İran danışıqlara vadar edilir: ABŞ sanksiyaları ağırlaşdırır

İran danışıqlara vadar edilir: ABŞ sanksiyaları ağırlaşdırır
ABŞ-ın Maliyyə Nazirliyi İranın ballistik raketləri inkişaf və istehsal edən 5 təsisatına qarşı sanksiya tətbiq edib. “Bu sanksiyalar İran xalqının mənafeyini kənara qoyub, üstünlük verdiyi ballistik raket proqramını hədəf alıb” - deyə, maliyyə naziri Stiven Mnuçin bildirib. Bu təsisatların hamısına Şəhid Bakeri Sənaye qrupu tərəfindən nəzarət edilir. Qadağalıarın siyahısına Şəhid İslami Araşdırma Mərkəzi, Şəhid Xərrazi Sənayesi, Şəhid Müqəddəm Sənayesi, Şəhid Sanixani və Şəhid Şustəri sənayesi daxildir. İrana qarşı sanksiyaların bununla yekunlaşacağını söyləmək olmaz. Xüsusilə də dekabrın 28-dən başlayaraq hələ də davam edən etiraz aksiyalarında güc strukturlarının nümayişçilərə qarşı zor tətbiq etməsindən sonra İrana əlavə sanksiyaların tətbiq edilməsi gözlənilir.

ABŞ-ın vitse-prezidenti Mayk Pens isə İrandakı aksiyalara növbəti dəstəyini ifadə edib: “İran dünyada terrorizmi dəstəkləyən və maliyyələşdirən qüvvədir. Onlar öz xalqına zülm edib, insan hüquqlarını tapdalamaqla yanaşı, terrorist ixrac edərək regionda təhlükəli destabilləşdirmə gücü olaraq qalmaqda davam edir. İran xalqının ayağa qalxıb öz ölkələrində dəyişiklik tələb etməsi bütün azadlıqsevər amerikalıları və dünyada azadlığı dəyərləndirən insanları ürəkləndirməlidir.

Mayk Pens sanksiyaların xalq etirazlarının genişlənməsinə mənfi təsir göstərəcəyinə inanmadığını deyib:

“Biz inanırıq ki, sanksiyaların təsiri var. Sanksiyalar təkcə İrana yox, həmçinin Şimali Koreyaya da təsir etmək gücündədir. Bizim prezidentimiz və onun administirasiyası ABŞ-ın bütün iqtisadi ağırlığını ortaya qoyaraq İrana qarşı iqtisadi sanksiyaların tətbiq olunmasında qərarlıdır. İndi biz gələcəkdəki sanksiyaların şərtlərini müəyyən etmək üçün Konqreslə birlikdə çalışırıq. Bu reallıqdır ki, İranla əldə olunan nüvə razılaşması həddən artıq yumşaq idi. Razılaşma İranın nüvə silahı hazırlamasını müəyyən dərəcədə, cəmi 10 illik qadağan edirdi. 10 ildən sonra İran nüvə silahını inkişaf etdirə bilərdi. Biz istəyirik ki, uzunmüddətli qanunvercilik, müqaviləsi bağlayaq. Əgər İran istifadə oluna bilən nüvə silahı və ballistik raketlər əldə etməyə çalışarsa, bütün sanksiyalar dərhal yenidən tətbiq olunacaq. Bütün bu qərarlar üzərində iş gedir. Ancaq mən düşünürəm ki, hazırda İran küçələrində baş verənlərə əsasən sanksiyaların mövcudluğuna inanmalıyıq. Əlavə təzyiqlərlə xalqa və iqtisadiyyata təsir nəticəsində İran xalqını irəli addımlamağa cəsarətləndirə bilərik”.

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, ABŞ insan haqlarının pozulmasına görə İrana qarşı sanksiyaları ağırlaşdıra bilər. Ancaq beynəlxalq səviyyədə Rusiya və Çin buna mane olur:

“Bu gün ABŞ-ın təklifi ilə İranda baş vermiş hadisələr BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılır. Lakin belə bir sanksiyanın qəbul olunması inandırıcı görünmür. Çünki BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri kimi Rusiya İranda baş verən hadisələrlə bağlı Tehran hakimiyyətini dəstəklədiyini bildirib. Ona görə də sanksiyalar dedikdə, diqqət yenə də yalnız Qərb dövlətlərinin üzərinə yönəlir. ABŞ artıq ilk addımı atıb. Amma raket proqramı ilə bağlı sanksiyalar son etirazlarla bağlı deyil. Çünki İran bir müddət əvvəl raket sınağı keçirdi və ABŞ rəsmi Tehranın bu addımını qınadı.İran ballistik raketlərin sınağını davam etdirəcəyini bəyan etdi. Bu baxımdan, İrana qarşı sanksiyaların tətbiqi gözlənilən idi. ABŞ prezidenti Donald Tramp da İrana qarşı sansksiyaların ağırlaşdırılacağını və Amerikanın 2015-ci ildə İranla əldə olunmuş nüvə proqramına dair müqavilədən çıxacağını bildirmişdi. ABŞ-ın bundan sonra İrana qarşı daha sərt mövqe tutacağı istisna olunmur. Perspektivdə ABŞ-ın İrandakı etiraz aksiyaları ilə bağlı da İrana qarşı sanksiyalar tətbiq ediləcəyini gözləmək olar. Çünki həmin hadisələr zamanı 20-dən artıq dinc aksiya iştirakçısı zorakılıqla qətlə yetirilib. Bu fakt şübhəsiz ki, İran üçün başucaılığı gətirməyəcək və bütün olayların məsuliyyəti hakimiyyətin boynundadır. İran hakimiyyəti baş verən siyasi zorakılıqlara görə cavabdehlik daşıyır. Eyni zamanda, Avropa İttifaqı da İrandakı aksiyaların qarşısının güc yolu ilə alınmasını pisləyib. Deməli, perspekttivdə Avropa İttifaqı da İrana qarşı qadağalar tətbiq edə bilər. Hətta Avropa ölkələrinin İranla ticarət əlaqələrinə müəyyən məhdudiyyətlər qoyacağını söyləmək olar”.


Qeyd edək ki, sanksiyaların reallaşması ilə Qərbin İrana qarşı təzyiqlərini gücləndirəcək. ABŞ başda olmaqla Qərb Tehran rejiminin ballistik raketlərin istehsalı proqramından imtina etməsini, Yaxın Şərqdən, yəni Suriya, Yəmən və İraqdakı hərbi qüvvələrini geri çəkməsini, nəhayət ölkə daxilində fundamental insan haqlarının təmin olunması, iqtisadiyyatın liberallaşdırılması istiqamətində islahatların həyata keçirilməsini istəyir. Ancaq rəsmi Tehranın sanksiyalar qarşısında bu şərtlərə razı olub-olmayacağını hazırda demək çətindir.

Sədrəddin Soltanın fikrincə, Qərbin sanksiyaları İranı güzəştlərə getməyə vadar edə bilər:

“Bu sanksiyalar İranı sözügedən məsələlərlə bağlı danışıqlara getməyə məcbur edəcək. Yəni rəsmi Tehran ölkədə siyasi, sosial, iqtisadi islahatların aparılması, xarici siyasət kursunda dəyişikliklər və ya korrektələr etməyə, ballistik raket proqramına yenidən baxmağa vadar edəcək. Bir sözlə, İranı yenidən masa arxasına əyləşdirəcəklər. İran nüvə proqramı ilə bağlı danışıqlara getməyə məcbur olduğu kimi bu məsələlərdə də güzəştə getməli olacaq. Çünki İranın danışıqlara gedib, irəli sürülən şərtləri qəbul etməkdən başqa çıxış yolu yox idi. Həmin təklifləri İrana 10 il əvvəl də təklif etmişdilər. Lakin İran rəhbərliyi buna razılıq vermirdi. Sonradan İran ağır iqtisadi və sosial vəziyyətlə əlaqədar bu danışıqlara getməyə məcbur oldu. İrana qarşı hərbi əməliyyatların aparılması çıxış yolu kimi az ehtimal olunan layihələrdəndir. İranla bağlı məsələlərdə hələlik danışıqlar variantına üstünlük verilir”.
(Cebhe.info)
Tarix: 6-01-2018, 15:43
Xəbəri paylaş





Xəbər lenti