Putinin səhvi Qafqazı qarışdırır: Generalın sirli yüksəlişi

Putinin səhvi Qafqazı qarışdırır: Generalın sirli yüksəlişi Rusiya Dövlət Qvardiyasının rəis müavini Sergey Melikov Dağıstan Respublikasının rəhbəri postuna əsas namizəddir. Bu xəbəri Rusiya Qafqaz Xalqları Konqresinin həmsədri Ruslan Qurbanov da təsdiq edib.

O bildirib ki, Ramazan Abdulatipovun istefasına xeyli müddət idi hazırlıq gedirdi. “Sergey Melikov bölgəni yaxşı tanıyır. Bir neçə il prezidentin Şimali Qafqaz Hərbi Dairəsi üzrə səlahiyyətli nümayəndəsi olub. Tezliklə Dağıstan Respublikasına Sergey Melikov rəhbərlik edəcək. Lakin mənim bildiyimə görə, inanılmaz səviyyədə korrupsiya, klançılıq və yeyinti ilə üzləşmiş Melikov bir neçə dəfə bu təklifdən imtina edib. Kreml məqsədyönlü şəkildə Şimali Qafqaz respublikalarının rəhbərliyinə federal səviyyədə karyera qazanmış generalları gətirir”, - R.Qurbanov belə deyib.


Həmsədrin verdiyi məlumata görə, Dağıstan Respublikasının rəhbəri postuna daxili işlər naziri Abduraşid Məhəmmədov və baş nazirin müavini Aleksandr Xloponin də namizəddir.
Vəzifədən istefa verən R.Abdulatipov milliyyətcə avardır. Onun əvəz edəcək şəxsin isə avar olmayacağı artıq məlumdur. Xatırladaq ki, Dağıstanda 100-dən artıq xalq yaşayır.

Putinin səhvi Qafqazı qarışdırır: Generalın sirli yüksəlişi
Rusiya mediasına sızan məlumata görə, Dağıstan Respublikası rəhbəri postuna ən real namizədlərdən biri Federasiya Şurasının sədr müavini, milliyyətcə dargin olan İlyas Umaxanovdur. O, yerli şəraiti yaxşı bilir.

Cebhe.info xəbər verir ki, Dağıstanın sosial-iqtisadi inkişafı ilə bağlı Moskvanın R. Abdualtipovdan narazılığı olmayıb. Abdulatipov tutduğu vəzifədən imtina etməsini yaşının çox olması ilə izah etsə də, ona Rusiya rəhbərliyi daha yüksək vəzifə təklif edib. Abdulatipov deyib ki, vəziyyətin yaxşılaşdırılması üçün bir çox rayonların 10-15 il vəzifədə olan rəhbərlərinin dəyişməli olub. “Biz Dağıstanın şəhər və rayonlarının 80 faizinin rəhbərlərini dəyişdik”, - Ramazan Abdulatipov belə deyib.

Gələcək planlarından söz açan Abdulatipov bundan sonra elmi, yaradıcı və ictimai fəaliyyətlə məşğul olacağını istisna etməyib.

Ancaq R.Abdulatipovun istefaya göndərilməsi görünür, səbəbsiz olmayıb və bu məsələ Rusiya Prezidentinin Administrasiyasında bir müddət məxfi müzakirə olunub. Xüsusilə də rəhbər posta hərbçi generalın gətirilməsi Kremlin Dağıstan da daxil olmaqla Şimali Qafqazla bağlı hansısa planlarının olmasından xəbər verir. Abdulatipovun açıqlaması belə qənaətə gəlməyə əsas verir ki, rəsmi Moskvanı Dağıstanda ekstremizm və terrorizm təhlükəsinin qalması narahat edir. Ona görə də Dağıstanın rəhbəri vəzifəsinə general Melikovu gətirmək qərara alınıb.

Rusiyanın hüquq-mühafizə və təhlükəsizlik orqanları Dağıstan meşələrində hələ də vəhabilərin gizləndiyini, onların döyüşmək üçün Yaxın Şərqə getdiyini bildirir. Ramazan Abdulatipovun sözlərinə görə, 2015-ci ildən bəri Dağıstan Respublikasından Suriyaya döyüşmək üçün 600 terrorçu gedib.

“Dağıstan rəhbərinin bəxti onda gətirdi ki, terrorçuları Suriyanın üzərinə atdı və gərginliyi yatırdı”,- deyə “Control Risks” Beynəlxalq Analitik Konsaltinq Şirkətinin rəhbəri Nəbi Abdullayev bildirib.


“Kremlin səhvi bumeranq effekti verəcək”
Putinin səhvi Qafqazı qarışdırır: Generalın sirli yüksəlişi
Politoloq Qabil Hüseynlinin fikrincə, Dağıstanın rəhbərliyinə edilən dəyişiklik zamanı Rusiya prezidenti Vladimir Putin siyasi səhvə yol verib:

“Boris Yeltsinin prezidentiliyi dövründə Rusiya Federasiyasına daxil olan respublikaların rəhbərləri prezident statusu daşıyırdı və onları xalq seçirdi. İndi isə Dağıstanda vəziyyət çox gərginləşib və Rusiyada kriminallaşmaya, ekstremizmə rəvac verir. Belə bir vəziyyətdə rus generalın Dağıstana rəhbər təyin edilməsi dağlı xalqlarını çox qəzəbləndirib. Dağıstan Şeyx Şamilin, böyük din xadimlərinin vətənidir. Ona görə də hesab edirəm ki, Vladimir Putinin siyasi səhvi bumeranq effekti verəcək. Rusiya Tatarıstanda vəziyyəti dəyişmək istəyir. Orada prezidentin seçilməsinin qarşısını almaq və Moskvadan təyin etməyə çalışır. Bu da həmin xalqlarının Yeltsin dövründə qazandıqları demokratiya və müstəqillik elementlərinin üzərindən xətt çəkir”.

Qabil Hüseynli onu da bildirib ki, Sergey Melikovun ekstremizm və terrorizmlə mübarizə məqsədilə Dağıstana rəhbər gətirilməsi barədə deyilənlər reallığı əks etdirmir. Ekspertin fikrincə, əsas səbəb Dağıstanda kriminal vəziyyətin ağır olmasıdır: “Sabitliyi bərpa etmək üçün Abdulatipovun yerinə yerli xalqlardan birini təmsil edən general da gətirilə bilərdi. Əsas məsələ ondan ibarətdir ki, Dağıstan Respublikasının statusu əməlli-başlı pozulub”.

Müşfiq Abdulla
Tarix: 28-09-2017, 21:10
Xəbəri paylaş





Xəbər lenti