Saakaşvili Ukrayna prezidentliyi yolunda

Saakaşvili Ukrayna prezidentliyi yolunda Elxan Şahinoğlu: “Hətta silahlı batalyonlar içərisində Saakaşviliyə dəstək vermək istəyənlər var...”

Dünya gündəminin son günlərinin əsas qəhrəmanı Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilidir. Onun sentyabrın 10-u gecəsi zorla girişi yasaq edilən Ukraynaya daxil olması ilə bağlı gedən müzakirələr getdikcə qızışır.

Hazırda onun ətrafında gedən əsas söz-söhbətlər həbs olunma ehtimalları və Ukrayna prezidentliyi uğrundakı mübarizədə qalib gəlib-gəlməyəcəyi ilə bağlı məsələlərdir. İstənilən halda gedən müzakirələrdə Saakaşviliyə olan rəğbət açıq şəkildə özünü büruzə verir. Doğrudur, onun hüquqşünas kimi beynəlxalq hüquq normalarını pozduğu, amma bununla belə, cəsarətli addım atdığı vurğulanır.


Saakaşvilinin özünü təhlükəyə ataraq, Ukraynaya dönməsi ona hansı üstünlükləri verdi?

Politoloq Elxan Şahinoğlu Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsinin yanlış olduğunu bildirdi: “Poroşenko Saakaşvilini vətəndaşlıqdan məhrum etməklə yanlışlığa yol verdi. Poroşenko bu qərarı ABŞ-a rəsmi səfəri zamanı verdi. Ukrayna prezidenti düşünürdü ki, əgər Vaşinqton bu prosesə mane olmayacaqsa, Saakaşvili problemini həll etmək asan olacaq. Doğrudur, Barak Obama administrasiyasından fərqli olaraq Donald Tramp administrasiyasını Mixail Saakaşvili və onun problemləri az maraqlandırırdı. Ancaq Poroşenko Vaşinqtonun icazəsini alarkən Saakaşvili fenomeninin özünü doğru-dürüst proqnozlaşdıra bilmədi və oturduğu yerdə başına iş açdı. Mixail Saakaşvili Odessa qubernatorluğundan uzaqlaşdırıldıqdan sonra Poroşenkoya qarşı müxalifətə keçdi və Kiyevdə hərəkat yaratdı. Ancaq Saaklaşvilinin və onun hərəkatının elə böyük reytinqi yox idi və Gürcüstanın keçmiş prezidenti gələcək parlament və prezident seçkisində kifayət qədər səs toplaya bilməyəcəkdi. Ukrayna Gürcüstan deyil ki, ukraynalılar başqa millətin nümayəndəsinin prezidentliyə yolunu açsın. Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etməklə bəlkə də düşündüyünün əksi ilə üzləşdi. Poroşenko düşünürdü ki, Saakaşvilini vətəndaşlıqdan məhrum etməklə onu Ukrayna siyasətindən siləcək və Saakaşvili Gürcüstana gedə bilmədiyi kimi Ukraynaya da geri qayıtmayacaq və Qərb ölkələrinin birində qərar tutaraq, ömrünü pedaqoji fəaliyyətə həsr edəcək. Ancaq görünür, Poroşenko Saakaşvilini yaxşı tanımayıb.

Saakaşvili əsl siyasətçi kimi mübarizədən çəkinmədi, həbsdən qorxmayaraq Ukraynaya geri qayıtdı və Poroşenkonun planlarını pozdu. Saakaşvili vəd etdiyi kimi Ukrayna sərhədini keçdi. Bu, Poroşenkonun imicinə ciddi zərbə oldu. İndi Poroşenko ciddi dilemma qarşısındadır. Saakaşvilini sərbəst buraxsalar, o, Kiyevə gedərək, Poroşenkonun əsas rəqibi Yuliya Timoşenko ilə siyasi blok formalaşdıracaq. Həbsinə qərar versə, Ukraynada növbəti çalxalanma dövrü başlayacaq ki, nəticəsini əvvəlcədən kimsə proqnozlaşdıra bilməz. Bir sözlə, Saakaşvili Poroşenkonun planlarını pozdu. Poroşenko parlamentdəki son çıxışında özü də etiraf etdi ki, islahatlar yerində sayır. Saakaşviliyə də elə bu lazımdır. O, Ukraynada qaldığı hər gün Poroşenkonun siyasətini faktlarla sərt tənqid edəcək. Saakaşvili Ukraynanı şəhər-şəhər gəzib indiki hakimiyyət əleyhinə təbliğat aparmaq istəyir. Bu işdə ona Poroşenkoya rəqib olan bütün güclər kömək edəcək. Hətta silahlı batalyonlar içərisində Saakaşviliyə dəstək vermək istəyənlər var. Bu o deməkdir ki, Poroşenkonun keçmişdə bütün batalyonları Müdafiə Nazirliyinə tabe etdirmək siyasəti uğur qazanmayıb”.

Politoloq Saakaşvilinin prezidentlik uğrundakı əsas rəqibindən də söz açdı: “Saakaşvilini əsas rəqibi daxili işlər naziri Arsen Avakov üçün də ağır günlər başlayır. Əgər o, Saakaşvilini neytrallaşdırmaq istəsə və ya ona qarşı hər hansı sui-qəsd hazırlasa, bu, Avakova baha başa gələcək. Mən Kiyevə səfərlərim zamanı müxtəlif batalyonlarda xidmət edən millətçi qrupların nümayəndələri ilə görüşüb, onların Avakov barədə fikirlərini öyrənirdim. Onlara kiçik bəhanə lazımdır ki, Avakovu Ukrayna siyasətindən silsinlər. Əlbəttə, Saakaşvilinin Ukraynada prezident seçilmək şansı azdır. Ancaq o, öz fəaliyyəti ilə Poroşenkoya çox başağrısı yaradacaq və Saakaşvili bu fəaliyyəti ilə Ukrayna prezidentinin gələcək seçkilərdə mümkün rəqibinin imkanlarını gücləndirəcək. Təəssüf ki, hazırda bu qarışıqlıqdan Kreml yararlanmağa çalışır. Həm Poroşenko, həm də Saakaşvili Kremlin əsas düşmənləridir. Buna baxmayaraq, Kreml iki düşməninin qovğasından siyasi qazanc əldə etməyin planları üzərində işləyir. Ona görə də Saakaşvili anlamalıdır ki, Ukraynada növbəti inqilab Rusiyanın işinə yarayacaq və qırmızı cizgini keçmək olmaz”.

Cavanşir ABBASLI
Tarix: 13-09-2017, 10:48
Xəbəri paylaş





Xəbər lenti