Almaniya-Türkiyə münasibətləri “dərinləşən yaraya” çevrilir

Almaniya-Türkiyə münasibətləri “dərinləşən yaraya” çevrilir Berlin və Ankara problemin siyasi liderlərdən qaynaqlandığını desə də, əslində anlaşılmazlıqlar sürətlə dərinləşir...

Almaniya və Türkiyə arasında gərginlik hər keçən gün daha da yüksəlir. Almaniyada “erməni soyqırımı” qanunu qəbul olunması, PKK simpatizanlarının rahat fəaliyyətinə yaşıl işıq yandırması, daha sonra Ərdoğan haqqında təhqiramiz verilişlərin yayımlanması, buna cavab olaraq alman deputatların “İncirlik” bazasına buraxılmaması, qarşılıqlı ittihamlar, Türkiyə rəsmilərinin referendum kampaniyasında Almaniya ərazisində çıxışlarına imkan verilməməsi kimi silsiləvi hadisələr davam etməkdədir.

Ən son olaraq türk əsilli almaniyalı yazarın İspaniyada Ankaranın sifarişi ilə həbs olunması və prezident Ərdoğanın türklərə Almaniya seçkilərində iqtidar partiyalarına səs verməməyə çağırması kəskin qarşılıqlı ittihamlara səbəb olub. Almaniya baş nazirinin müavini və xarici işlər naziri Siqmar Qabriel yerli “Bild” qəzetinə müsahibəsində deyib ki, Almaniyanın Türkiyə xalqı ilə deyil, prezident Ərdoğanın siyasəti ilə problemləri var. Qabriel deyib ki. əsas problem xalq deyil, hökumət və onun yürütdüyü siyasi xətdir.

Qeyd edək ki, bu günlərdə Türkiyə prezidenti Almaniya xarici işlər nazirini sərt şəkildə tənqid edib. Bundan sonra Almaniya XİN ölkə vətəndaşlarına Türkiyəyə səfərlə bağlı xəbərdarlıq edib. Alman nazir deyib ki, Türkiyə hökumətinin yürütdüyü siyasət narahatlıq doğurmağa başlayıb, hətta uzun illər Türkiyədə istirahət edən almanların belə indi Türkiyə səyahətləri zamanı şübhəli şəxslər sırasına düşə biləcəyi təhlükəsinin olduğunu deyib.

Türkiyənin Avropa Birliyinə üzvlük məsələsinə toxunan nazir deyib ki, mövcud şərtlərdə Türkiyənin Birliyə üzvlüyü heç bir halda mümkün deyil. Qabriel bildirib ki, fikir, ifadə azadlığının məhdudlaşdırıldığı, günahsız insanların həbs olunduğu, müxalifətin təzyiq altında olduğu ölkə AB üzvü ola bilməz. Eyni zamanda deyib ki, Ərdoğan bu vəziyyətin fərqindədir, Türkiyə hakimiyyətinin AB üzvlüyünə marağı yoxdur. Eyni zamanda bildirib ki, bütün soyuqluqlara, problemlərə baxmayaraq Birliyə üzvlük müzakirələri birinci Almaniya tərəfindən dayandırılmayacaq.

Xarici işlər nazirinin bu açıqlaması Almaniya-Türkiyə münasibətlərinin bugünkü vəziyyətini əks etməklə birlikdə həm də münaqişənin səbəbləri və gələcək taleyi ilə bağlı da fikir formalaşdırır. Hər kəsə aydındır ki, Türkiyə və Almaniya ən azı son 100 ildə ən yaxın müttəfiq olan iki dövlətdir. Həm iki dünya müharibəsi (Birinci Dünya Müharibəsində Osmanlı İmperiyası Almaniyanın müttəfiqi kimi savaşa qatılmışdı – K.R.) zaman iki ölkə arasında yaxın münasibətlər olub, həm də “soyuq müharibə” zamanı iki ölkə arasında isti münasibətlər mövcud olub. Rəsmi olaraq Almaniyada 3 milyondan artıq türkiyəli yaşayır, ciddi diaspor formalaşıb. Almaniya AB üzvlüyü müzakirələrində hər zaman Türkiyəyə müsbət yanaşan, dəstək verən dövlət olub. Hətta günü bu gün də Almaniya və Türkiyə arasında ticarət. turizm və digər sahələrdə əməkdaşlıq davam edir.

Ancaq son illərdə bu münasibətlər kəskin şəkildə pisləşib. İndi isə artıq dövlət rəhbərləri, nazirlər bir-biri haqqında kəskin ifadələr işlədir. Sözsüz ki, siyasilər arasında bu soyuqluq (səbəbi nə olursa olsun – K.R.) tədricən digər sahələrə də sirayət edəcək və ya artıq etməkdədir. Lakin hər halda bu soyuqluq və ədavəti iki dövlətin və ya xalqın ədavəti adlandırmaq olmaz. Almaniya-Türkiyə böhranı daha çox iki hökumət arasında olan münaqişədir. Ancaq indi Türkiyədə siyasi mərkəzləşmə gücləndiyi üçün Almaniya ilə münaqişə dövlətlər arasında problemə çevrilib və görünən odur ki, yaxın zamanda düzəlməyəcək. Əlbəttə, formal olaraq Almaniya haqlı olaraq Türkiyədəki siyasi vəziyyəti tənqid edir, münasibətlərin soyumasını bununla əlaqələndirir. Ancaq sirr deyil ki, Türkiyənin Almaniya ilə münasibətlərinin soyumasının əsas səbəbləri sırasında həm də kürd məsələsi, eləcə də “erməni soyqırımı” ilə bağlı Berlinin mövqeyi həssas məsələlər var. Yeri gəlmişkən. Ötən gün Almaniya sosial demokratlarının lideri, hakimiyyətə iddialı əsas şəxslərdən biri olan Martin Şults İraq kürdlərinin referendum qərarını dəstəkləyib və referendumun kürdlərin haqqı olduğunu deyib. Oxşar yanaşma digər alman siyasətçilərdə var, özü də yalnız İraq kürdləri deyil, həm də Türkiyədəki separatçı kürdlərə qarşı var. Bu isə zaman-zaman həm ikili münasibətlərə təsir edir, eyni zamanda siyasi anlaşılmazlıqları daha da dərinləşdirən faktora çevrilir. Çünki hər iki tərəf bu mövzuları bir-birinə qarşı kart olaraq istifadə edir. Bu səbəbdən də bəsit görünsə də, Almaniya-Türkiyə münasibtləri artıq necə deyərlər. çox “dərinə işləmiş yaradır”. Müalicəsi asan olmayacaq.(Musavat.com)


Tarix: 25-08-2017, 21:57
Xəbəri paylaş





Xəbər lenti