Rusiya-ABŞ gərginliyi pik həddə

Rusiya-ABŞ gərginliyi pik həddə Prezident Tramp yox, Klinton olsaydı...

Rusiya-ABŞ münasibətləri prezidentlərin bir-birinin ünvanına aşağılayıcı ifadələr işlətməsi, ələ salması səviyyəsinə qədər gərginləşib. Donald Tramp prezident seçiləcəyi halda ABŞ-Rusiya münasibətlərinin düzələcəyinə dair prezident seçkilərindən öncə olan ümidlər artıq tamamilə puç olub. İndi belə iddialar səslənir ki, Hillari Klinton prezident olsaydı bəlkə də vəziyyət bu qədər gərgin həddə çatmayacaqdı. Lakin bu iddiaların əksini də söyləyənlər var.

Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiya ilə ABŞ arasında münasibətlərin gərginləşməsinin hazırkı səviyyəyə gəlib çatması tək Trampla bağlı olan məsələ deyil. Bu, öncəki prezidentlərin, xüsusilə Barak Obamanın vaxtından iki dövlət arasında olan münasibətlərin məntiqi nəticəsidir: “Xatırlayırsınızsa, ABŞ-da seçkiöncəsi Rusiya KİV-ləri və rəsmiləri Trampın qalib gələcəyi halda münasibətlərin düzələcəyini deyirdilər. Həqiqətən də seçki kampaniyasına qədər, hətta kampaniya dövründə Tramp Rusiya ilə bağlı isti fikirlər söyləyirdi. Amma sonradan baş verən hadisələr göstərdi ki, ABŞ-da hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq öncədən cızılmış dövlət siyasəti çərçivəsindən kənar fəaliyyət mümkün deyil. Əslində bu, dövlət və milli təhlükəsizliyi qaranta aldığı üçün qibtə olunası bir məsələdir. Əgər Klinton prezident seçilsəydi də ümumilikdə heç nə dəyişməyəcəkdi. Ola bilsin ki, fərqli danışıq ritorikası olacaqdı, amma Rusiya-ABŞ münasibətlərinin indiki mərhələdə gərginliyi hədəfə çatana qədər artan xətt üzrə davam edəcəkdi”.

Bəs iki nəhəng dövlət arasında gərginliyin getdikcə artması Azərbaycana və Rusiyanın qonşuluğunda olan digər respublikalara necə təsir edə bilər?

Ekspertlər hesab edir ki, ABŞ-Rusiya gərginliyinin artması postsovet məkanında qərbyönlü siyasət yeridən və bu istiqamətdə strateji seçim etmiş Ukrayna, Gürcüstan kimi ölkələr üçün yeni imkanlar açır. Tramp seçildikdən sonra belə düşünənlər var idi ki, o, Ukrayna və Gürcüstanı “satacaq” və postsovet məkanını Rusiyanın nüfuz dairəsi kimi tanıyacaq. Artıq bəlli olur ki, belə bir şey baş verməyəcək. Əksinə, ABŞ Gürcüstanın NATO-ya üzvlük prosesinə daha çox dəstək verməkdədir və bu prosesin sürətlənməsini, Ukraynaya isə hərbi-siyasi dəstəyini daha da artırmasını gözləmək olar. Proseslərin Azərbaycana ciddi təsir edəcəyi gözlənilmir. Azərbaycan iki böyük güc arasında balans siyasətinə sadiqdir və heç kimin tərəfini tutmur.

Etibar SEYİDAĞA
Tarix: 7-09-2017, 08:47
Xəbəri paylaş





Xəbər lenti