Amerika-İran arasındakı nüvə sazişi pozula bilər - ekspert həyəcan təbili çaldı

Amerika-İran arasındakı nüvə sazişi pozula bilər - ekspert həyəcan təbili çaldı
Nəzakət Məmmədova: “İran Yaxın Şərqdə və Avropada çoxlu müttəfiqlərə malikdir”
Amerikanın sabiq prezidenti Barak Obamanın dövründə 2015-ci ildə İranla əldə olunan nüvə razılaşmasının hər an pozula biləcəyi barədə ehtimallar durmadan artır. Xüsusilə, Ağ Evin hazırkı sahibi Donald Trampın gəlişindən sonra son bir ildə bu istiqamətdə gedən müzakirələr nəinki səngimək bilmir, əksinə daha da güclənir.


Siyasi ekspertlər yaxın zamanlarda bu razılaşmanın qarışıqlı olaraq pozulacağını proqnozlaşdırırlar. Arqument kimi də, Trampın gəlişindən sonra günbəgün soyuqlaşan Amerika-İran münasibətləri və İrana qarşı olan təzyiqlər göstərilir. Cənub qonşumuz ətrafında cərəyan edən proseslərin regiona və Azərbaycana da ciddi təsirlərinin olacağını indidən təxmin etmək çətin deyil. Bu yöndəki fikirlər birmənalı deyil.



Siyasi şərhçi Nəzakət Məmmədova nüvə razılaşmasını pozmaq üçün Trampı təhrik edən qüvvələrin olduğunu düşünür: “Bu razılaşmanın pozulması ehtimalı Tramp hakimiyyətə gələndən var. Lakin Avropa Birliyi qətiyyətlə buna qarşı çıxır. Görünür, Trampı da buna təhrik edən Amerikadakı yəhudi lobbisi və başqa güc mərkəzləridir. Xüsusən də, bir çox məsələlərdə fikir ayrılığı olan Tramp və Pentaqondakı katolik elita İrana təzyiq məsələsində yaxın mövqedən çıxış edirlər. Lakin qeyd etdiyimiz kimi Avropa Birliyi buna qarşı çıxır. Bunun bir sıra səbəbləri var: ABŞ-a qarşı güc balansı yaratmaq, İrandan enerji asılılığı, İsrailə qarşı oxşar mövqe və s. İranın Suriya məsələsində mövqeyinə görə ABŞ revanş məqsədilə bu razılaşmanı poza bilər. Həm Pentaqon, həm də Ağ Ev bu məsələdə vahid mövqedən çıxış edərsə, razılaşmanın pozulması ehtimalı böyükdür. ABŞ İranda bu ilin əvvəlində iğtişaşları dəstəkləsə də, lakin bu, baş tutmadı. Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin İran İdarəsinə rəhbər kimi "Ayətullah Maykl" ləqəbli Maykl Dandreanın gəlməsindən sonra ABŞ-in İrana qarşı sərt siyasət yeridəcəyi ehtimal olunurdu. ABŞ-da hazırda bir neçə güc mərkəzi arasında İrana münasibətdə fikir ayrılığı var.



Bəziləri İranla yaxınlaşmanın, əlaqələrin yaxşılaşdırılmasının tərəfdarı kimi çıxış edirsə, digər qruplar, o cümlədən Pentaqon, yəhudi lobbisi, hərbi-silah konsernləri əksini iddia edir. ABŞ bu ilin əvvəlində İrana hərbi müdaxilə daxilə planlarını belə nəzərdən keçirirdi. Lakin son anda bundan imtina etməli oldu. ABŞ İran, Türkiyə və Rusiyadan Suriyadakı fiaskonun revanşını almaq istəyir. Rusiyaya qarşı artıq bir çox addımlar atılıb. Oliqarxlar siyahısı tərtib edilməklə Putinin maliyyə dəstəyini zəiflətməyə çalışan ABŞ bu yolla seçkilərdə müxalifətin mövqeyini möhkəmlətməyə çalışır.

Türkiyəyə qarşı PYD/YPG/PKK-nı dəstəkləməklə təzyiq göstərilməyə çalışır. İrana qarşı isə daxili iğtişaşlar və hərbi müdaxilə variantları gözdən keçirilir. Lakin buna qarşı duran böyük güc mərkəzləri var. İngiltərə, Avropa Birliyi, Çin, Rusiya, Türkiyə bunun qəti əleyhinədirlər. Hətta İrandakı iğtişaşları, məhz İngiltərə kəşfiyyatının əldə etdiyi məlumatları şəxsən xarici işlər naziri İran rəsmilərinə çatdırmaq üçün bu ölkəyə səfər etmişdi. Hazırda İran, İsrail və Səudiyyə arasında Yaxın Şərqdə liderlik mübarizəsi gedir. ABŞ-ın Səudiyyə və İsrailin dəstəkləməsi aydındır. İran bu müdaxiləyə cavab vermək iqtidarındadır”.



Politoloq onu da qeyd etdi ki, ABŞ-ın onun üzərində qələbə qazanması olduqca çətin, bəlkə də mümkünsüzdür: “Bu ölkənin parçalanması regionda böyük xaosa səbəb ola bilər. İstənilən ölkənin parçalanması humanitar fəlakətdən tutmuş silahlı qarşıdurmaya qədər çox ağır nəticələrə gətirib çıxara bilər. ABŞ-ın sağ qalan İŞİD üzvlərinin xeyli hissəsini Əfqanıstana təxliyə etdiyi barədə məlumatlar var. Əgər bu belədirsə, İran İŞİD-in Mərkəzi Asiyaya, Cənubi Qafqaza, Şimali Qafqaza yayılmasının qarşısında duran güclü qüvvədir və bu qüvvənin ortadan qalxması regionda həm də terror riskini artırmış olar. Digər tərəfdən, İran OPEC üzvü kimi və əsas enerji mənbəyi olan ölkələrdən biri kimi ABŞ-la qarşıdurmaya sürüklənərsə, bu, dünya bazarında neftin qiymətlərinə də təsir göstərə bilər. Yeni, biz iqtisadi baxımdan müəyyən qədər irəli düşə bilərik, amma qonşu ölkədə xaosun yaranması siyasi cəhətdən sabitliyə böyük zərbə vura bilər. İran Avropa Birliyi üçün də dediyimiz kimi çox əhəmiyyətli ölkədir.

Rusiyanın Ukrayna ilə böyük qarşıdurmasının əsas səbəbi onun Avropa Birliyi ilə saziş imzalaması oldusa, Ermənistanla belə bir gərginlik yaranmadı. Sual olunur niyə?! Görünür ki, Rusiya və Avropa birliyi İranın ABŞ tərəfindən blokadasının önlənməsi üçün Ermənistanı bir dəhliz kimi saxlamaq, İranın Avropaya çıxışını təmin etmək üçün saxlamaq barədə razılaşmışlar.



İran bir çox daxili və xarici amillərə güvənir: əhalinin ideoloji cəhətdən ABŞ və İsrailə olan nifrəti, dövlətçiliyə olan sədaqəti, güclü hərbi, diplomatiya və kəşfiyyat sistemləri, enerji resurslarının zənginliyi, əhalinin əsasən gənc, döyüş qabiliyyətində olması, minilliklər boyu dövlətçilik təcrübəsinin olması və s. Xarici amillərə gəlincə, İran Yaxın Şərqdə və Avropada çoxlu müttəfiqlərə malikdir. Onun nəinki Yaxın Şərqdə, hətta Latın Amerikasında, ABŞ-da güclü kəşfiyyat sistemi var. Buradakı mədəniyyət mərkəzləri və diaspora arasında güclü mövqeləri var. Lazım olan önləyici məlumatları alır və ona uyğun hərəkət edirlər. Tarix göstərir ki, istənilən müharibənin taleyini hərb və diplomatiyadan daha çox kəşfiyyat məlumatlarının vaxtında əldə olunması və ona uyğun fəaliyyətin düzgün qurulması həll edir”.

Cavanşir ABBASLI,
Tarix: 6-02-2018, 21:34
Xəbəri paylaş





Xəbər lenti