Vəziyyət gərginləşdi: ABŞ təmsilçisindən Fələstin liderinə böyük hörmətsizlik


Mahmud Abbasın sözlərinə müdaxilə edən ABŞ-ın BMT-dəki daimi təmsilçisi Niki Haley "dialoqa hazırıq, amma arxanızca qaçmayacağıq cənab Abbas, seçim sizindir" deyib

Fələstin lideri Mahmud Abbas, BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki problemlərə dair həsr olunmuş iclasında çıxış edib. O, Qüds şəhərini İsrailin paytaxtı kimi tanımasından sonra Amerikanın İsrail-Fələstin sülh danışıqlarında vasitəçi ola bilməyəcəyini söyləyib. Sputnik Azərbaycan bu barədə "Washington Post"a istinadən xəbər verir.


Abbas deyib ki, Birləşmiş Millətlər Təşkilatı öz nəzdində sülh konfransı təşkil etməlidir. "Cənab Donald Tramp qərar versin. Ya sülhü seçsin, ya da işğalı. 2017-ci ildə Trampla 4 dəfə görüşdük. Tarixi sülhə hazır olduğumuzu dedik. Ancaq o nə etdi? Vəziyyəti daha da qəlizləşdirdi. Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan etdi. ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürəcəklərini söylədi. Amerika sülh prosesində artıq vasitəçi ola bilməz" — Fələstin rəhbəri qeyd edib.

Mahmud Abbasın sözlərinə müdaxilə edən ABŞ-ın BMT-dəki daimi təmsilçisi Niki Haley "dialoqa hazırıq, amma arxanızca qaçmayacağıq cənab Abbas, seçim sizindir" deyib.

"Amerikanın Qüds qərarı xoşunuza gəlməyə bilər. Verdiyimiz qərarı dəstəkləməyə məcbur deyilsiniz. Amma bilin ki, bu qərar heç vaxt dəyişməyəcək. Hirsinizi bir kənara atın və ABŞ-ın yanında olun" — Niki Haley əlavə edib.


Tarix: 22-02-2018, 07:19
Xəbəri paylaş





Xəbər lenti