Ermənistanın siyasətində kəskin dönüş: Yoxsa Rusiyaya “gözdağı” cəhdi?

Ermənistanın siyasətində kəskin dönüş: Yoxsa Rusiyaya “gözdağı” cəhdi? İşğalçı ölkə Qərbə meyillənir

Son zamanlar Ermənistanın xarici siyasətində Qərbə meyillilik müşahidə edilir.İşğalçı ölkə bu gün müttəfiqi Rusiyanı sanksiyalara məruz qoyan Qərbə üz tutub.Ermənistanın NATO və Avropa İttifaqı ilə yaxınlaşmaq cəhdləri isə Rusiyanı qıcıqlandırmaya bilməz.Hesab olunur ki, ermənilərin məqsədi Türkiyə-Rusiya yaxınlaşmasına mane olmaqdır.




Hərbi-siyasi icmalçı Ramil Məmmədli “Cümhuriyət” qəzetinə şərhində Ermənistanın Qərblə yaxınlaşması İrəvan üçün acı nəticələr verəcəyini deyib:

“Ümumiyyətlə Ermənistanın Qərblə münasibətləri yaxşıdır.Bu isə xaricdə fəaliyyət göstərən erməni lobbisinin güclü olması ilə bağlıdır.Fransada siyasi elitanın ən yüksək səviyyəsində ermənilərin hüquqları qorunur.Hətta ermənilər Fransada müəyyən postlara sahibdirlər.Ermənistanın Qərbə yaxınlaşması məsələsinin gündəmə gəlməsi Ermənistan ordusunun NATO-nun hərbi təlimlərində iştirakı ilə bağlıdır.Xatırlatmaq lazımdır ki, aprel döyüşlərindən sonra Sarkisyanın Avropaya və NATO-nun mənzil qərargahına səfəri də müəyyən suallar yaratmışdı. Bu günlərdə isə Ermənistanın NATO təlimlərində iştirakı vəziyyətin bir az da ciddi olmasından xəbər verir. Bu baxımdan Ermənistanın Qərb və Rusiya arasında manevr etmək imkanları daha yüksəkdir.Ermənistan da bu imkandan zaman-zaman istifadə edir.Hazırkı məqamda isə rəsmi Yerevanın bu imkandan açıq şəkildə istifadə etməsi birbaşa Rusiyaya yönəlik ismarışdır.Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşması, xüsusilə də hərbi əməkdaşlığının güclənməsi Ermənistanı Qərblə münasibətlərini möhkəmləndirməyə vadar edir.

Ermənistan demək istəyir ki, Rusiya bizə dəstək verməsə, Qərblə eyni qaydada münasibət qura bilərik.Əslində, isə bu suda batanın saman çöpündən yapışmasına bənzəyir.Ermənistanın siyasi elitası yaxşı bilir ki, bu dövlətin var olmasına görə Rusiyaya minnətdar olmalıdırlar.Rusiyanın hərbi-siyasi, iqtisadi riçaqları Ermənistanda daim olub və bu gün də qalmaqdadır.Ermənistan Qərblə hər hansı bir danışıqlar apara bilər, ancaq Rusiyanın təsir dairəsindən çıxması mümkün deyil.Nəzərə almaq lazımdır ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Rusiyanın yaratdığı Vahid Hava Hücumundan Müdafiə sisteminin üzvüdür.Bu günlərdə Rusiya-Ermənistan birgə qoşun növünün yaradılması ilə bağlı konkret addım atıldı.Bu baxımdan Ermənistanın Rusiyadan ayrılması və ya buna cəhd etməsi Ermənistan üçün acı nəticələr verə bilər”.

Ermənistanın Qərblə yaxınlaşmasının Türkiyə-Rusiya münasibətlərinə təsir imkanlarına toxunan ekspert bunun mümkün olmadığını deyib. R.Məmmədli hesab edir ki, Ermənistanın Qərbə yaxınlaşmaq imkanı Rusiyanın icazə verdiyi qədərdir:

“Əslində bu məsələdə Türkiyə amili o, qədər də ciddi görünmür. Türkiyə bu və ya digər formada NATO-nun üzvüdür.Ermənistanın Qərblə hər hansı bir yaxınlaşmasının Türkiyə-Rusiya yaxınlaşması ilə heç bir əlaqəsi yoxdur.Çünki Türkiyə-Rusiya münasibətlərinin yaxşı olması, heç də Türkiyənin Qərblə münasibətlərini tam korlamaq anlamına gəlmir.Əgər bu cür yanaşsaq, İran Qərbin ən ciddi rəqiblərindən biridir, ancaq İraq-Türkiyə münasibətləri kifayət qədər normaldır.Bu baxımdan hesab edirəm ki, Ermənistan yalnız öz əlinə oynayır.Əslində isə Rusiya sadəcə olaraq Ermənistanın manevr imkanlarını öyrənmək üçün müəyyən qədər meydan verib.Amma Ermənistan özü də yaxşı bilir ki, Rusiyanın təsir dairəsindən çıxmaq haqqında konkret qərar verərsə, ilk növbədə Qarabağ müharibəsində kəskin məğlubiyyətini alacaq.Çünki Rusiya artıq Azərbaycana heç bir təsir və ya təzyiq göstərməyəcək.Digər tərəfdən Ermənistan hakimiyyəti daxilində siyasi çaxnaşmalar baş verə bilər.Bu baxımdan Ermənistanın Qərblə yaxınlaşmaq imkanları var, ancaq bu yalnız Rusiyanın icazə verdiyi qədərdir.Ermənistan “qırmızı xətti” keçməyə cəhd edərsə, ciddi şəkildə cəzalana bilər”.

Vilayət Muxtar
Tarix: 25-08-2017, 14:32
Xəbəri paylaş





Xəbər lenti