Buddizmin “Bin Ladeni”- Aşina Virathu kimdir?

Buddizmin “Bin Ladeni”- Aşina Virathu kimdir? Myanmada müsəlman qırğınlara da indi o, rəhbərlik edir...

Budda təliminə inanan milyonlarla mömin, numerologiya elminə, müqəddəs həriflərə, rəqəmlərə, xülasə hər bir sirli rəmzə, əlamətə çox... həddən artıq çox inanırlar. Məhşər gününün əlamətlərini hər addımbaşında axtarıb tapırlar.


Buddistlərin müqəddəs saydığı Tibetdəki Kaylas dağı bu cür xəyallara, əfsanələrə tam münbit şərait yaradır. Əvvəla, bu dağ zirvəsinin hündürlüyü düz 6666 metrdir. Britaniyada yerləşən məşhur Stounhenc məbədindən bu qarlı dağ zirvəsini nə az, nə çox, düz 6666 km məsafə ayırır. “İncil”də isə “666" rəqəmləri məhz şeytana, məhşər gününə aid bir rəmzdir. Özünüz düşünün: bu müqayisələr möminlərin gözündə necə görünür indi?


Faşizmin özünə rəmz seçdiyi dördkünc svastika rəmzi də, yadda saxlayın, sırf buddist, Tibet mənşəlidir. Vaxtilə alman faşistləri bu parlaq simvolu məhz Tibetdən götürüb mənimsəyiblər.

Buddistlərin qədim kitablarında müsəlmanlar “mleçxa” adlanır. Barələrində görün bir hansı öncəgörmələr verilir: “Şambala, yaxud Aqarti adlı müqəddəs ünvanlardan Kalaçakra dövrünün 25-ci imperatoru doğacaq. O, divlərin əhatəsində hərəkətə keçərək mleçkalarla toqquşacaqdır. Amansız döyüşlər bir müddət davam edib, axırda onun tam qələbəsi ilə nəticələnəcək”.

Mərhum filosof Heydər Camalın vaxtilə mətbuata ötürdüyü bu məlumatlar son zamanlar öz təsdiqini tapır. Məsələn, uzaq Myanmada indi müsəlmanlar ilə buddistlər arasında qan su yerinə axmaqdadır.

Qarşıdurma sırf dini, mistik məzmunludur. Toqquşmaların əsl səbəbkarı da məlumdur- tanış olun bu şəxs məşhur buddist rahibi Aşina Virathudur. 2012-ci ilin iyun ayında Amerikanın nüfuzlu “TİME” nəşri bu islamafob buddist rahib barədə geniş məqalə nəşr edib. Müəllif-tanınmış ABŞ jurnalisti Hanna Biç bu Aşina Virathunun fotosunu yerləşdirib jurnalın üst qapağına. Altında şərh verib: Aşina Virathu. Myanmadakı buddist terrorunun canlı siması. Aşırı buddistlər antiislam əllərində bayraq ediblər".

***

Razılaşın, dünyanın bir çox ölkələrində müsəlmanlara münasibət axır zamanlar çox... lap çox sərtləşib. Əksər Qərb ölkələrində müsəlmanlar, yumşaq dillə desək, şübhə, basqı altındadırlar. Ancaq müsəlmanlara qarşı ən vəhşi nifrəti indi uzaq Myanma məmləkətindəki buddistlər sərgiləyir. Şiddəti, buddist ruhaniləri, ilk növbədə yasəmən rəngli rahiblər körükləyir. Başlarında kim dayanır? Yenə elə həmin Aşina Virathu.
Qarşıdurmanın bir suyu bizim “Nəsimi” filmini, hürufilər dövrünü xatırlatdı mənə. Yəni bu qanlı toqquşmaların numeroloji izahı, səbəbi də mövcuddur. Belə ki Myanmadakı müsəlmanlar kəlmeyi-şəhadətlərinin ilk cümləsini-"bilmillahü rəhman ül-rəhim" ifadəsini 786 rəqəmində şifrələyiblər. Müasir Myanmada bu 786 rəqəmi harada varsa, vəssalam, demək, orda müsəlman icması mövcuddur.
Qısası, müsəlmanların bu gizli şifroqrammı günlərin birində, dəqiq desək, 1997-ci ildə Myanmanın “Dövlət dini qurumlar idarəsi”ndə çalışan U Çjo Lvin adlı bir məmuru bərk həyəcanlandırır. O, qəti qərara gəlir ki, bəs müsəlmanlar Myanmanı işğal edirlər. Bəs “786" şifrəsinə qarşı ölkə öz numeroloji kodunu təbliğ etməlidir.



Tez bir zamanda o, bu məxfi kodu “969" şifrəqrammasında aşkarlayır. Bu şifrəni əks rəmz kimi qoyur müsəlmanların qarşısına. Sonrakı hadisələr başlayır bizim hürufilər dövrünü, Nəsimi fəlsəfəsini xatırlatmağa. Süjet, dönür ikinci ”Nəsimi" filminə. Bir tərəfdə qalır “786" rəmzi ətrafında birləşmiş yazıq-yetim müsəlmanlar. Buddistlər öz növbəsində ”969" rəmzi ətrafında sıx birləşirlər. Iddia edirlər ki, bəs guya 786-nın cəmi “21" rəqəmini verir. Bu rəqəm isə müsəlmanların 21 əsrdə bütün Myanmanı işğal etmək arzusundan xəbər verir guya.

Qısası, hürufilik bir növ dünyaya yenidən qayıdır. Başlayır öz Fəzlullah Nəimisinin axtarışına. Tezliklə belə bir Nəimi, ölkənin ikinci paytaxtı sayılan Mandalay şəhərində özü zühur edir. Deyir ki, bəs mən Aşina Virathuyam. Gəlmişəm sizi müsəlmanların işğalından xilas etməyə.
DOSYE: AŞİNA VİRATHU. 1968-ci ilin 10 iyul tarixində ölkənin ikinci böyük yaşayış mərkəzi sayılan Mandalayada dünyaya göz açıb. 14 yaşında ikən orta məktəbi öz razılığı əsasında tərk edərək gedib qoşulub səyyar buddist rahiblərinə.

Myanmada 500 mindən çox narıncı geyimli buddist rahibi var. Bu kütlədən seçilib diqqət mərkəzinə düşmək əvvəl çətin olur Aşinaya. Özünə layiq orijinal ideologiyanı Aşina axırda islamafob “969" hərəkatında tapır. Qərara gəlir cilovladığı bu köhlən atın belindən bir daha heç vaxt yerə enməsin.

Buddizmin “Bin Ladeni”- Aşina Virathu kimdir?

***

Myanma uzun illər hərbi diktatura şəraitində yaşayıb. Hərbi xunta burda heç kimə-nə buddist rahiblərinə, nə müsəlmanlara icazə vermirdi ölkənin ictimai həyatında fəal iştirak etsinlər. 2001-ci ildə əfqan taliblərin Əfqanistandakı Buddanın nəhəng heykəlini partlatması Myanma buddistlərini hərəkətə gətirir. Yaranmış siyasi canlanmadan Aşina Virathu sui-istifadə edir. Xalqın etirazını, qəzəbini yönləndirir müsəlmanlara qarşı. “969" hərəkatı məhz o zaman islamafob məzmun qazanır özünə. O vaxt da ”969" hərəkatının 3 əsas siyasi şüarını Aşina Virathu dövrü mətbuatda səsləndirir: 1. Müsəlman biznesmenlərlə əlaqələrinizi birdəfəlik kəsin. Müsəlman dükanlarından heç nə almayın özünüzə. 2. Buddistlərin müsəlmanlarla ailə qurmağı qəti yasaqdır. 3. Müsəlmanlarla bütün əlaqələrinizi ləğv edin. Hətta danışmayın belə öz aranızda.
Üzdə o, bu şüarları səsləndirir o vaxt. Daxilində isə özünü müsəlmanlarla son döyüşə çıxmış 25-ci Kalaçkara imperatoru sayır. Qərara gəlir ki, bütün qanuni-qanunsuz üsullarla hərəkətə keçib doğma vətəni Myanmanı “murdar” müsəlmanlardan birdəfəlik təmizləsin.

***

2001-ci ildə bu şüarlarla meydana atılan Aşina dini zəmində təxribat törətməkdə ittiham edilərək 25 il həbs cəzasına məhkum edilir. 2011-ci ildə ölkədə baş vermiş “zəfəran inqilabı” qazamatların qapısını açır. Narıncı libaslı buddist rahibi qiyafəsində qazamatdan çıxan Aşina qayıdır və yenə öz köhnə antiislamçı şüarlarına.

Buddizmin “Bin Ladeni”- Aşina Virathu kimdir?

Qərb demokratları İslamla müqayisədə buddizmi çox sevirlər. Myanma dissidenti Aun San Su Çji adlı fədakar bir qadına Qərb öz Nobel Sülh mükafatını verərkən sona qədər səmimi olmayıb. Fikir verməyib bu qadının islamafob hərəkətlərinə. İndi bu xarizmatik qadın Myanmada ölkə başçısıdır. İkinci Dünya müharibəsi zamanı bu xanımın doğma atası Aun San yaponların tərəfində ingilislərə qarşı vuruşub. Myanmadakı Britaniya ordusu o vaxt müsəlman muzdlularından ibarət imiş.

Qısası, Myanmadakı müsəlman-buddist qarşıdurması məhz o zamanın yadigarıdır. Səbəbkarı kimdi? - indiki ölkə başçısının atası!
***
Bu köhnə faşistlərin nəvələri Myanmada indi də öz irqçi, faşist şüarlarını səsləndirirlər. Hədəfləri aydındı kimdi - "rohinca" adlanan müsəlmanlar. Myanma dövləti bu müsəlmanlara vətəndaşlıq verməyə tələsmir hələ də. Ölkə daxilində hərəkətlərini məhdudlaşdırır. Ali savad anlayışı bu ölkədə müsəlmanlara aid deyil. Torpaqları vaxtaşırı müsadirəyə məruz qalır.

Buddizmin “Bin Ladeni”- Aşina Virathu kimdir?

Müsəlmanlar bu ölkədə ən yaxşı halda iki övlad yiyəsi ola bilərlər. Üçüncü övladlarını mütləq hələ ana bətnində özləri məhv etməlidirlər.

Yoxsa...

Yoxsa bu üçüncü uşağı Aşina Virathu yaraqlıları gecə gəlib elə beşiyindəcə boğacaq, valideynlərin ağlaşmasına qətiyyən fikir verməyəcəklər.
Ancaq müsəlmanları lap mağmın da bilməyin bu toqquşmalarda. Qətliamlara cavab olaraq müsəlmanlar Myanmada ARSA adlanan milli-azadlıq ordularını təşkil edirlər. Başlayırlar özünümüdafiəyə.

Ancaq bu, qarşıdurmanı daha də kəskinləşdirir. Hərbiçilər başlayırlar mülkü əhali sıralarından girov götürməyə. Xəbərdarlıq göndərirlər müsəlmanların ünvanına - bəs müqavimətinizi kəsməsəz, girovlarınızı divar dibinə düzüb bir-bir güllələyəcəyik.
2011-ci ildə hakimiyyətə yiyələnmiş prezident Teyn Seyn öz islamafobiyasını əsla gizləmir bu ölkədə. Açıqcasına deyir ki, müsəlmanları mələtmək, burdan bir başqa üçüncü ölkəyə sürgün etmək lazımdır.

***

Düzü, indi bu ölkədə it yiyəsini... üzr istəyirəm, hərbiçilər öz prezidentlərini tanımırlar. Şayiə gəzir-cəza tədbirləri icraçıları hərbiçilər deyil. Libasını dəyişmiş Aşina Virathu yaraqlılarıdırlar.

Cinayətlərin sorağı tezliklə bütün dünyaya yayılır. Dünya buddistlərini rəhbəri Dalay Lama üzdə Aşinadan öz əlini üzür guya...
Aşina Virathunun cinayətləri Qərbdə də cavabsız qalmır. Məşhur dokumentalist rejissor Barbet Şreder “Zati-aliləri V.” filmində öz kinokamerasını yönəldir Aşinanın üzərinə. Moizələrindəki, nitqlərindəki cinayətləri bitdə-bitdə qeydə alır. Filmdən bir neçə kadrı diqqətinizə çatdırıram: “Uşaqlarımız da bilsinlər. Müsəlmanlar bizim qəti düşmənlərimizdi. Sayca tez artırlar. Yaxşı təşkilatlanıblar. Məscidləri hərbi bazaları, təlim mərkəzlərini xarırladır mənə...”

Film boyu Aşina dəqiqəbaşı müsəlmanlara qaşı alçadıcı ifadələr işlədir. Müsəlmanlara istehza ilə “kalar” (gəlin bu təhqiri dilimizə tərcümə etməyək) deməkdən belə çəkinmir.

Buddizmin “Bin Ladeni”- Aşina Virathu kimdir?

Filmdə göstərilir ki, Myanmadakı müsəlman soyqırımına görə Nobel sülh mükafatı Aun San Su Çji də tam məsuliyyət daşıyır. Məhz bu “sülhsevər” qadının təkidi ilə müsəlmanlar Myanmada seçki hüququndan məhrumdurlar. Haqları hər addımbaşı pozulur. Hünərin var get bu qadına şikayət et. Anandan əmdiyin süd burnundan gələr.

***

Aşina Virathunun “İrqin məhvolma təhlükəsi” əsəri qonşu Şri Lankada, Hindistanda da geniş təbliğ olunur. Hiss olunur-kimsə, hansısa naməlum əl, buddistləri indi müsəlmanlara qarşı hücumlara təhrik edir. Dünya miqyasında bunun hansı nəticələrə gətirib çıxara biləcəyi indidən çoxlarını qorxudur.

2500 fanatik rahibi öz ətrafında birləşdirən Aşina Virathu həqiqətən bir Allah bəlasıdır müsəlmanlar üçün. 2012-ci ildə nüfuzlu “TİME” dərgisində çap edilmiş məşhur fotosuna baxsan heç deməzsən qarşındakı çox təhlükəli canidi. Dərginin bu sayı Myanmada yasaq edilsə də, nə olsun? Aşina bundan sonra dünyada lap məşhurlaşıb. İndi dünyada ona “buddizmin bin Ladeni” deyirlər.
Bir bin Ladendən canımızı təzəcə qurtarmışıq. İkincisindən də, inşallah, birtəhər canımızı qurtararıq.

Həmid HERİSÇİ
Tarix: 13-09-2017, 10:15
Xəbəri paylaş





Xəbər lenti