Hakimiyyət dəyişikliyinə hazırlıq: Həbslər, müəmmalı ölümlər… - KRAL SARAYINDA ÇAXNAŞMA

Hakimiyyət dəyişikliyinə hazırlıq: Həbslər, müəmmalı ölümlər… - KRAL SARAYINDA ÇAXNAŞMA Səudiyyə Ərəbistanında hakimiyyət dəyişikliyinə hazırlıq gedir. Kral Salman bin Əbdüəlziz əs-Səudun öz vəzifəsini oğlu Məhəmmədə ötürərək istefa verəcəyinə dair xəbərlər yayılır. Son günlər hakim sülalə üzvləri və onlara yaxın şəxslər arasında həyata keçirilən kütləvi həbslər də məhz yeni krala etiraz edəcək potensial rəqibləri zərərsizləşdirmək məqsədi daşıyır. Həbs olunanlar arasında Salman əl-Əudə, Əudə əl-Qarni və Əli əl-Əmri kimi nüfuzlu ilahiyyatçılar da var.

Salman əl-Əudə Qətərdəki “Müsəlman qardaşları” hərəkatına yaxınlığı ilə seçilən “Oyanış” hərəkatına dəstək verir. Adları çəkilən şəxslər Kral Salmanın Qətərə qarşı diplomatik sanksiyalarını açıq şəkildə tənqid etmişdilər. İnsan haqları təşkilatlarının “Əl-Cəzirə” telekanalına verdiyi açıqlamaya görə, Səudiyyə Ərəbistanının rəhbərliyi ilk növbədə, KİV-ləri və din xadimlərini hədəfə alıb. Hakim elitanın 16 üzvünün həbs edildiyinə dair xəbərlər var. Artıq jurnalist Fəhdə əl-Sunaydi, Şeyx Yusuf əl-Əhməd, Şeyx Muhəmməd əl-Həbdən, Məkkə qubernatoru Əbda bin Əbidə əl-Hərisinin müşaviri Muhəmməd əl-Hudeyri, Ciddə məscidinin imam-xətibi İbrahim əl-Hərisi, xətiblər İbrahim əl-Faresa, Hurema əl-Bayşi və şair Ziyəd bin Bəhit həbs edilib.

Lakin Səudiyyə Ərəbistanının hakimiyyət orqanları indiyə qədər həbslərin səbəbi barədə hər hansı məlumat verməyib. Ona görə də krallığın rəsmiləri kralın istefaya gedərək hakimiyyəti ölkənin siyasi, iqtisadi və diplomatik sahələrində hakim mövqeyə malik olan oğlu Məhəmməd bin Salmana ötürəcəyi barədə xəbərləri inkar edir. Qeyd edək ki, Kral taxt-tacının I vəliəhdi olan Məhəmməd bin Salman hazırda ölkənin daxili siyasətinin müəyyənləşməsində əsas rol oynayır.

Siyasi ekspertlərin fikrincə, söhbət heç də hakimiyyət uğrunda mübarizədən getmir. Məsələ ölkənin gələcəyi ilə bağlıdır. Məhəmməd bin Salmanın hakimiyyət başına gələcəyi təqdirdə ölkədə bir sıra islahatlara başlayacağına dair məlumatlar var. Ancaq dini liderlər birbaşa siyasətə qarışmasa da islahatların əleyhinə çıxır. Ona görə də Kral Salman bin Əbdüləziz Əs-Səud din xadimlərini həbs etdirməklə həm siyasi varisə qarşı çıxanları kənarlaşdırmağa, həm də islahatlara yol açmağa çalışır.

Məhəmməd bin Salmanın kral taxtına əyləşməsindən sonra Səudiyyə Ərəbistanının siyasi, iqtisadi və sosial sahələrdə “2030-a Baxış” islahatlar proqramının icrasına başlaması gözlənilir. Bu islahatlar həm də ortodoksal islamçı ənənələrin hakim olduğu Səudiyyə Ərəbistanında üstünlük təşkil edən bir sıra dini qanunların və qadağaların aradan qaldırılmasını, dünyəvi dəyərlərin tanınmasını nəzərdə tutur.

Məhəmməd bin Salmanın proqramına Səudiyyə Ərəbistanı iqtisadiyyatının və təhsilə ayrılan xərclərin neftin qitmətindən asılılığını aradan qaldırmaq, nüvə reaktorları inşa etmək də daxildir. Bildirilir ki, təkliflər planının əhatə etdiyi sahələrdə maliyyə sektorunda islahatlar, özəlləşdirmə və vətəndaş quruculuğu məsələləri yer alıb. Eyni zamanda, 2018-ci ilədək "Saudi Aramico" dövlət neft şirkətinin 5% -ni özəlləşdirmək planları dəyişməz olaraq qalır. Kral Salman və vəliəhd Məhəmməd neft gəlirlərindən asılı olan ənənəvi iqtisadi kursdan imtina etmək qərarına gəliblər. Məhəmməd bin Salman müasir texnologiyalara əsaslanaraq iqtisadiyyatın diversifikasiyasını həyata keçirmək istəyir. Analitiklərin rəyinə görə, Məhəmməd bin Salmanın “yenidənqurma” siyasəti daha çox gənclərin diqqətini cəlb edəcək. Bu baxımdan Səudiyyə Ərəbistanı gənclərinin 92 faizi onun modernləşmə təklifini dəstəkləyə bilər. Eyni zamanda, radikal dini qüvvələr də ölkənin siyasi həyatına güclü təsirini hələ qoruyub saxlayır. Ona görə də sözügedən dəyişikliyi reallaşdırmaq ilkin mərhələdə asan olmayacaq. Gənc kralın müqavimətlə üzləşəcəyi istisna olunmur.

Vəziyyəti təhlil edən “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, yaşlı kral Salman bin Əbdüləzizi siyasi varislik ənənəsinə görə qardaşı əvəz etməlidir. Ancaq dövlət başçısı gözlənilməz addım ataraq hakimiyyəti oğluna ötürmək qərarına gəlib:

“Məhəmməd bin Salman çox fəal siyasətçi hesab edilir. Hətta Səudiyyə Ərəbistanının Yəməndə apardığı hərbi əməliyyatlara da hazırkı vəliəhdin rəhbərlik etdiyi bildirilir. Donald Trampın prezident seçilməsindən sonra Məhəmməd bin Salmanın Ağ Evə səfəri və ABŞ-da rəsmilərlə apardığı danışıqlar Səudiyyə Ərəbistanındakı islahatlara hazırlıq üçün bir siqnal idi. Qeyd edim ki, ABŞ-ın “Böyük Orta Doğu” layihəsinə qoşulan dövlətlərdən biri kimi Səudiyyə Ərəbistanı da müəyyən öhdəliklər götürüb. Həmin öhdəliklər insan haqlarının bərpası, qadınların azadlığının təmin edilməsi, söz və mətbuat azadlığının bərqərar olması və digər demokratik prinsipləri nəzərdə tutur. Amma sonralar “Böyük Orta Şərq” layihəsi çərçivəsində ərəb ölkələrində baş vermiş hadisələr vəziyyəti fərqli şəkildə təqdim etdi. Məlum oldu ki, “Ərəb baharı” heç də sırf demokratik proseslərlə əlaqədar deyil. Orada başqa çalarlar da var. Səudiyyə Ərəbistanı dövləti də yarandığı gündən indiyə qədər ictimai məsələlərlə əlaqədar heç zaman islahat aparmayıb. Qadınların parlamentdə təmsil olunmasına, avtomobil sürməsinə qanunla qadağa qoyulub. Yalnız bu il ilk dəfə olaraq, qadınların bələdiyyələrdə namizədliyini irəli sürməsinə kvota tətbiq etməklə icazə verildi. Bütün bu islahatları aparmaq üçün Səudiyyə Ərəbistanına müasir dünyagörüşünə malik yeni lider lazımdır. 80 yaşlı kral Salmanın isə buna enerjisi və siyasi gücü çatmır. Amma Məhəmməd bin Salman gənc kral kimi yeni komanda ilə bu dəyişikliyi etməyi bacarar. O, ölkəni daxili ziddiyyətlərdən, böhrandan qoruya bilər. Məsələn, “Ərəb baharı” zamanı Mərakeşdə də inqilab küləyi əsdi. Ancaq Mərakeş kralı IV Məhəmməd ölkədə konstitusiya islahatı apardı. Nəticədə Mərakeş Tunisin, Misirin, Suriyanın, Liviyanın taleyini yaşamadı. Yəni Yəməndə, Bəhreyndə baş verən hadisələr də göstərdi ki, qonşuluqda od var və onun alovu bir gün Səudiyyə Ərəbistanına yayıla bilər. Ağıllı dövlət başçıları ölkəni bu təhlükədən xilas edə bilər. Bu islahatı isə yeni kral və onun komandası həyata keçirə bilər. Məsələn, Suriyada Hafiz Əsəd öləndən sonra Qərb Bəşər Əsədə islahat həyata keçirməyi təklif etdi. Buna baxmayaraq, Bəşər Əsəd atasından qalma komanda ilə hakimiyyəti idarə etdi. Nəticədə Suriyanın taleyi göz önündədir və gələcəkdə hansı duruma düşəcəyi də bilinmir. Əgər Səudiyyə Ərəbistanında razılaşdırılmış məxməri inqilab baş verərsə, bu müsbət dəyişikliklərə gətirib çıxara bilər. Hesab edirəm ki, Səudiyyə Ərəbistanda islahatlar yolu ilə demokratikləşmə istiqamətində doğru yolu seçmək imkanındadır ”.

“Gənc krala sui-qəsd ola bilər”

Sədrəddin Soltan Məhəmməd bin Salmanın hakimiyyətinə qarşı çıxanların olacağını istisna etmədi. Hətta bu müqavimət qiyam şəklində də baş verə bilər: “Kral ailəsinin 1500 nəfərdən artıq üzvü var. Onların arasında Məhəmməd bin Salmandan daha ağıllı və çevik düşünənlər də yox deyil. Fakt isə bundan ibarətdir ki, hazırda birinci səlahiyyət sahibi olmağa ən şanslı siyasətçi Məhəmməd bin Salmandır. Gənc krala qarşı qiyamların, sui-qəsd cəhdlərinin baş verməsi ehtimalı istisna olunmur. Ancaq Məhəmməd bin Salmanın hakimiyyətinin möhkəmliyi onun səudlar sülaləsi arasında nüfuzundan və qətiyyətindən asılıdır.

Bununla yanaşı, Məhəmməd bin Salmanın kral kimi qəbul olunmasında onun arxasında dayanan dövlətlərin nə qədər dəstək verməsi də mühüm amillərdən biridir. Çox güman ki, onun rəqiblərini islahata mane olan qüvvələr adı altında atası kral Salman sıradan çıxaracaq. Sonra da vəliəhd taxta çıxarılacaq”.

Müşfiq Abdulla
Tarix: 20-09-2017, 23:06
Xəbəri paylaş





Xəbər lenti