtidarında yer alan kadrlardır. Bununla belə, həmin siyahıda konyukturanın izlərini görməmək olmur. Bir neçə gün öncə Rusiya sistem müxalifətinin nümayəndələrindən olan Vladimir Jirinovski Putinin 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qatılmayacağı təqdirdə, özünün qələbə qazanacağını bəyan etdi. Jirinovskinin bu bəyanatında konyuktura açıq hiss olunur. Mən Rusiyanın indiki müxalifətini sistem və qeyri-sistem müxalifətinə bölərdim. Sistem müxalifətinin ən ciddi təmsilçilərindən biri sayılan Nemtsovun aradan götürülməsindən sonra Qərbin diqqəti Navalnıya, Kasyaninə və digər siyasətçilərə yönəlib. Medvedyevin özü isə artıq Putini əvəz edəcək siyasətçilər arasında qəbul olunmur.

Qeyd edim ki, 1999-cu ildə Boris Yeltsinin prezidentlikdən istefa verənə qədər Rusiyanın dünya siyasətində yeri ABŞ-ın siyasi istiblişmentini idarə edən “Ümumdünya hökuməti” tərəfindən müəyyən edilmişdi. Yeltsin də onun qarşısında qoyulan məqsəd və vəzifələri ardıcıllıqla yerinə yetirirdi. Amma Putinin iqtidara gəlməsindən və Münhendə Avropa Təhlükəsizlik məsələlərinə həsr olunmuş konfransında məlum bəyanatından, xüsusilə də Krımın ilhaq edilməsindən sonra Amerika siyasi dairələrində senator Con Makkeynin dediyi kimi “Benzindoldurma məntəqəsində qiyam” kimi qiymətləndirilib. Hal-hazırda Qərbin xüsusi xidmət orqanlarının bütün məqsədi Putini hər vəchlə hakimiyyətdən uzaqlaşdırmaq, Rusiya prezidentinin siyasətindən narazı qalan bütün oliqarxları bu plana cəlb etməkdir. Bu mənada, mən Mixail vaxtilə Putin tərəfindən həbs edilmiş Xadarkovskinin də cidi siyasətçilərdən biri kimi bu prosesdə iştirak edəcəyini gözləyirəm. Həmçinin, Ponomaryovun da seçkilərə qatılacağını istisna etmirəm.

2012-ci ildə seçkilərə qatılmış “Zürafə” ləqəbli Ponomaryov həmin vaxt Qərbi təmsil edirdi. Bu baxımdan, Qərbin Putinə qarşı qura biləcəyi komandanın tərkibi bəllidir. Putinin siyasətindən narazı qalan bütün siyasi qüvvələr bu komandada yer alacaq və onların maliyyə məsrəfləri Qərbin xüsusi xidmət orqanları tərəfindən təmin olunacaq. O ki, qaldı Putinin kiminlə əvəz ediləcəyinə, “Bodi-2” variantının realizə edilməməsindən sonra Putin Medvedyevə inamını itirib. Məsələ burasındadır ki, 2015-ci ildə BMT Təhlükəsizlik Şurasında 1973 saylı qətnamə səsverməyə çıxarılarkən Medvedyev prezident seçilməsinə Qərbdən dəstək almaq üçün bitərəf mövqe tutdu və veto hüququndan imtina etmədi. Nəticədə Rusiyanın şimali Afrikadakı ən ciddi müttəfiqlərindən biri olan Qəddafi hökuməti iqtidardan kənarlaşdırıldı. Hesablamalar göstərir ki, Qəddafinin hakimiyyətdən kənarlaşdırılması Rusiyaya 40 milyard dollar ziyan vurub. Putin bu hərəkəti Medvedyevə bağışlamadı və bundan sonra da bağışlamayacaq.

Güman edirəm ki, Putin 2018-ci ildə növbəti dəfə prezident seçilərsə, Medvedyev Rusiyanın isyasi istiblişmentində ikinci yeri tutmayacaq. Fikrimcə, Putin seçkilərə qatılacaq. Ən azı 2025-ci ilə qədər Putinin hakimiyyətdə qalmaq şansları yüksəkdir. Bu həm də Rusiyanın dolları konvertasiya edəcək alternativ valyutanı nə vaxt dövriyyəyə buraxacağından da asılı olacaq. Putin onu əvəz edə biləcək siyasi varislə bağlı konkret plana malik deyil. Hesab edirəm ki, o, gələn il yenidən prezident seçildikdən sonra öz siyasətini davam etdirə biləcək komandanı formalaşdıracaq. Hər halda mən Putinin komandasında onun siyasi kursunu bacarıqla həyata keçirə biləcək iki şəxsin adını deyərdim. Onların biri Prezdent Administrasiyasının sabiq sədri Sergey İvanov, digəri isə baş nazirin müavini Dmitri Raqozindir. Hər iki şəxs Rusiyanın hərbi-sənaye kompleksinə yaxın mövqeyi ilə tanınır. Onları Rusiyanın sistem müxalifəti də dəstəkləməyə hazırdır. Sabiq maliyyə naziri Kudrinin adı bütün hallarda bu siyahıda olmayacaq. Putinin siyasəti yalnız Rusiyanın hərbi qüdrətinin gücləndirilməsindən ibarət deyil. Putinin siyasətinin gələcəyi həm də ümumdünya maliyyə-emissiya siyasətinin reallıqlarını yaxşı bilən maliyyəçidən də çox asılı olacaq”.

Siyasi ekspert onu da vurğuladı ki, prezident Putinin səlahiyyət müddəti başa çatdığından referendum keçirə bilər.

Politoloq hesab edir ki, Sergey Sobyaninin reytinqinin artması diqqəti cəlb edir. Lakin Sobyanin daha çox icraçı kimi tanınır: “Əslində Putinə Sobyanin kimi kadrlar lazımdır. Düşünürəm ki, Prezident Administrasiyasında güclü mövqeyə malik olan Sobyaninin məlum fondlarla bağlılığı Vladimir Putini Moskva meri barəsində ciddi qərarlar qəbul etməkdən çəkindirəcək. Ümumiyyətlə, Putinin varisi nə Rusiyanın, nə də Qərbin gözləmədiyi bir namizəd ola bilər. Həmin şəxs Rusiyanın maliyyə sistemini yaxşı bilən bir kadr da ola bilər. Əgər Putin seçkilərə getməsə, onun pul-emissiya siyasətini dəstəkləyən namizədi siyasi varis kimi seçəcək”.

Bununla yanaşı, Elşən Manafov Rusiyada seçkilərin müvəqqəti təxirə salınacağını da istisna etmədi: “Rusiya Federasiya Şurasının və Dövlət Dumasının prezident Putini dəstəkləyən sistem müxalifətindən ibarət olduğunu nəzərə alsaq, onlar Putin tərəfindən irəli sürülən hər hansı bir layihəyə səs verəcəklər. Bu tədbirlərdən biri ölkənin cənubunda anti-terror əməliyyatlarının başlanması ilə ölkədə fövqəladə vəziyyətin elan edilməsi və seçkilərin 2-3 il müddətinə təxirə salınmasından ibarət də ola bilər”.

Müşfiq Abdulla
Tarix: 24-08-2017, 22:32
Xəbəri paylaş





Xəbər lenti