Baş nazirlik uğrunda savaş qızışır - Sarkisyan iddiasından çəkilmir

Baş nazirlik uğrunda  savaş qızışır - Sarkisyan iddiasından çəkilmir Ermənistan prezidenti Serj Sarkisyan baş nazir olmaq iddiasını yenidən gündəmə gətirib. O, bunu bu dəfə parlamentin spikeri Ara Babloyanın vasitəsilə dilə gətirib. Babloyan jurnalistlərə açıqlamasında 2018-ci ilin aprel ayında hakim Ermənistan Respublika Partiyasının baş nazir məsələsini yenidən müzakirə edəcəyini bildirib. "Aprel ayına qədər yaşayaq, yeni sədri seçərik"-spiker belə deyib.

Xatırladaq ki, 2018-ci ilin aprel ayında Serj Sarkisyanın prezidentlik müddəti başa çatır. O, iki dəfə prezident seçildiyi üçün konstitusiyaya görə yenidən namizədliyini irəli sürə bilməz. 2017-ci ilin aprel ayında konstitusiyaya edilmiş əlavə və dəyişiklikliyə əsasən Ermənistan parlamentar sistemə keçib. Sarkisyandan sonra prezidenti parlament bir dəfə olmaqla 7 il müddətinə seçəcək. Yeni prezidentin səlahiyyətləri isə çox məhdud olacaq. Hökumət daha geniş funksiyaya malik olacaq. Ali icra hakimiyyətinin rəhbəri isə baş nazir sayılacaq. Lakin S.Sarkisyanın prezidentlik müddəti hələ başa çatmadığından konstitusiyanın yeni tələbləri tam qüvvəyə minməyib. 2018-ci ildə yeni prezidentin seçilməsi ilə paralel olaraq yeni hökumət də formalaşacağı gözlənilir. Bu baxımdan, Serj Sarkisyan dövlət başçısı kimi vəzifəsini təhvil verdikdən sonra təqaüdə getmək niyyətində görünmür.
Prezidentin gələn il baş nazir postuna yiyələnməklə hakimiyyəti yenidən əlində saxlamaq planları barədə söhbət xeyli vaxtdır dolaşır. Lakin baş nazir Karen Karapetyanın da öz kürsüsünü Serj Sarkisyana könüllü təhvil verəcəyi inandırıcı sayılmır.

Çünki Karapetyan siyasi reytinqinə görə Sarkisyandan daha nüfuzlu şəxs hesab edilir. İkincisi, S.Sarkisyan parlament seçkilərində namizəd kimi iştirak etməyib. Hazırda prezidentin yeganə ümidi hakim partiyaya sədrlik etməsidir. Serj Sarkisyan sədrlik postundan partiya üzvlərinə təsir etməklə K.Karapetyanı istefaya göndərəcəyini və beləliklə baş nazir kürsüsünə sahib çıxacağını düşünür. Ermənistan konstitusiyası hökumət başçısının parlamentdə seçilməsini nəzərdə tutduğu halda, onun hakim partiya daxilində əlavə müzakirəyə çıxarılması həm siyasi, həm də hüquqi mübahisələrə yol aça bilər. Bunu Ara Babloyanın sözlərindən görmək mümkündür.
"Baş nazir məsələsi Respublika Partiyası daxilində müzakirəyə çıxarılacaqmı" sualına spiker "Bu məsələ aprel ayında müzakirə olunacaq"-cavabını verməklə kifayətlənib.

Həmçinin, hakim partiya daxilində bir neçə siyasi qruplaşma var ki, onların da hamısının dəstəyini almaq hər bir namizəd üçün asan olmayacaq. Sadəcə, məlum olan budur ki, rəqabət K.Karapetyanla S.Sarkisyan arasında gedəcək.

Hazırda Karapetyan qələbəyə daha şanslı görünür. Əgər hazırkı baş nazir qalib gələrsə, o zaman S.Sarkisyana yaxın olan kadrların yeni hökumətin tərkibində yer alacağı şübhə doğurur. Bu da növbəti qurultayda K.Karapetyanın özünün partiya sədrliyinə gedən yolunu aça bilər. Ona görə də aprel ayı yaxınlaşdıqca hakim elita daxilində siyasi ziddiyyətlərin artacağı ehtimalı böyükdür.

Serj Sarkisyan iyul ayında "Armenia" telekanalına müsahibəsində bu barədə suala qeyri-müəyyən cavab verib: "Parlamentdə çoxluq təşkil edən partiyanın namizədi də baş nazir olacaq".

"Mən gələcək fəaliyyətimin necə olacağı haqda düşünmədiyimi dəfələrlə demişəm. İndi də belə düşünməkdə davam edirəm. Hələ vaxta çox var. Bu kifayət deyil? Ölkəmizdə siyasi proses-seçkilər baş verib. Ölkəmiz parlament üsul-idarəsinə keçib. Parlamentdə çoxluq var və onlar öz namizədini baş nazir seçəcək. Əlbəttə, şəxsiyyətdən çox şey asılıdır, amma Ermənistan hakimiyyəti artıq şəxsiyyət ətrafında qurulmur"-Sarkisyan belə deyib.
Ermənistan Respublika Partiyasının sədr müavini, hazırkı baş nazir K.Karapetyan da hələlik gələcək karyerası barədə açıq danışmaqdan yayınır: "2018-ci il gəlsin, danışarıq. Mən baş nazir olacam, ya yox. Bu məsələ sizi daha çox narahat edir. Bu, aydındır. İrəli gedirik. Əgər mənə ehtiyac olmayacaqsa, deməli bu baş verməyəcək. Əgər biz səmərəli işləsək, bu suala cavab vermək olar"-deyə Karapetyan bildirmişdi. (Cebhe.info)
Tarix: 4-09-2017, 21:17
Xəbəri paylaş





Xəbər lenti