İraqda İŞİD terrorçularının minlərlə arvadı əsir saxlanılır –Aralarında azərbaycanlı qadınlar da var

İraqda İŞİD terrorçularının minlərlə arvadı əsir saxlanılır –Aralarında azərbaycanlı qadınlar da var İŞİD döyüşçüləri olduqları güman edilən şəxslərin ailə üzvü olan 1400 əcnəbi qadın və uşaq hazırda İraqda saxlanır.

BBC-nin məlumatına görə, bu barədə Britaniyanın "The Independent" qəzeti yazıb.

Məqalədə deyilir ki, hökumət qoşunları özünü İŞİD adlandıran təşkilatın döyüşçülərini ölkənin əksər ərazilərindən təmizləyəndən sonra onların ailə üzvlərinin öz vətənlərinə göndərilməsi planlaşdırılır və hökumət onların hansı ölkələrdən olduqlarını müəyyənləşdirməklə məşğuldur.

İraq hökumət qoşunları tərəfindən saxlanan qadın və uşaqların əksəriyyətinin Türkiyədən olduğu bildirilir. “Lakin onların arasında keçmiş Sovet respublikaları olan Tacikistan, Azərbaycan və Rusiyadan gələnlər də var” –deyə, İraq ordusu və kəşfiyyatının rəsmiləri bildiriblər.

Qadınlar və uşaqlar Mosul şəhərindən cənubdakı düşərgədə saxlanır. Onların əksəriyyəti avqustun 30-dan buradadır. Həmin gün hökumət qoşunları Mosulun İŞİD-dən azad edilməsini başa çatdırıblar. Hazırda bu qadın və uşaqların hansı ölkələrdən olduqları araşdırılır. Belə ki, onların əksəriyyətinin şəxsi sənədləri yoxdur.

Humanitar yardım rəsmilərindən biri deyib ki, bu, İraq qoşunları tərəfindən saxlanan ən böyük əcnəbi əsir dəstəsidir.

"Biz İŞİD ailələrini sərt təhlükəsizlik şəraitində saxlayırıq və onlar barədə hökumətin sərəncamlarını gözləyirik" – deyə Mosulun Ninəva əməliyyatı ordusunun polkovniki Əhmət ət-Taye vurğulayıb: "Biz onlarla yaxşı davranırıq. Bunlar məsum insanları soyuqqanlıqla qətlə yetirmiş qəddar cinayətkarların ailə üzvlərdir, lakin biz onları dindirəndən sonra başa düşdük ki, bu qadınların əksəriyyəti İŞİD təbliğatı nəticəsində aldadılıb".

"Reuters" agentliyinin müxbirləri yüzlərlə qadın və uşağın "hərbiləşdirilmiş ərazidə" qurulmuş kondisionersiz çadırlarda yaşadığının şahidi olublar. Müxbirlər deyirlər ki, buradakılar əsasən türk, fransız və rusca danışırlar. "Mən Fransaya getmək istəyirəm, amma bilmirəm bunu necə etmək olar" – deyə əslən çeçen olan bir qadın soruşub. O, əvvəllər Parisdə yaşadığını bildirib. Qadın onu İraqa gətirmiş ərinin taleyi haqqında heç nə bilmir.

Bu arada İraq təhlükəsizlik rəsmiləri bildiriblər ki, qadınlar və uşaqların əksəriyyəti şimaldalkı Telafar şəhəri yaxınlığında kürd peşmərgə qüvvələrinə təslim olublar. Kürdlər qadın və uşaqları İraq hökumət qoşunlarına təhvil versələr də, kişiləri saxlayıblar. Kişilərin, demək olar, hamısı keçmiş İŞİD döyüşçüləridir.

Əksər cihadçı ailələri İraq qoşunları Mosulu zəbt edərkən Telafara qaçmışdılar. İraqın Daxili İşlər Nazirliyi bəyan edib ki, bu qadın və uşaqların vətəni olan ölkələrin səfirlikləri ilə əlaqə yaradılmasına çalışılır.

"Biz bu qədər adamı burda çox saxlaya bilmərik" – deyə nazirliyin sözçüsü qeyd edib. Polkovnik-leytenant Salah Kərim deyib ki, qadınlar və uşaqlar azı 13 ölkəni təmsil edirlər.

541 qadın və uşağa yardım göstərən Norveç Qaçqınlar Şurası bildirir ki, İraq bu adamların gələcək taleyinə tez bir zamanda aydınlıq gətirməlidir.

"The Independent" yazır ki, Qərb hökumətləri öz vətəndaşları olan radikallaşmış İŞİD döyüşçüləri və onların ailələrinin qayıtmasından narahatlıq keçirirlər. Məsələn, Fransa bildirib ki, özünün İŞİD-lə bağlı olan vətəndaşlarının İraqda mühakimə edilməsinə üstünlük verərdi. "Əsas fəlsəfə bundan ibarətdir ki, yetkin yaşlı adamlar İraqda mühakimə olunsunlar. Biz düşünürük ki, uşaqlar Fransanın ədliyyə və sosial xidmətlərindən istifadə edə bilərlər"- deyə bir Fransa diplomatı "Reuters" agentliyinə bildirib.

BBC
Tarix: 14-09-2017, 07:18
Xəbəri paylaş





Xəbər lenti