Yanukoviç ölüb, Yuşşenko can verir, gələn kimdir?.. - Şərh


Ukrayna Mixail Saakaşvilinin Polşaya readmissiyasından sonra siyasi anormallıq vəziyyətinə qədəm qoyub.

Siam.az xəbər verir ki.bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynal Əmrəliyev deyib.

Onun sözlərinə görə, məsələ ondadır ki, M.Saakaşvili ölkədəki, demək olar, bütün müxalif elektoratı öz arxasınca aparırdı. Polşaya readmissiya onun tərəfdarları da daxil olmaqla, ümumən müxalifətdə boşluq yaratdı:

“Saakaşvili Gürcüstanda olduğu kimi, Ukraynada da korrupsiyaya müharibə elan etmişdi. O, keçmiş oliqarx Petro Poroşenkonun başçılıq etdiyi hakimiyyətin korrupsiyaya bulaşdığını bildirirdi. Əslində, Saakaşvilini Ukraynada qısa zamanda məşhurlaşdıran da onun iş adamlarına qan udduran Daxili İşlər naziri Arsen Avakov kimi məmurları ciddi hədəfə alması idi. 2004-cü ildə Ukraynada baş tutan “Narıncı inqilab”dan 2013-cü ilin “Avromaydan” hərəkatınadək Ukraynada əsas siyasi fiqurlar “Narıncı inqilab”ın lideri, keçmiş prezident Viktor Yuşşenko, “Avromaydan” hərəkatı ilə devrilən prezident Viktor Yanukoviç və Batkivşina Partiyasının lideri Yuliya Timoşenko idi. Qalmaqallı seçki debatlarında da ölkənin milli maraqlarından ən çox çıxış edən elə xanım siyasətçi olub. Yuşşenko hakimiyyətdə olduğu dövrdə qərbyönümlü, Yanukoviç isə rusmeyilli siyasi kurs yürüdüb. Hazırda Ukraynanın siyasi həyatında Yanukoviç “ölüb”, Yuşşenko isə “can verir”. İnqilabın üzə çıxardığı yeni nəsil siyasətçi Poroşenko dövləti idarə edir, amma əhalinin əksəriyyəti ondan narazıdır. Daha doğrusu, çox cüzi hissəsi – təxminən 7-8 faizi razıdır”.

Z.Əmrəliyev qeyd edib ki, digər ukraynalı siyasətçilərdən daha populyar olan M.Saakaşvilinin düşdüyü vəziyyət Rusiyada Aleksey Navalının vəziyyətinin daha pis üzüdür:

“Ukraynada növbəti prezident seçkilərinə 1 ildən bir qədər artıq vaxt qalıb. Ukrayna Konstitusiyası və “Ukrayna Prezidentinin seçkilərinin keçirilməsi haqqında” qanuna uyğun olaraq növbəti prezident seçkisi 31 mart 2019-cu ildə keçirilməlidir. Artıq gün kimi aydındır ki, möcüzə baş verməsə, Saakaşvili seçkidə namizəd ola bilməyəcək. Bu baxımdan hazırda Ukraynada narazı elektoratı arxasınca apara biləcək ən uyğun lider, zənnimcə xanım Timoşenkodur. Saakaşvilinin gedişi, belə demək mümkünsə, Timoşenkonu canlandırdı. Onun hakimiyyətə gəlişinə isə nə Qərb, nə də Rusiya müqavimət göstərməz. Çünki hər iki tərəflə münasibəti yaxşıdır. Ehtimal etmək olar ki, Ukraynanın 2019-cu ildən sonrakı 5 il üçün prezidenti Timoşenko olacaq. Zənnimcə, o, seçkiqabağı təbliğat zamanı Saakaşvilidən istifadə edəcək. Saakaşvili isə ən azı Ukraynaya dönə bilmək üçün ona dəstək verəcək. Ancaq bu zaman rollar dəyişəcək; Poroşenkonun Saakaşvili ilə bağlı yaşadıqlarını bu dəfə Timoşenko yaşayacaq. Belə ki, Timoşenko Saakaşvilinin tərəfdarlarının da səsini əldə etməklə seçkidə qalib gəlsə, baş nazir vəzifəsini ona verməyə məcbur olacaq. Saakaşvili isə ambisiyalı siyasətçidir və Poroşenkoya yaratdığı çətinliyi bu dəfə Timoşenkoya yaradacaq. Görünən budur ki, Timoşenko asanlıqla prezident ola bilər, ancaq hakimiyyəti böyük çətinliklə idarə edəcək. Əgər proseslər bu istiqamətdə gedərsə, Timoşenko həqiqətən də prezident seçilərsə 5 illik hakimiyyəti dövründə çox ehtiyatlı olmalıdır. Azacıq ehtiyatsızlıq əks halda 58 yaşlı xanım siyasətçini siyasi səhnədən birdəfəlik silə bilər”.
Tarix: 25-02-2018, 14:03
Xəbəri paylaş





Xəbər lenti