On minlərlə müsəlman Birmadan Banqladeşə qaçır

On minlərlə müsəlman Birmadan Banqladeşə qaçır Birmanın şimalında – Raxin ştatındakı toqquşmalarda 400 adam ölüb. Rohinca yaraqlıları ilə ölkənin təhlükəsizlik qüvvələri arasında döyüşlərə görə minlərlə Rohinca müsəlman qonşu Banqladeşə qaçır.

Banqladeş sahillərində Rohinca müsəlmanlarının meyitlərinə rast gəlinir. Onlar dənizlə Banqladeşə keçmək istərkən suda batanlardır.



Quru ilə Banqladeşə gələnlər daha çoxdur. BMT-nin son məlumatına görə, bir həftəyə Banqladeşə 27000 Rohinca müsəlmanı keçib. Birmada isə Rohinca yaraqlıları polis məntəqələrinə, ordu hissələrinə hücum edir, bu hücumlar ordunun güclü əks-hücumları ilə qarşılaşır.

Buddist ölkə olan Birmada rohincalar milli azlıqdır. Müsəlman olan rohincaların sayı 1 milyon 100 mindir.

Rohincalar illərdir ki, təqiblərə məruz qaldıqlarını deyirlər.

Rohinca qaçqını: “Buddistlər bizi güllələyir, evlərimizi yandırır. Mənim ərimi güllə ilə vurdular”.

Bu ilin fevralında BMT də Birma hərbçilərini rohincalara qarşı kütləvi qətllərdə, zorlamalarda ittiham etdi.

Ancaq münaqişə zonasından qaçanlar təkcə müsəlmanlar deyil. Buddistlər də qaçır. Onlar Birmadakı məbədlərə sığınırlar. Onlar da narazıdır.

Buddist qaçqın: “Mənə qızıl da, pul da versələr, mən bir də buralara qayıtmaram. Mən yalnız o vaxt qayıdaram ki, burda müsəlman olmasın. Onlar mənim ərimin boğazını kəsdilər.”

Rohinca müsəlmanları ilə bağlı böhran Birma lideri, Nobel sülh mükafatı laureatı Aung San Suu Kyi-nin nüfuzuna ciddi zərbə vurub.

BMT-nin keçmiş baş katibi Koffi Annan Birma lideri ilə görüşdə dedi ki, qırğınların günahlarları məsuliyyətə cəlb olunmalıdır.

Suu Kyinin hökuməti bildirir ki, mübarizə terrorizmlə gedir, Qərb tənqidçiləri isə deyirlər ki, müsəlmanların vəziyyəti ilə bağlı duruma hökumət vaxtında reaksiya verməyib.

İndiliksə, minlərlə Rohinca qaçqını Banqladeşə axışmaqdadır.

Siam.az
Tarix: 1-09-2017, 21:51
Xəbəri paylaş





Xəbər lenti