Putin seçkidə qalib gəlməsə...

Putin seçkidə qalib gəlməsə...
Rusiya prezidenti qələbəsinə əmindir, müxalif rəqibi isə ümidsiz

Rusiyada prezident seçkisi kampaniyasının namizədlərin irəli sürülməsi mərhələsi davam edir. Dünən Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova irad bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, E. Pamfilova bildirib ki, prezidentliyə namizədlərdən birinin xeyrinə olan təşviqat elementlərinin yer aldığı bəyanatlar yolverilməzdir.


MSK sədri deyib ki, yanvarın 29-da Peskovun prezidentliyə namizədlərdən birinin qiymətləndirməsi ilə bağlı açıqlaması yayılıb. Orada təşviqat əlamətləri var idi. Bu isə yolverilməzdir.

Dünən Rusiya prezidenti, prezidentliyə namizəd Vladimir Putin “Rostselmaş” firmasının yeni kombaynlarını sınaqdan keçirən zaman seçki ilə bağlı zarafat xarakterli fikir bildirib. Belə ki, Putin kənd təsərrüfatı avadanlıqları fabrikinə baş çəkib. Kombaynların iş prinsipi ilə tanış olan Rusiya prezidenti “Əgər martn 18-də prezident seçilməsəm, kombayn sürəcəm”, - deyə zarafat edib.

“Yabloko” parityasının lideri 18 mart seçkilərində iştirak edəcək əsas müxalif namizədlərdən biri Qriqori Yavlinski isə ABŞ-ın “The Christian Science Monitor” jurnalına müsahibəsində qalib gəlməyə heç bir şansı olmadığını etiraf edib. Bununla bərabər Yavlinski cəhd etməyin mənasız olduğunu söyləyənlərlə razılaşmır.

“Yabloko” liderinin fikrincə, seçkilər Putinin opponentləri üçün mətbuata çıxış əldə etmək və düşündüklərini söyləmək baxımından əla fürsətdir: “Aydın məsələdir ki, Putinlə Rusiyanın heç bir gələcəyi yoxdur. Lakin bunu kimsə deməlidir, ya yox.. İnsan öz zamanında və yerində hərəkət etməlidir. İndi mən də ya heç nə etməmək, ya da elə indikini həyata keçirmək, yəni namizəd olmaq seçimi qarşısındayam”.

Yavlinski başqa bir faktorun adını çəkir. Bu da Qərb demokratiyasının çökməsidir: “Bu gün Qərblə bağlı ruhlandırıcı nəyisə söyləmək çətindir. Avropa çətin vəziyyətdədir. ABŞ-dan isə heç danışmağa dəyməz. Necə ola bilər ki, 230 illik demokratiya tarixinə malik dövlətin başında Tramp kimisi dayansın. Üstəlik eşidirik ki, Putin bütün dünyada, hətta ABŞ-da belə seçkiləri manipulyasiya edir. O zaman Rusiyanın özündə hansı seçkiləri gözləyə bilərik.

Bununla belə, Yavlinski seçkidə iştirakı vacib sayır. O hesab edir ki, əgər heç olmasa 5 və ya 10 milyon adam onun söylədiklərinə səs versə, bu zaman rus ordusunun həm Ukraynadan, həm də Suriyadan çıxarılması, habelə Qərblə münasibətlərin düzəlməsi baxımından müsbətə doğru dəyişiklər baş verə bilər.

E.SEYİDAĞA
Tarix: 3-02-2018, 08:20
Xəbəri paylaş





Xəbər lenti