Rusiyanı etirazlar bürüyür – proses regiona nə vəd edir?

Rusiyanı etirazlar bürüyür – proses regiona nə vəd edir?
Tofiq Abbasov: “Navalnı gecikmiş bir tanqonu ifa edir”

Yanvarın 29-dan etibarən Rusiyanı etiraz aksiyaları bürüyüb. Martın 18-də keçiriləcək prezident seçkilərinə namizəd kimi buraxılmayan blogger Aleksey Navalnının tərəfdarları ölkənin bütün regionlarında mitinqlər keçirərək, seçiciləri seçkilərdə iştirak etməməyə çağırırlar. Artıq aksiyalarda çoxsaylı Navalnı tərəfdarı saxlanılıb.

Ekspertlər aksiyaların Rusiya üçün ciddi başağrısına çevriləcəyini proqnozlaşdırırlar. Xüsusilə, bu tipli etiraz aksiyalarının seçkilər yaxınlaşdıqca intensiv xarakter alacağı bildirilir. Burada hər addımbaşı Rusiyanı küncə sıxışdırmağa çalışan Amerika başda olmaqla, Qərb ölkələrinin də mühüm rol oynayacağı vurğulanır. Mövcud situasiyanın regionun əsas ölkəsi sayılan Rusiyada yaşanmasının bütövlükdə region üçün təhlükəli həddə çata biləcəyi də qeyd olunur.

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a açıqlamasında bu aksiyaların strateji əhəmiyyətinin olmayacağını düşünür: “Onların o qədər də böyük elektoral bazaları yoxdur. Say etibarı ilə də heç bir təəssürat oyatmırlar. Hakimiyyət faktiki aksiya iştirakçıları qarşısında aciz qalmır. Bunların aksiyaları gecikmiş bir hərəkəti xatırladır. Navalnı deyərdim ki, hazırda çox əlverişsiz bir vəziyyətdədir. Çünki digər cinahlarda olan kommunistlər, liberallar, sağçılar və digər hərəkatların nümayəndələri daha çox Pavel Qrudinin hərəkatına meyl edirlər. Bu şəxs də demək olar ki, qarşıdan gələn seçkilərdə Putinlə bərabər ikinci favoritdir. Bu baxımdan Navalnı gecikmiş bir tanqonu ifa edir. Kütləvi elektoratın diqqəti Pavel Grudinin üzərindədir. Düzdür, burada özünü kommunistlərin nümayəndəsi kimi təqdim edən Maksim Suroykin hərəkatı da var. Amma onu Kremlin irəli sürdüyü namizəd kimi qələmə verirlər.

Züqanov bu haqqında xüsusi bir bəyanat formasında olan açıqlama verdi. Bildirdi ki, əgər Suroykin həqiqi kommunistdirsə, o zaman bizim cinaha gəlsin, yox bunu etmirsə, demək hakimiyyət tərəfindən ələ alınması özünü büruzə verir. Bu baxımdan hesab etmirəm ki, Navalnının hərəkətləri, hücum mövqeyində olması qüvvələr nisbətini dəyişə bilər. Hətta diqqət edəndə görürük ki, Moskva polisi, hüquq mühafizə orqanları bu aksiyaları bloklaşdırmaqdan ötrü o qədər də güc sərf etmirlər. Taktiki baxımdan gedən proseslər dəf olunur. Ciddi bir problemlərin olmaması göz önündədir. Əsas mübarizə seçkilərdə Grudin və Putin arasında olacaq. Belə bir proqnozlar da var ki, əgər Putin seçkilərdən qalib çıxarsa, Qrudininə baş nazir postunu təklif edə bilər. Çünki ölkənin sosial-iqtisadi vəziyyəti çox ağırdır, maliyyə resurslarının çatışmamazlığı ucbatından bir çox proqramlar məhdudlaşdırılıb. Onların yarımçıq vəziyyətdə qalması göz önündədir. Bu baxımdan Grudin müasir standartlara cavab verən menecer kimi uğurlu bir müəssisə rəhbəridir. Onun təsərrüfatında çalışanlar çox təminatlı həyat tərzi sürürlər. Doğrudur, onun anası xaricdə müalicə alıb və seçki platformasında Grudin Rusiyada bu sahənin zəif olmasını önə çəkib, bu problemi həll etməyin yollarını göstərib. Bu baxımdan o özünü müasir menecer kimi təsdiq edə bilib. Deyilənə görə, o Nazirlər Kabinetinə rəhbər təyin olunarsa, ətrafdakı adamlarla birlikdə yeni bir sistem yarada bilər. Putin daha çox xarici siyasətlə məşğuldur, Amerika və Qərb dünyası ilə qarşıdurmada müəyyən qədər duruş gətirə bilir. Baş nazir Dmitri Medvedev təsərrüfat, iqtisadi sahədə olan geriləmələr baxımından çox yarıtmaz bir siyasət həyata keçirir. Prinsip etibarı onun baş nazir postunda qalması ölkənin bir az da dərin tənəzzülə getməsi ilə əlaqələndirilir. Hazırda Rusiyadakı mövcud vəziyyət bu dediklərimdən ibarətdir”.

Cavanşir ABBASLI
Tarix: 29-01-2018, 22:21
Xəbəri paylaş





Xəbər lenti