Amerikalı generaldan həyəcanlı bəyanat:"Rusiya birbaşa Birləşmiş Ştatların mövcudluğuna təhlükədir"


ABŞ Hərbi Hava Qüvvələrinin generalı, Strateji Komandanlığın rəhbəri Con Hayten bugünkü konfransda Birləşmiş Ştatlara Rusiya, Çin və Şimali Koreyadan gələn təhdidlərdən danışarkən səs-küylü bəyanatla çıxış edib. General bildirib ki, Rusiya birbaşa Birləşmiş Ştatların mövcudluğuna təhlükə yaradır. Haytenin fikrincə, adıçəkilən üç ölkə arasında ABŞ-a birinci dərəcəli təhdid yaradan da elə Rusiyadır.





Çin və Şimali Koreyadan gələn təhdidləri də qiymətləndirən general hesab edir ki, Çin öz tempilə o biri iki ölkədən daha sürtlə inkişaf edir: «Rusiya birbaşa ölkəmizin mövcudluğuna təhlükə yaradır. Bu məsələyə də məhz bu aspektdən baxmalıyıq. Rusiya, Çin və Şimali Koreyadan dövlətimizə fərqli xarakterdə və fərqli tempdə təhdid gəlir. Birləşmiş Ştatlar isə eyni anda bu təhdidlərin hər birinə diqqət ayırmalıdır. Koreya problemi Çin və Rusiya problemindən fərqlənir. Koreya ilə bağlı elədiklərimiz Çinə də yansıyır. Eləcə də Çinlə bağlı etdiklərimiz Rusiyaya".

Haytenin sözlərinə görə, Pentaqon Rusiya və Çindən gələn təhdidləri neytrallaşdırmaq üçün 686 milyard dollar istəyib. Bu, ABŞ tarixindəki nəhəng məbləğlərdən hesab olunur.

General bildirib ki, hər üç ölkəni dost və tərəfdaş kimi görmək istəyərdi: "Lakin ortaya sizə tuşlanmış silah çıxırsa, bir zabit və komandan kimi, başqa çıxış yolum qalmır. Mən artıq təhdid görürəm və ona qarşı necə müqavimət göstərəcəyimizi düşünməli oluram".

Haytenin fikrincə, hazırkı yüzillikdə nüvə sınaqları keçirən yeganə ölkə olan Şimali Koreya da ABŞ-a xüsusi təhdid yaradan ölkədir: "Koreya yaxın dövr üçün ən qeyri-müəyyən və eyni zamanda ən böyük təhdidi yaradır. Biz bu il ərzində vəziyyətin hansı istiqamətə dəyişəcəyini bilmirik. Hazırda yarımadada müsbət şeylər baş verir. Lakin biz gözləməli və baxmalıyıq ki, vəziyyət Olimpiada başa çatandan sonra necə olacaq".





Şimali Koreya ilə mümkün savaşa da toxunan Hayten bildirib ki, hərbi geyimdə olan istənilən şəxs müharibə istəmir: "Biz bu yarımadada savaş istəmirik. Əgər orada olmusunuzsa, bilirsiniz ki, bu yolla getmək istəmirik".

Çinin Şimali Koreyanın yaxın müttəfiqi olduğunu deyən general bu ölkənin eyni zamanda ABŞ-a da böyük təhdid yaratdığını vurğulayıb: "Çinin kosmik sistemlərinin və hərbi potensialının inkişaf tempi Rusiyadan da, Şimali Koreyadan da sürətlidir. Ümumumiyyətlə, dünyada heç bir ölkə inkişaf tempinə görə Çindən irəlidə deyil. Çin bütün rəqiblərdən daha sürətlə irəli gedən ölkədir. Düzdür, əvvəlki kimi, əksər kateqoriyalar üzrə Birləşmiş Ştatlardan geri qalır. Amma yenə də olduqca çevikdir".

Con Hayten obyektivliyi və prinsipiallığı ilə tanınan generallardandır. Ötən ilin sonlarında Birləşmiş Ştatlarla Şimali Koreya arasında gərginlik artanda general bildirmişdi ki, Donald Trampın nüvə zərbəsi barədə əmrini qanunsuz sayacağı halda, onu yerinə yetirməyəcək. "Biz axmaq deyilik, məsuliyyət daşıyırıq", – deyə general əlavə etmişdi.

Tərcümə Strateq.az-ındır
Tarix: 1-03-2018, 22:52
Xəbəri paylaş





Xəbər lenti