Suriya böhranı Qərb ilə Rusiyanı üz-üzə qoydu

ABŞ və Rusiya rəsmiləri Suriyada kimyəvi silahdan istifadə ilə bağlı bir-birini ittiham ediblər.

Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, ABŞ-ın BMT-dəki təmsilçisi Nikki Haley Rusiyanı BMT Təhlükəsizlik Şurasının Suriyada kimyəvi silahdan istifadəyə son vermə cəhdlərinə mane olmaqda ittiham edib. Onun sözlərinə görə, Əsəd rejimi suriyalılara qarşı xlor qazından istifadə edir: "Ötən bazar Şərqu Gutada xlor qazından istifadə edilib. Onlarla günahsız insan zəhərlənib".

Rusiyanın BMT-dəki daimi təmsilçisi Vasili Nebenzia isə bildirib ki, Suriyada hər cür kimyəvi silahdan istifadəni qınayırlar: "Təhlükəsizlik Şurasının bu yöndə açıqlama qəbul etməsinə hazırıq, amma araşdırma aparılmadan rejimi ittiham edən açıqlama verilməsini qəbul etməyəcəyik. İddiaları araşdıracaq tərəfsiz, etibarlı və peşəkar mexanizm istəyirik".

Fransanın BMT-dəki daimi təmsilçisi François Delattre Suriyada kimyəvi silahdan dəfələrlə istifadə edildiyini bildirib: "Bu barbar addımların səbəbkarları kim olursa olsun cəzalandırılmalıdır. Beynəlxalq ictimaiyyətin günahkarların cəzalandırılması tələblərinə mane olmaq qəbuledilməzdir''.

İngiltərənin BMT-dəki daimi nümayəndəsi Conatan Allen Suriya hökumətinin kimyəvi silah işlətməklə sadəcə öz xalqına deyil beynəlxalq ictimaiyyətə də hücum etdiyini diqqətə çatdırıb".
Tarix: 6-02-2018, 09:10
Xəbəri paylaş





Xəbər lenti