Kürdüstan referendumu və Kərkük məsələsi: ehtiraslar pik həddə

Kürdüstan referendumu və Kərkük məsələsi: ehtiraslar pik həddə Şənbə günü İraq hökumətinin başçısı Heydər əl-Abadi bəyan edib ki, İraq Kürdüstan Regional Hökumətinin (İKRH) bazar ertəsinə təyin olunmuş müstəqillik referendumu konstitusiyaya ziddir.

Səsvermə İraq və qonşu ölkələrdə kəskin reaksiyalar doğurmaqdadır.

Bağdaddakı mərkəzi hökumət, Türkiyə, İran, ABŞ və Aİ onun keçirilməsinə etiraz edirlər. Lakin cümə günü İKRH başçısı Məsud Bərzani fikrindən dönmək fikrində olmadığını təkrarən bəyan edib.

İKRH-ın parlamentində 111 yerdən 5-nə sahib olan türkmanların bu məsələyə dair münasibəti birmənalı deyil.


Referenduma alternativ?

Kürdpərəst Rudaw TV kanalında yayılan müraciətində Məsud Bərzani referenduma alternativ olmadığını deyib.

"Biz həmişə demişik ki, referenduma alternativ olsa idi, Kürdüstan xalqı onu qəbul edər. Lakin biz belə alternativ almamışıq", - Bərzani deyib.
İKRH lideri nəyi nəzərdə tutduğunu açıqlamayıb, lakin kürd və ərəb mediasındakı sızmalara əsasən söhbət o cümlədən Kərkük kimi mübahisəli ərazilərə dair BMT və ABŞ vasitəçiliyi ilə irəli sürülən sövdələşmədən gedir.

Məlumatlara görə BMT Bağdadla kürdlərin gələcək münasibətlərinə dair "bütün problem" və mövcud məsələləri həll etmək üçün vasitəçik etməyə hazır olduğunu bildirib. Əvəzində istənilir ki, danışıqlar müddətində referendum təxirə salınsın.

İraqın şimalındakı Kərkük şəhərində türkmanlar ən iri etnik qrupdur.

Məsud Bərzani Kərkükdə müstəqillik sualına yox cavabı verilərsə nəticəyə hörmətlə yanaşacağını deyib.
Lakin o, bu yanaşmanın nədən ibarət olduğunu açıqlamayıb.

Referendum əleyhinə olan İraq Türkman Cəbhəsi hesab edir ki, referendumun nəticələrindən asılı olmayaraq Bərzani Kərkükə nəzarəti əldən vermək fikrində deyil.

Onun dediyinə görə, uzun müddətdir ki, hakimiyyət başında qalan Bərzani referendumu rəqib kürd qrupları da daxil olmaqla siyasi opponetlərinə qarşı istifadə edir.

Etimad

"Bizin ona etimadımız yoxdur. Bərzaninin məqsədi Kərkükün neftinə sahib olmaqdır. O, bu yolla digər kürd qrupları ilə mübarizədə öz mövqelərini möhkəmlədə bilər", - İraq Türkman Cəbhəsindən Əli Məhdi BBC Azərbaycancaya bildirib.



"Kərkükdə peşmərgələr var. Nə referendum? Şəhər sanki işğal altındadır. Bu durumda yaxşı nəticə gözləmək lazım deyil. Bu barışa xidmət etməz".

Referendum ərəfəsində türkmanların parçalanmasını görmək olar: İraq Türkman Cəbhəsi (İTC) referendumun əleyhinədir, Türkman İnkişaf Partiyası (TKP) isə səsverməni dəstəkləyib.

TKP lideri Məhəmməd İlhanlı İKRH-ın artıq de-fakto bir dövlət olduğunu deyir. Onun sözlərinə görə referendum bunu rəsmi olaraq tanıyacaq.

Türkmən İnkişaf Partiyasının millət vəkili Muhammed İlhanlı referendumu dəstəklədiyini deyir.

Ötən həftə BBC-ə müsahibəsində Məsud Bərzani Kərkükə dair qərarlı olduğunu bildirmişdi.

"Hər hansı bir qrup Kərkükün durumunu güclə dəyişdirməyə cəhd edərsə, hər bir kürdün müharibəyə hazır olduğunu bilməlidir".
Əli Məhdi türkmanlar arasında eyni qərarlılığın olduğuna əmindir.

"Türkmanlar səsvermə ilə razı deyillər və son nəfərədək mücadilə etməyə hazırdırlar".

ABŞ, BMT, Türkiyə, İran və İraqın mərkəzi hökuməti referendumun ağır nəticələr verəcəyi ilə bağlı xəbərdarlıq edirlər.


Kürd müxalifəti

Bu arada Kərküklə qonşu Süleymaniyyə bölgəsində kürdlərin bir qismi də referenduma etiraz edərək onun təxirə salınmasını istəyir.
Bu kampaniyanın başında varlı iş adamı Şasvar Əbdül-Vahid və şon seçkilərdə çox səs toplayan kürd Goran hərəkatı durur.

Referendum barədə bəyanatların fonunda Kərkükdəki rəqib qruplar arasında mübahisələr atışma halları ilə müşayiət olunub.
Bundan əvvəl özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı döyüşlərdə təcrübə qazanmış və İranla İraq hökumətinin dəstəyinə malik şiə hərəkatı Kərkükün Kürdüstanın bir hissəsinə çevrilməsinə yol verməyəcəyini bildiriblər.

İraqın şimalındakı Kərkük şəhərində türkmanlar ən iri etnik qrupdur. Sayca ikinci yerdə ərəblərlə kürdlər gəlir. Onlara nisbətdə daha az olan digər etnik və dini azlıqlar şəhərin rəngarəngliyini tamamlayır.

"Əli silahlı adamlar"

Yerli jurnalist Özdəmir Hürmüzlü referendum qabağı milli azlıqlar arasında ahəngliyin zahirən pozulmadığını desə də, gərginliyin hiss olunduğunu deyir.

"Kərkük sakinləri həmişə bir-birinə bağlı olub. Siyasət olmasa, bir problemimiz yoxdur. Bir-birimizin dilində danışırıq. Kərkükün mərkəzində əsas dil, türkman dilidir. Türkmanlar isə referendum istəmir".

"Bəzən küçələrdə kim olduğu bilinməyən əli silahlı adamlar görmək olar", - jurnalist BBC Azərbaycancaya bildirib. - "İnsanlar təhlükəyə alışıb. Lakin narahatlıq ab-havası hiss olunur. Elələri də var ki, şəhəri tərk etməkdədirlər".

Ərzaq tədarükü

Onun sözlərinə görə nəqliyyat, mağaza və kafelər normal şəkildə fəaliyyət göstərir. Jurnalistin daha bir müşahidəsinə görə yerli sakinlər daha çox ərzaq tədarük etməyə başlayıblar.

"Bəlkə buna görə də qiymətlər bir qədər bahalaşıb", - Özdəmir Hörmüzlü deyir.

İraqın şimalındakı kürd administrasiyası 1991-ci il Körfəz müharibəsinin sonunda, qanunverici və icra hakimiyyətini yaradaraq muxtariyyət statusunu qazanıb.

Bağdad və İKRH Kərkük kimi əhalisi qarışıq olan bölgələrin statusu üzərində 2003-cü ildən bəri mübahisə edir.

Gündə 600 min barrel neft ixrac edən bölgənin gələcəyinə dair referendum bu mübahisəni bir daha qabarıq şəkildə önə çəkib (BBC).
Tarix: 23-09-2017, 20:46
Xəbəri paylaş





Xəbər lenti