Rusiya elitası əsəbidir – sanksiya siyahısı gözlənir

Rusiya elitası əsəbidir – sanksiya siyahısı gözlənir
Yanvarın 29-da ABŞ administrasiyası Rusiyaya qarşı yeni maliyyə və səyahət sanksiyalarını açıqlamalıdır. Daha öncə Vaşinqton Rusiyanı Krım və Suriyadakı hərəkətlərinə görə cəzalandırmaq üçün böyük dövlət şirkətlərinə, hökumət agentliklərinə sanksiya qoyurdu. Amma bu gün açıqlanması gözlənən siyahı daha geniş olacaq, daha öncə sanksiyaya düşmüş qurumlarla iş görmüş şirkətləri hədəfləyəcək.

ŞƏXSİ AĞRI

AzadlıqRadiosu-nun müxbiri Mike Eckel yazır ki, Moskva xeyli əsəbi görünür. Rusiyanın nüfuzlu bir qəzetinin yazmasına görə, prezident Vladimir Putin-in yaxın çevrəsindən 300-dək adamın adı siyahıya düşə bilər. Maliyyə qurumları da riski azaltmaqdan ötrü addımlar atırlar.

ABŞ Dövlət Departamentində sanksiyalar üzrə keçmiş baş koordinatoru Daniel Fried AzadlıqRadiosu-na müsahibəsində rusiyalıların bir aydan çoxdur məsələdən vəlvələyə düşdüyünü təsdiqləyib.

Vaşinqtonda yaşayan rusiyalı politoloq Andrei Piontkovsky də bu dəyərləndirməylə razıdır. Onun fikrincə, Moskvada bu sarıdan gözləntilər çox zəifdir, “çünki ilk dəfə olaraq, bu, Putin-in yaxın çevrəsini şəxsən ağrıdacaq”.

Yanvarın 29-da açıqlanması gözlənən yeni tədbirlər Konqresin ötən yay imzaladığı qanun layihəsindən qaynaqlanır. Prezident Donald Trump avqustda bu qanunu könülsüz imzalamışdı.

“OLİQARXLARIN SİYAHISI”

Dövlət Departamenti oktyabrda yeni qanunun kimləri hədəfləyəcəyinin ilkin əlaməti kimi Rusiyanın 30-dan çox böyük müdafiə şirkəti və kəşfiyyat agentliyinin adını açıqlayaraq onlarla əməkdaşlıq edən digər şirkətlərin məhdudiyyətlərlə üzləşəcəyini bildirib.

Nəzəri baxımdan, bu o deməkdir ki, daha öncə sanksiyaya məruz qalmış Rusiya dövlət şirkətini təchiz edən şirkətə kredit ayırmış banka sanksiya qoyula bilər. Rosoboronexport dövlət silah ixracatçısı şirkəti, yaxud əfsanəvi Kalashnikov silah istehsalçısı siyahıya salına bilər.

Qanunda Xəzinədarlığa göstəriş verilir ki, kəşfiyyat agentlikləri ilə birlikdə Konqresə, birbaşa sanksiyalar qoyula biləcək tanınmış rusiyalıların və onların ailə üzvlərinin siyahısını versin. 241-ci Əlavə adlı bu hissədə oliqarxların “Rusiya rejiminə yaxınlığı və onların sərvətinə uyğun” müəyyənləşdirilməsi nəzərdə tutulur.

Yəni, nəzəri olaraq, yüksəkçinli Rusiya rəsmisinin Birləşmiş Ştatlarda mülkiyyət sahibi olan qızı, yaxud Qərbdə böyük sənaye korporasiyasının rəhbəri sanksiyalarla üzləşə bilər.


Vladimir Putin (solda), baş nazir Dmitry Medvedev və Suriydakı Rusiya qüvvələrinin komandiri Sergei Surovikin

Artıq bu sanksiya prosesi “oliqarxların siyahısı” adını alıb.

“Bu, adamları vuracaq, çünki onların təhlükəsiz olmadığını göstərir; onu göstərir ki, ABŞ bu qəbildən olanları axtarıb tapmaqda qərarlıdır və Putin onları qoruya bilməz… yəni, Putin-in korrupsioner yaxın çevrəsində olanlar fəsadlarla üzləşəcək”, – Fried AzadlıqRadiosu-na deyib.

QADAĞA DƏRHAL GƏLMƏYƏCƏK

Siyahıya salınanlar dərhal maliyyə, yaxud səyahət qadağasıyla üzləşməyəcəklər, amma ekspertlərin fikrincə, bu, tezliklə baş verə biləcəklərə aydın siqnal olacaq və ən əsası, siyahıda olanlara və onlarla biznes quranlara böyük psixoloji təzyiq göstərəcək.

“Bəzilərindən ötrü bu, çox şəxsi bir məsələ, bəziləri üçün çox siyasi olacaq. Sual budur: Administrasiyanın göndərdiyi siqnal nədən ibarətdir və Moskvada bu, necə qarşılanacaq?” – bunu isə Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Olga Oliker deyir.

Bəzi müşahidəçilər varlı rusiyalıların Vaşinqtonda güclü lobbiçilik kampaniyası apardıqlarını qeyd edirlər. Onlar Konqresi və administrasiya rəsmilərini adlarını siyahıya salmamaq üçün dilə tutmağa çalışıblar.

Rusiyanın “Kommersant” qəzeti yanvarın 12-də Vaşinqtondakı mənbələrinə istinadla yazıb ki, siyahıya rəsmilər və qohumları daxil olmaqla, 300-dək adam salına bilər.

AzadlıqRadiosu-nun əməkdaşı gözlənən siyahıyla bağlı ABŞ Xəzinədarlığından açıqlama ala bilməyib.

Kreml hələ noyabrdan bəzi önləyici addımlar atıb. “Vedomosti” qəzetinin yazdığına görə, baş nazir Dmitry Medvedev-in imzaladığı sərəncam Rusiyanın dövlət şirkətlərini podratçlarının adlarını açıqlamaq tələbindən azad edib.

“SEÇKİYƏ TƏSİR GÖSTƏRMƏK CƏHDİ”

Moskva inanır ki, ABŞ-dan gözlənən sanksiya siyahısı 18 mart prezident seçkisinə müdaxilə cəhdidir. Bunu Kremlin sözçüsü Dmitry Peskov deyir.

“Həqiqətən də inanırıq ki, bu, seçkiyə təsir göstərməkdən ötrü onunla üst-üstə düşən bəzi addımları zamanlamağı hədəfləyən birbaşa və açıq-aşkar cəhddir”, – Peskov yanvarın 29-da jurnalistlərə deyib.

ABŞ kəşfiyyat icması Rusiyanın Birləşmiş Ştatlarda 2016-cı il prezident seçkisinə müdaxilə etməsi qənaətinə gələndən sonra Konqres belə bir siyahını hazırlamaq mandatı verib.

Gözlənən siyahının Rusiya elitasını əndişələndirməsiylə bağlı deyilənlərə gəlincə, Peskov bunları danıb, deyib ki, bu siyahının Rusiyada “seçkiyə heç bir təsir göstərməyəciyinə əminik”.

Siyasi şərhçilər 65 yaşlı Putin-in mandatını möhkəmləndirməkdən ötrü yüksək seçici fəallığına nail olmaq istədiyini bildirir.

Hazırda ABŞ-da xüsusi müşavir Robert Mueller, eləcə də Konqresin üç ayrı-ayrı komitəsi Rusiyanın seçkiyə iddia olunan müdaxiləsini araşdırır. Trump Rusiyayla əməkdaşlığa gedilmədiyini, Rusiya isə müdaxiləylə bağlı deyilənləri təkzib edir.
Tarix: 29-01-2018, 22:06
Xəbəri paylaş





Xəbər lenti