Putinin yuxusunu ərşə çəkəcək son bir ay...

Putinin yuxusunu ərşə çəkəcək son bir ay...
Nəzakət Məmmədova: “Lenindən Putinə qədər Rusiyaya rəhbərlik etmiş şəxslərin səhhəti dövlətin və hakimiyyətin taleyinə birbaşa təsir edən məsələ olub”

Son günlərdə Rusiya prezidenti Vladimir Putinin səhhətində ciddi problemlərin olması barədə yayılan xəbərlər gündəmdən düşmür. Gələn ayın 18-də şimal qonşumuzda keçiriləcək prezident seçkilərinə doğru keçən hər gün bu tipli xəbərləri tirajlayır.
Putinin səhhəti ilə bağlı ən müxtəlif fikirlər səslənməkdədir. Çoxları bu tipli xəbərlərin dövriyyəyə buraxılmasının təsadüf olmadığını, Qərb dairələrinin, xüsusilə, Amerikadakı bəzi qüvvələrin burada rolunun olduğunu vurğulayırlar. Bu yolla bəzi dairələrin Kreml sahibinə seçkilərdə zərbə vurmaq niyyətində olduqları deyilir. Bunun nə dərəcədə təsirlərinin olacağının isə martın 18-dəki seçkilərdə görünəcəyi bildirilir. O vaxta qədər Putinə zərbə vurmaq üçün tək onun səhhəti ilə bağlı deyil, digər xəbərlərin də gündəmə buraxılacağı istisna edilmir. Bir sözlə Amerikadakı seçkilərdə müdaxilələr etdiyinə artıq şübhə yeri qalmayan Putin Rusiyasının qarşıdakı bir ayda ciddi problemlər yaşayacağı ehtimalları kifayət qədər yüksək görünür. Habelə, bunun Kremlin özünün seçki texnologiyası olduğunu düşünənlər də var.

Politoloq Nəzakət Məmmədova bildirdi ki, dövlət başçılarının səhhəti hər zaman siyasi mübarizədə əsas məsələ olub: “Buna çoxlu misallar göstərə bilərik. Səhhətində problem olan hökmdarların könüllü taxtdan imtina edərək hakimiyyəti öz varisinə ötürməsi, yaxud birinci şəxsin səhhətində problem olduğunu bilən rəqib qüvvələrin fəallaşması və bundan istifadə etməyə çalışması halları daima olub. Rusiyanın siyasi tarixində bu cür hallar isə həddən artıq çox olub. Uzun illər Kremlin baş həkimi olmuş akademik Çazovun xatirələrində Siyasi büroda mübarizədə sağlamlıq məsələsinin önəmi qeyd olunur. Təsadüfi deyil ki, Qorbaçovun hakimiyyətə gəlməsində onun idarəçilik qabiliyyəti və istedadı yox, məhz siyasi büro üzvləri arasında ən cavan və sağlam olması da böyük rol oynamışdı. Çünki ona qədər bir neçə SSRİ rəhbəri yaşlı və xəstə olduğundan ard-arda vəfat etdilər və bu nəhəng fövqəldövlətin başına uzun müddət hakimiyyətdə olacaq şəxsi gətirməyə vadar etdi. Vladimir Lenindən Vladimir Putinə qədər son yüzillikdə Rusiyaya rəhbərlik etmiş şəxslərin səhhəti dövlətin və hakimiyyətin taleyinə birbaşa təsir edən məsələ olub. Bunun bir sıra səbəbləri var. Ən əsası ondan ibarətdir ki, Rusiyada çar yaxud prezident olmasından asılı olmayaraq, dövlətin başında duran şəxs hakimi-mütləq olduğundan, bütün idarəetmə sistemini əlində cəmləşdirdiyindən onun səhhəti də bilavasitə dövlətin və əhalinin həyatına, gələcəyinə təsir göstərir. Dövlətdə Qərbdəki kimi idarəetmə mexanizmi yoxdur, prezident məsuliyyətsiz addımlar atanda onu cilovlayan demokratik mexanizmlər olmadığı kimi prezidentin xəstələnməsi də bütün siyasi sisteminə, idarəetmə mexanizminə birbaşa təsir göstərir. Hazırda Putinin vəziyyətinə gəlincə, onun səhhətində ciddi problem olması inandırıcı görünmür.



Əlbəttə, o hakimiyyətə gələndən bəri səhhəti ilə bağlı ətrafında şayiələr dolaşır. Hətta guya əsl Putinin bir neçə il əvvəl öldüyü və hazırkı şəxsin onu əvəz edən biri olduğu belə deyilir, keçmiş həyat yoldaşının adından bu barədə xüsusən Qərb mətbuatında məlumatlar yayılır. Lakin bu, inandırıcı görünmür. Fakt budur ki, hazırda Rusiyanın başında duran şəxs ölkəni Yeltsin kimi içki düşkünü bir şəxsdən təhvil alanda Rusiya indikindən müqayisə olunmaz dərəcədə zəif idi. Ölkə ağrılı bir keçid dövrü yaşamışdı və ÜDM 40 faiz azalmışdı. Dünya qaz ehtiyatının 1/4-nə sahib olan, neft ehtiyatına görə 8-ci yeri tutan nəhəng nüvə dövləti Putinin 15 illik hakimiyyəti dövründə onun arzusunda olduğu fövqəldövlət statusunu bərpa etməyə doğru gedir. İstənilən ölkənin güclü olmasını şərtləndirən amillərdən biri onun xarici valyutadan asılılığının azalması və qızıl-valyuta ehtiyatının çox olmasıdır ki, Rusiyada bunun həcmi hazırda yarım trilyon dollardır və dünyada 6-cı yerdədir. Putin qubernatorların və oliqarxların özbaşınalığına son qoyaraq onları tamamilə öz iradəsinə tabe etdi, tabe olmayaraq xaricə qaçanların və orada onun əleyhinə iş aparanların isə aqibəti məlumdur. Kreml dövlət kapitalizmi modeli yaradaraq oliqarxların əlindəki gəlirli sahələri dövlət inhisarına almaqla iqtisadiyyatı gücləndirdi. Təbii ki, neft və qazın dünya bazarında qiyməti Putin hakimiyyətə gəldikdən sonra 12 dəfə artdı ki, bu da iqtisadiyyatı möhkəmlətdi. Hər bir halda Putin rus xalqına söz verdiyi ölkəni gücləndirmək vədini yerinə yetirdi. Bu da onun seçkilərdə qələbəsini şərtləndirən başlıca amildir. Rusiya iqtisadiyyatının ağır durumda olmasını demək də düzgün deyil. Doğrudur, ölkə hələ Putinin özünün də pərəstiş etdiyi Birinci Pyotr dövründən istehsaldan çox, xammal ixracı üzərində öz inkişafını qurub. Bu da həm çar dövründə, həm SSRİ zamanında iqtisadiyyatın və son nəticədə siyasi sistemin iflası ilə nəticələnib. Ruslar hər zaman texnoloji baxımdan Qərbdən geri qalıb, onların əksər texnologiyaları casusluq yolu ilə əldə olunmuş və təkminlləşdirilmişdir. Bu, nüvə silahına və ondan sonrakı digər texnoloji yeniliklərə aid edilə bilər”.

Politoloq belə xəbərlərin kimlər tərəfindən yayıldığına da toxundu: “Seçki öncəsi Putinin səhhəti ilə bağlı dezinformasiya səciyyəli məlumatlar yayılır. Bunu ölkə daxilində prezidentə rəqib qüvvələr də edə bilər, xaricdən də sızdırılmış ola bilər. Lakin bunun Putinin seçkilərdəki reytinqinə əsaslı təsir göstərməsi inandırıcı deyil. Rus xalqı prezidentin şəxsi həyatına, səhhətinə o qədər də fikir vermir. Onlar üçün əsas güclü çar, prezidentdir. Tarix boyu bu ölkədə ya çar varislik ənənələri əsasında, yaxud baş katib siyasi büro üzvlərinin səsverməsi əsasında seçilib və xalq buna adət edib. Onlar üçün əsas olan dövlət başçısının necə seçilməsi yox, ölkəni necə idarə etməsidir. Rusiyanı milliyyətçə gürcü olan Stalin də idarə edib, ruslar ondan razı qalıb. Çünki müharibədə rusları qalıb edə bilib. Lakin milliyyətçə rus olsa da, seçkilərlə hakimiyyətə gəlsə də, amma ölkəni zəiflədən Yeltsin daha pis prezidentdir. Odur ki, Putun rusların əksəriyyəti üçün ideal prezident sayılır. Üstəlik də onun keçmiş çekist, peşəkar idmançı olması, yaşının çox olmaması nəzərə alınaraq reytinqinin yüksək olması məlumdur”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”
Tarix: 19-02-2018, 21:22
Xəbəri paylaş





Xəbər lenti