Müttəfiqlər arasında silah BÖHRANI

Müttəfiqlər arasında silah BÖHRANI Almaniyanın xarici işlər naziri Siqmar Qabriyel Türkiyə silah satışının böyük hissəsinin dayandırıldığını açıqlayıb. “Cümhuriyət” qəzeti BBC-yə istinadən xəbər verir ki, alman nazir artıq Türkiyənin silahla bağlı tələblərindən imtina edildiyini bildirib. “Röyters” Almaniya hökumətinin qərarını Türkiyədə insan haqları və demokratiyanın vəziyyətinin pisləşməsi ilə əlaqələndirib.

Qeyd edək ki, silah satışının dayandırılmasından bir neçə gün əvvəl Almaniya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Martin Şaffer Türkiyədə iki alman vətəndaşının polis tərəfindən saxlanıldığını açıqlamışdı. Bundan sonra iqtidardakı koalisiyaya daxil olan Sosial Demokratlar Partiyasının (SDP) keçmiş lideri olan Siqmar Qabriyel hansısa NATO üzvünün tələbi ilə Türkiyəyə silah satışını bərpa edə biləcəklərini, amma indiki vəziyyətdə bunun mümkün olmadığını deyib.

Silahların pulunu alan almanlardan türklərə tərs üz

Qeyd edək ki, Almaniya - Türkiyə münasibətləri fətullahçı terror təşkilatı FETÖ-nün keçən ilin iyulun 15-də dövlət çevrilişi cəhdindən sonra pisləşib. Türkiyə Almaniyanı FETÖ üzvlərinə sığınacaq verməkdə ittiham etdiyi halda, rəsmi Berlin Ankaradan həbs edilmiş alman vətəndaşlar və siyasi məhbusları azad etməyi tələb edir. Üstəgəl, hakim Ədalət və İnkişaf Partiyasına (AKP) bu ilin aprel ayında keçirilmiş referendumla bağlı Almaniyada təbliğat kampaniyası təşkil etməsinə icazə verməyən alman hökuməti bununla münasibətləri qırılma nöqtəsinə gətirmişdi. Almanların türklərə silah satmaqdan imtina etməsi də bu böhranla əlaqələndirilir. Halbuki avqust ayında Almaniya və Türkiyə arasında gərginliyə rəğmən silah satışının davam etdiyi iddia edilmişdi. Bildirilirdi ki, il ərzində Almaniyanın silah istehsalı ilə məşğul olan şirkətlərindən Türkiyəyə 5 milyon 600 min avro dəyərində silah satışı həyata keçirilib. Türkiyənin İqtisadiyyat Nazirliyindən verilən açıqlamaya görə, bu vəziyyət gərginləşmədən əvvəl satışına icazə verilən silahlardır. Onu da qeyd edək ki, Almaniya 2015-cı ildə Türkiyəyə 26 milyon 500 min avro , 2016-cı ildə isə 49 milyon avro dəyərində silah satıb.

Merkeldən etiraz

Almaniya kansleri Angela Merkel NATO müttəfiqi olan Türkiyəyə silah satışının birdəfəlik dayandırılmasının əleyhinə olduğunu açıqlayıb. Merkel Türkiyəyə qarşı sərt xəbərdarlığın əleyhinə olduğunu da bildirib.

Türkiyənin Avropa İttifaqı naziri Faruk Çelik də Almaniyanın qərarına sərt şəkildə etiraz edib: “Silah satışının dayandırılması Türkiyəni terrorizmlə mübarizədə zəiflətməkdir. Artıq İŞİD və PKK kimi terror təşkilatları Avropanın paytaxt şərhərlərində rahat şəkildə dolaşırlar. Bu yaddan çıxarılmamalıdır. Biz terrorizmlə mübarizədə öz sərhədlərimizi qoruyuruq. Eyni zamanda Avropa sərhədlərini də mühafizə edirik və təhlükəsizliyini təmin etməyə çalışırıq. Əlbəttə, belə bir vəziyyətdə Almaniya silah satışını dayandırmaqla bizi terror təşkilatları qarşısında zəiflətməyə cəhd edir”.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da Almaniyaya etiraz edənlər arasındadır. Merkelin məsələ ilə bağlı açıqlamasında dəstək verən Çavuşoğlu deyib ki, Almaniyanın silahlarına ehtiyacları yoxdur.

Münasibətlərdə yeni dönəm

Almaniyanın qərarı Türkiyədə sərt reaksiya ilə qarşılanıb. Bu ölkə ilə münasibətlərə yenidən baxılmaq perspektivi yaradan qərarın həmçinin Türkiyə - NATO münasibətlərinə də mənfi təsir edəcəyi müzakirəyə çıxarılıb. Türkiyənin bundan sonra Avropa İttifaqı və NATO-dan tamamilə imtina edəcəyi ehtimalı da istisna edilmir.



Politoloq Əli Orucov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Türkiyə və Almaniya arasında gərginliyin yüksəlməsi xoşagələn hal deyil. Politoloq hesab edir ki, bu gərginliyi Avropa İttifaqı da narahatlıqla izləyir: “Əslində bu silah satışı daha çox Almaniyaya lazımdır. Çünki Türkiyə nə qədər güclü olsa, bu, Avropanın təhlükəsizliyi üçün də qarantiya olardı. Məlumdur ki, Yaxın Şərq terrorizmin mərkəzinə çevrilib və Avropaya da əsas təhlükə buradan gəlir. Bütün bu təhlükələrin qarşısını da Türkiyə alır. Əslində bu gün silah bazarı ABŞ və Rusiyanın əlindədir. Yəni, Almaniya silah satışını dayandırsa, bu, Türkiyə üçün o qədər ciddi problem yaratmayacaq. Artıq Rusiya ilə milyonlarla dollar dəyərində silah sazişi imzalanıb. “S 400”-lərin Türkiyəyə verilməsi, adi bir məsələ deyil. Türkiyənin özünün də müasir hərbi sənaye kompleksi var. Hər halda qırılma nöqtələri var və inanmıram ki, bu nöqtələr münasibətlərə yenidən baxılmasına və Türkiyənin NATO-dan imtinasına gətirib çıxaracaq. Xüsusilə də dünyanın qütbləşməsinə getdiyi vaxtda Türkiyənin dayandığı tərəf ağırlıq mərkəzi olacaq. Buna görə də Türkiyə NATO-ya lazımdır. Buna görə də gərginliyin münasibətləri qıracağına inanmıram”.

Mənsur
Tarix: 15-09-2017, 20:31
Xəbəri paylaş





Xəbər lenti