Rusiya Belarusa ordu yeridir: Lukaşenko devrilə bilər ?

Rusiya Belarusa ordu yeridir: Lukaşenko devrilə bilər ? Rusiya “Qərb-2017” kod adlı iri miqyaslı təlimlərdə iştirak etmək üçün öz hərbi qüvvələrini 14 avqust tarixindən Belarusa daşımağa başlayıb. Moskvanın opponentləri bildirirlər ki, Rusiyanın təlimlərdəki başlıca məqsədi şərqi Avropanın bu ölkəsində daimi hərbi baza yaratmaqdır.

Cebhe.info-nun “Newsweek”ə istinadən verdiyi məlumata görə, Moskvanın sentyabr ayında keçiriləcək hərbi təlimlərin adi təlimlər olduğunu dəfələrlə bəyan etməsinə baxmayaraq, Belarusdakı tənqidçilər Vladimir Putinin uzunmüddətli məqsədləri ilə bağlı şübhələrini dilə gətirirlər. Rəsmi şəkildə bildirilib ki, “Qərb-2017” hərbi təlimlərində 12,7 min rus əsgəri iştirak edəcək və onlar Belarus ərazisində Rusiyanın qərb sərhədləri boyunca hərəkət edəcəklər.

Putin NATO alyansına və beynəlxalq müşahidəçilərə, eyni zamanda da həyəcanlanmış Baltik ölkələrinə təlimlər haqqında bütün lazımı məlumatları verib. Lakin Belarusdan olan bəzi tənqidçilər Rusiya liderinin strategiyası ilə bağlı öz dərin narahatlıqlarını bildirməkdə davam edirlər.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili isə bu təlimlərdən istifadə edərək Rusiyanın Belarusu işğal edəcəyini deyib: ”Mən hesab edirəm ki, təhlükə Belarusun özünə yönələcək, çünki mənə elə gəlir ki, hərbi qulluqçuların və hərbi avadanlığın bir hissəsi təlimlərdən sonra Belarus ərazisində qalacaq. Təlimlərin keçirildiyi zaman onlar çətin ki, nə isə bir şey etsinlər. Amma təlimlər qurtardıqdan sonra istənilən tələni gözləmək olar. Məncə indi onlar Belarusun tamamilə işğal edilməsi və ölkənin ilhaqı barəsində düşünürlər. Bu isə regionda növbəti böhranın başlanğıcı olacaq”.

Qeyd edək ki, prezident Aleksandr Lukaşenko Rusiyanın Belarus ərazisində hərbi baza yerləşdirmək planlarına qarşı müqavimət göstərir. Rusiya prezidenti Vladimir Putin 2015-ci ildə Belarusun Babyursk şəhərində hərbi hava bazasının yerləşdirilməsi barədə fərman imzalasa da rəsmi Minsk bu barədə tərəflər arasında hər hansı müqavilənin olmadığını bildirir. Son dövrlər Kremlin prezident Lukaşenkoya artan təzyiqlərinin də məhz Rusiyanın hərbi maraqları ilə bağlı olduğu deyilir. Şərqi Avropada Rusiya ilə NATO arasında hərbi qarşıdurmanın artması fonunda Belarus ərazisi Kreml üçün hərbi platsdarm kimi geostrateji əhəmiyyət daşıyır. Xüsusilə də Baltikyanı ölkələr və Polşaya qarşı Rusiya Belarus ərazisində hərbi hava və hərbi kosmik qüvvələrini yerləşdirmək niyyətindədir. Lakin Belarus rəhbərliyi də geri çəkilmək fikrindən uzaq görünür.

Prezident Lukaşenko Belarusun Rusiya üçün döyüş meydanına çevrilməsinə mümkün qədər müqavimət göstərir. Bununla yanaşı, rəsmi Minsk “Qərb-2017” təlimlərindən imtina etmək və Rusiya silahlı qüvvələrini Belarus ərazisinə buraxmamaq imkanında deyil. Ən böyük problem isə təlimlərin sonuncu mərhələsinin Belarus ərazisində keçirilməsidir. Yalnız onu qeyd etmək kifayətdir ki, hərbi təlimlərin ikinci hissəsində 8 min tank və hərbi texnika 4 min vaqonda dəmir yolu vasitəsilə Belarusa daşınacaq. Siyasi ekspertlərin fikrincə, Rusiya həmin silahlı qüvvələri Belarus ərazisindən çıxartmaya bilər. Yaxud Putin iqtidarı Belarusda hər hansı bir təxribat törətməklə “qayda-qanun yaratmaq” adı altında Rusiya ordusunu Belarus ərazisində saxlaya bilər. Əgər belə bir hal baş versə, o zaman Kreml Belarusda dövlət çevrilişinə çalışacaq. Bu baxımdan, Belarusda siyasi vəziyyət kifayət qədər mürəkkəb sayılır.

“Frankfurter Allgemeine Zeitung” qəzeti yazır ki, Rusiya Belarusla birgə keçirdiyi hərbi təlimlər özünü Qərbə nümayiş etdirmək üçün bir imkan kimi baxır. Qərbin həmin regionda yerləşmiş 100 min əsgəri qüvvəsinə qarşı Rusiya 13 min hərbçi çıxaracaq. Bu, Rusiyanın indiyə qədər keçirdiyi ən böyük hərbi təlim sayılır. Təlimlər çox həssas bir bölgəni əhatə edəcək. Çünki təlimlərin keçirilməsi nəzərdə tutulan Belarus, Baltik dənizi, Polşa- Litva sərhəddindən 100 km aralıdakı Kalininqrad NATO üçün “Axilles dabanı” sayılır. Təlimlərdə 1-ci tank qvardiyası ordusunun iştirakı Qərbdə narahatlıqla qarşılanıb. ABŞ silahlı qüvvələrinin general-leytenantı Ben Hocens Pentaqonun Baltikyanı ölkələrə 600 desant göndərəcəyini deyib. Adıçəkilən qəzetin yazdığına görə, “Qərb-2017” təlimləri çərçivəsində NATO obyektlərinə qarşı yaranan hər hansı təhlükə Rusiyanın nüvə obyektlərinə zərbə endirilməsi ilə nəticələnə bilər.

Müşfiq Abdulla
Tarix: 25-08-2017, 13:59
Xəbəri paylaş





Xəbər lenti