Ankaraya yeni sanksiya hədəsindən sonra: Vəziyyət gərginləşir

Ankaraya yeni sanksiya hədəsindən sonra: Vəziyyət gərginləşir
Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri almaq istəməsi NATO-dakı müttəfiqi ABŞ-ı narazı salıb. Vaşinqton Ankaranı bundan imtina etməyə çağırıb. Əks təqdirdə, Türkiyəyə sanksiya tətbiq edilə bilər. Dövlət katibi Reks Tillersonun fevral ayının birinci yarısında Ankaraya səfəri zamanı Türkiyə rəhbərliyi ilə məhz S-400-lərin idxalı məsələsini müzakirə etdiyi bildirilir. ABŞ xarici siyasət idarəsinin rəhbəri Rusiyadan raket hücumundan müdafiə sistemlərinin alınmasını dayandırmağı tələb edib. O əks təqdirdə, Türkiyəyə qarşı sanksiyalar tətbiq edəcəyini bəyan edib.

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində ABŞ-ın bu səylərinin artıq keçikmiş addım olduğunu deyib. Çünki Türkiyə “S-400” zenit- raket komplekslərinin alınması prosesinin icrasına başlayıb:



“Kredit məsələsi həll olunub və ödəniş məsələsi də tərəflər arasında razılaşdırılıb, həyata keçirilib. ABŞ-ın bu yöndəki təhdidləri Türkiyəni geri çəkilməyə vadar edəcək gücdə deyil. Onsuz da müasir silahların Türkiyəyə satılması yönündə müəyyən qeyri-rəsmi embarqolar mövcuddur. Bu da əslində İŞİD-lə bağlı yaranmış bir vəziyyətdir. Məhz bu cür məhdudiyyətlər Türkiyəni vadar etdi ki, qısa müddətdə öz müdafiə sənayesini inkişaf etdirsin. Məhz bunun nəticəsidir ki, bu gün Afrin əməliyyatında istifadə olunan 90-a qədər silah Türkiyənin yerli imkanlarla istehsal etdiyi silahlardır. O baxımdan düşünürəm ki, ABŞ-ın Türkiyəyə edə biləcəyi hansısa ciddi sanksiyalar yoxdur. Başqa yöndə əgər sanksiyalar tətbiq olunacaqsa, təbii ki, bu sanksiyalar birtərəfli deyil, qarşılıqlı olacaq.

Bu da iki dövlət arasında münasibətləri çox ciddi sarsıda bilər. Çünki bu münasibətlər çox gərgin bir müstəvidə davam edir və bu gərginliyi aradan qaldırmaq üçün xüsusi bir mexanizm yaradılıb. Bu ortaq işçi qrupu komitəsi mart ayının 8-də ilk görüşünü keçirəcək. Bu məsələlər həll olunmadan, münasibətlər tənzimlənmədən, yenidən Türkiyəni hansısa sanksiyalarla hədələmək absurd olduğu qədər də, hətta qeyri-real və gülüncdür. Ona görə də ABŞ hakimiyyətində mərkəzləşmə deyilən bir anlayış demək olar ki, qalmayıb. Yəni hakimiyyət o qədər bölünmüş və başını itirmiş bir vəziyyətdədir ki, açığı yetənə yetir, yetməyənə bir daş atır, farağat durmur. Bu da təbii ki, ABŞ üçün çox böyük problemlər yaradır. Bu təkcə Türkiyə ilə deyil, ABŞ-ın ənənəvi müttəfiqi olan Avropa Birliyi ilə də münasibətlərdə ciddi fəsadlar yaratmağa başlayıb. Artıq düşünən, narahat olan tərəf Türkiyə deyil, məhz ABŞ olmalıdır”.

Qeyd edək ki, yalnız Türkiyə deyil, Hindistan, Çin, eləcə də ərəb ölkələri də davamlı olaraq “S-400” ZRK alınması üçün Rusiyaya müraciət edib. Bu isə ABŞ-ı ciddi narahat edir.

Politoloq bu məsələyə də toxunub. O, deyib ki, ilk növbədə Ərəb dünyasında mövcud olan ölkələr birmənalı olaraq təkcə ABŞ silahından asılı olmaq istəmirlər:

“ABŞ-ın ərəb ölkələrinə satdığı silahlar Rusya silahlarından dəfələrlə bahalıdır. Buna rəğmən ABŞ digər ölkələrə müəyyən məhdudiyyətlər və problemlər də yaradır. Bu tip silah sanksiyaları və yaxud Konqresdən icazə kimi süni məhdudiyyətlər yaratmaqla silahın qiymətini artırırlar. Yaxud da ki, hansısa geosiyasi tələblərini yerinə yetirmək üçün ərəb ölkələrinə müəyyən məqsədlərdə bulunublar. Bu ərəb ölkələrini dolayısı ilə Rusiyaya tərəf zaman-zaman yönəldir. Bu gün Rusiya ABŞ-dan fərqli olaraq Yaxın Şərqdə çox böyük nüfuza malik ölkələrdən biridir. Bu da qətiyyən gözardı edilə bilməz. O baxımdan ərəb ölkələri Rusiya ilə münasibətlərdə çox həssas davranırlar. ABŞ-ın bütün istəklərinə rəğmən Rusiya silahlarını ərəb ölkələri almaqda davam edəcək”.(Cebhe.info)
Tarix: 3-03-2018, 22:18
Xəbəri paylaş





Xəbər lenti