Sərkisyan Putinin cızdığı çərçivədən kənara çıxsa, devriləcək

Sərkisyan Putinin cızdığı çərçivədən kənara çıxsa, devriləcək Erməni prezidenti Soçiyə aparan səbəblər - o, Putinin “xeyir-dua”sını ala bildimi? Politoloq: “Sərkisyan Ermənistanı idarə etməkdə davam edəcək, dəyişiklik olsa belə, bu, Rusiyanın xeyir-duası ilə baş verəcək...”

Ermənistan prezidenti Serj Sərkisyanın Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşü barədə, gözlənildiyi kimi, ətraflı informasiya yayılmadı. Sərkisyan özü görüş barədə detallı açıqlamadan qaçaraq yalnız Rusiya ilə Ermənistan arasındakı iqtisadi əməkdaşlığın vəziyyətindən bəhs etdi.


Əslində S.Sərkisyanın dedikləri belə qənaətə gəlməyə əsas yaradır ki, sözügedən məsələlərə görə Soçiyə getməyə ehtiyac yox idi, bu kimi məsələlər telefonla da danışıla bilərdi. Bir məqamı da qeyd edək, Sərkisyan Soçiyə, Putinin hüzuruna uçan saatlarda Türkmənistan prezidenti İrəvana enmişdi. Özü də Türkmənistan prezidenti məhz S.Sərkisyanın dəvəti əsasında İrəvana səfər etmişdi. Təsəvvür edin, ölkənin rəhbəri həmkarını qonaq çağırır, özü isə aradan çıxır. Düzdür, S.Sərkisyan Putinin hüzurundan geri dönəndən sonra türkmən həmkarını qəbul etdi. Ancaq türkmən prezidentin planlaşdırılan səfəri ilə eyni gündə Soşi görüşünün reallaşdırılması şübhəsiz ki, Sərkisyanın iradəsindən kənar bir məsələ idi.


S.Sərkisyanın Putinlə görüşünü zəruri edən amillər barədə müxtəlif təxminlər səslənir. Erməni mediası prezidentlərin görüşündə Qarabağ məsələsinin tənzimlənməsi yollarının da müzakirə olunacağını iddia etmişdi. Bəzi təxminlər var idi ki, S.Sərkisyan son zamanlar ölkəsinin NATO və Avropa Birliyinə inteqrasiyası fonunda V.Putinin qəzəbinə gəldiyi üçün cəzalandırıla bilər. Bununla yanaşı, erməni prezidentin əfv diləməyə getdiyi barədə iddialar da var idi.




Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiya və Ermənistan prezidentlərinin Soçidə keçirilən görüşü sıradan bir hadisədir: “Bu görüşün Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərəcəyini düşünmək sadəlövhlük olardı. Çox güman ki, status-kvonun möhkəmləndirilməsinə xidmət edən bir görüşdür. Sərkisyan Putinlə görüşdə yalnız dərs və təlimat ala bilər. Bu dərsin və təlimatın nədən ibarət olduğu isə yaxın günlərdə nəzərə çarpacaq. Putinlə Sərkisyanın görüşü ilə bağlı ən maraqlı məqam Rusiya prezidentinin eyni gündə həm də İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüdür. Ermənilər Sərkisyanla Netanyahunun eyni gündə Putunlə görüşməsini ”taleyin ironiyası" kimi qiymətləndirirlər. Onların qənaətinə görə, Azərbaycanı silah-sursat və hərbi texnika ilə təmin edən iki önəmli ölkənin liderlərinin Sərkisyanın Soçidə olduğu vaxtda bir araya gəlməsi olduqca maraqlıdır. Təbii ki, Sərkisyanın və Netanyahunun eyni gündə Soçidə olması və Putinlə görüşmələri tam təsadüf də ola bilər. Amma olmaması da mümkündür. Əgər təsadüf olsa belə, maraqlı təsadüfdür və diqqət mərkəzində saxlanılmasına dəyər".


Ekspert necə hesab edir, Sərkisyan Putindən əfv diləyib hakimiyyətini uzatmaq razılığını ala bildimi? E.Mirzəbəyli: “Şübhəsiz ki, hakimiyyət məsələsi də var. Sərkisyanın hakimiyyətini davam etdirmək niyyəti göz qabağındadır. Artıq Ermənistan cəmiyyətində də bununla bağlı etirazlar səslənməkdədir. Qeyd olunur ki, əgər Sərkisyanın hakimiyyəti davam edərsə, Ermənistan adlı dövlət olmayacaq”.


Putinin reaksiyasına gəldikdə, politoloq dedi ki, bu barədə fikir söyləmək çox çətindir: “Çox güman ki, Sərkisyan bu və ya digər şəkildə Ermənistanı idarə etməkdə davam edəcək. Əgər dəyişiklik olsa belə, bu, Rusiyanın xeyir-duası ilə baş verəcək”.




“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu
isə fərqli düşünür: “Sərkisyan Rusiyaya xəyanət etməyib ki, Putin onu bağışlasın. Sərkisyan tamamən Rusiyadan asılıdır”. “Atlas” rəhbəri bildirdi ki, Sərkisyan Putindən növbəti tapşırıqlarını alıb: “Qara dəniz sahilindəki Soçi şəhəri Rusiya prezidenti Vladimir Putin üçün Kremldən sonra ikinci iqamətgaha çevrilib. Putin yay aylarını Soçidəki iqamətgahında keçirir. Görünür, bu yolla həm dincəlir, həm də işlərinə ara vermir. Putin Soçidə müxtəlif ölkələrin prezidentlərini və baş nazirlərini də qəbul edərək onlarla fikir mübadiləsi aparır. Putin avqustun 23-də Soçidə iki qonağını qəbul etdi. Onlardan biri Ermənistanın prezidenti Serj Sərkisyan, digəri isə İsrailin baş naziri Benyamin Netanyahu oldu. Hər ikisi Putin üçün vacib həmsöhbət idi. Soçidə Netanyahu ilə Yaxın Şərqdəki son durum, İsrail hökumətinin Suriyada baş verənlərə münasibəti müzakirə edildisə, Sərkisyanla iqtisadi və hərbi əlaqələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusu müzakirə edildi. Putinin Sərkisyanla görüşməsində qeyri-adi heç nə yoxdur. Rusiya və Ermənistan strateji müttəfiqdirlər və deməli, bu iki ölkənin liderləri tez-tez görüşməlidirlər. Sadəcə, bu görüşlərdə Rusiya ”böyük qardaş", Ermənistan isə “kiçik qardaş” rolunda çıxış edir. Sərkisyan Putinin nəsihətlərini dinləmək və onları yerinə yetirmək məcburiyyətindədir. Əks halda, böyük qardaş kiçik qardaşı cəzalandıracaq, necə ki, 1999-cu ildə Ermənistan parlamenti silahlıların hücumuna məruz qaldı, parlamentin sədri və baş nazir qətlə yetirildilər".


E.Şahinoğlunun sözlərinə görə, həmin hadisələrin bir daha təkrarlana biləcəyini anlayan Sərkisyan Putini qıcıqlandıracaq addım atmaz: “Ermənistanın müasir tarixində prezidentlərdən Levon Ter-Petrosyan bir dəfə Qarabağla bağlı müstəqil qərar vermək istəyirdi, bir neçə gün keçməmiş saray çevrilişi ilə onu devirdilər. Devirənlər birbaşa Rusiyanın adamları idi, içərisində hazırki prezident, ozamankı daxili işlər naziri Serj Sərkisyan da var idi. Kreml Levon Ter-Petrosyanı o zaman öz adamları vasitəsilə ona görə devirdi ki, Ermənistan prezidenti Rusiyanın rəyini nəzərə almadan Qarabağlı bağlı müstəqil qərar verməyə yaxın idi. Eyni ilə Sərkisyan da Qarabağla bağlı və ya NATO, Avropa Birliyi ilə əlaqələr mövzusunda Moskvanın rəyini nəzərə almadan müstəqil qərar verə bilməz”.


Son zamanlar belə fikirlər yayılır ki, guya Putin erməni həmkarına təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcək. Ancaq E.Şahinoğlunun fikrincə, bu tip fikirlər illərdir səslənir və nə Putin Sərkisyana təsir edir, nə də münaqişənin həllində vəziyyət dəyişir: “Tam əksinə, Rusiya Xarici İşlər Nazirliyi son açıqlamaları ilə Azərbaycanı hədəf alıb. Rusiya XİN Kremldən gələn təlimatın əksinə heç zaman Azərbaycan əleyhinə siyasət apara bilməzdi. Xarici işlər naziri Sergey Lavrov nə qədər Ermənistana yaxın mövqe nümayiş etdirsə də, Kremlin çızdığı çərçivədən kənara çıxa bilməz. Buna görə də Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Rusiyadan olan gözləntilər şişirdilib. Bunun əvəzinə bəzən Azərbaycan ictimaiyyətinə yanlış mesajlar ötürülür, Kreml İrəvanı 5 rayonu boşaltmağa məcbur edəcək”, “Kreml İrəvanı Qərb və NATO ilə əməkdaşlığa görə cəzalandıracaq” və s. Hər dəfə bu cür açıqlamalar səsləndirlir, ardı isə gəlmir. Putin bir müddət əvvəl də azərbaycanlı həmkarını İlham Əliyevi də Soçidə qəbul etmişdi. Həmin görüşdən əvvəl də müəyyən optimist fikirlər irəli sürülürdü. Masa üzərində Qarabağla bağlı dəyişən bir şey yoxdur. Azərbaycan əvvəlkitək öz gücünə arxalanmalıdır. Rəsmi Bakının da Putin-Sərkisyan görüşündən elə bir gözləntisi yox idi. Putinin erməni həmkarını cəzalandırmayacağını Bakı da bilir, sadəcə Azərbaycanın bəzi rəsmiləri hələ də düşünürlər ki, Rusiya Qarabağ məsələsini Azərbaycanın xeyrinə həll edəcək".


Qeyd edək ki, S.Sərkisyanın V.Putinlə görüşü ərəfəsində Ermənistan tərəfi bir sıra təxribatlara imza atdı. Azərbaycanın yaşayış məntəqlərini atəşə tutan Ermənistan tərəf əksini bəyan edərək, guya Azərbaycan ordusunun erməni kəndlərinə taxıl sahəsində işləməyə imkan vermədiyini iddia etdi, iki dövlət sərhədində vəziyyəti gərginləşdirməyə cəhd göstərməklə Putinin diqqətini cəlb etməyə çalışdı. Həmçinin Ermənistanın baş naziri Karen Karapetyan nümayişkaranə şəkildə Qarabağa “istirahətə”gəldiyini bəyanladı, təmas xəttində peyda olub buradan sərsəm açıqlamalar verdi. Bütün bunlar isə ondan xəbər verir ki, Ermənistan rəhbərliyi Soçiyə əliboş getmək istəməyib, gərginlik yaratmaqla Putinə “yeni faktlar” aparmaq, Azərbaycandan onu qoruması üçün əlavə dəstək verilməsini xahiş etmək istəyib. Azərbaycan bu dəfə Sərkisyana arqument vermədi, kifayət qədər tədbirli davrandı. Amma belə vəziyyət ondan xəbər verir ki, hər an böyük savaş baş verə bilər.




Hərbi ekspert Tərlan Eyvazov da əməkdaşımıza söylədi ki, mövcud status-kvo Ermənistana sərf edir: “İşğalçi ölkə torpaqları alıb, oturub gözləyir. Aprel döyüşlərinə qədər razılaşdırılmış varianta görə, Ermənistan Azərbaycan ərazilərinin müəyyən hissəsindən mütləq geriyə çəkilməli, güzəştə getməli idi. İndiki məqamda isə Ermənistan iqtidarı hakimiyyətdə qalmağın yeganə variantı kimi status-kvonun saxlanmasını görür. Çünki keçənilki uğursuzluq onları olduqca ağır duruma salıb. İndiki məqamda güzəştlərə getmək Ermənistan iqtidarının sonu, iflası ola bilər. Odur ki, Ermənistan iqtidarı bütün bunlardan çəkinərək ancaq imitasiya yolunu tutub”.


Hərbi ekspert vaxtaşırı Azərbaycan-Ermənistan cəbhə xətti boyunca gərginliyin yaranmasını da məqsədli sayır: “Düşmən Naxçıvan, Tovuz, Qazax istiqamətində münaqişəni alovlandırmaq isəyir ki, Rusiyanı cəlb eləsin. Bu gərginliyi yaratmaqla demək istəyirlər ki, ”baxın, görürsünüz Azərbaycanla danışıqlar aparmaq heç cür mümkün deyil, mən bədbəxt ermənini yenidən əzmək istəyir". O halda köhnə razılaşdırılmış prinsiplər, Minsk Qrupunun köməyi ilə aparılan proses birdəfəlik pozula bilər. Təbii ki, Azərbaycan tərəfinin səbirli davranması səbəbsiz deyil. Hər halda, rəhbərliyin vəziyyətlə bağlı daha çox informasiyası var, ona görə də səbir nümayiş etdirilir".


T.Eyvazov şübhə etmir ki, Ermənistan baş nazirinin Qarabağa səfəri yalnız daxili auditoriyaya hesablanmış təxribatdır: “Düşmən tərəfindən hər an digər təxribatları gözləyirik, onların qarşısını almaqla məşğuluq, çox təəssüf ki, onları qabaqlayıb ilkin zərbələri vurmuruq. Söhbət hərbi zərbələrdən getmir. Yetərincə qeyri-döyüş vasitələri var, onlardan istifadə etməliyik. İstənilən halda Azərbaycan buna sükutla reaksiya verməməlidir. Diplomatik və siyasi imkanlardan istifadə edib düşməni yerində oturtmaq olar”.


S.Sərkisyanın Soçidən yüksək əhval-ruhiyyə ilə qayıtdığını söyləmək də mümkündür. Belə çıxır ki, həmkarı ona “get işlə, cığızından çıxma” deyib. Bu, həm də o deməkdir ki, Rusiya Ermənistanın Qarabağ siyasətində ənənəvi xətti davam etdirmək şansını tanıyıb. Bu isə o deməkdir ki, S.Sərkisyan ən azı gələn ilin aprelinə qədər öz mövqeyini dəyişməyəcək. Ona qədər ki, baş nazir kürsüsünü zəbt edəcək. Deməli, BMT Baş Assambleyası çərçivəsində planlaşdırılan XİN başçılarının görüşü də, sadəcə status-kvonun saxlanmasına, xidmət edir və Kremlin bu görüşə marağı da buradan qaynaqlanır...

Elşad PAŞASOY
Tarix: 25-08-2017, 09:06
Xəbəri paylaş





Xəbər lenti