“Lavrovun Pxenyana səfəri proseslərə ciddi zərbə vura bilər” - POLİTOLOQ

 Xəbər verildiyi kimi, dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya səfər edib.
Səfər çərçivəsində S. Lavrov Pxenyanda Şimali Koreya lideri Kim Çen İn ilə görüşüb. Görüşdə iki ölkənin əlaqələri və Koreya yarımadası ətrafındakı son vəziyyət müzakirə edilib. Həmçinin Lavrov Kim Çen İni Rusiyaya səfərə dəvət edib.
Lavrov Şimali Koreyaya səfəri zamanı Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho ilə də görüşüb, Koreya yarımadası ətrafındakı vəziyyəti müzakirə ediblər və digər beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, bu, S. Lavrovun Pxenyana sayca üçüncü səfəridir. Bundan əvvəl S.Lavrov 2004 və 2009-cu illərdə KXDR-ə səfər edib.
Nəzərə alsaq ki, Rusiyanın xarici işlər naziri S. Lavrovun Şimali Koreyaya səfəri ABŞ və KXDR liderlərinin görüşü ərəfəsində baş tutub, ona görə də ola bilsin ki, Lavrovun səfəri ABŞ və KXDR liderlərinin görüşünü əngəlləmək məqsədi daşıyır. Çünki 2009-cu ildən sonra KXDR-ə səfər etməyən S. Lavrovun səfərinin məhz bu ərəfəyə təsadüf etməsi onu deməyə əsas verir. Görünür ki, Rusiya ABŞ-Şimali Koreya, Cənubi-Koreya-Şimali Koreya münasibətlərinin normallaşmasında maraqlı deyil. O üzdən də tələsik Rusiya XİN başçısı Pxenyana səfər edib. Çünki iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla və KXDR lideri Kim Cen In görüşməlidir. Hətta dünən Koreya Xalq Demokratik Respublikasının (KXDR) Əmək partiyasının vahid cəbhə şöbəsinin müdiri Kim Yon Çxol ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında görüşün hazırlanması üçün Nyu-Yorka gəlib. Kim Yon Çxol dünən ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə ABŞ və KXDR liderlərinin görüşünün təfərrüatlarını müzakirə ediblər.
Qeyd edək ki, Kim Yon Çxol 2000-ci ildən ABŞ-a səfər edən ən yüksək vəzifəli KXDR nümayəndəsi olub.
“Rusiyanın Pxenyana təsir göstərmək imkanları var”
 
Rusiya xarici işlər naziri S. Lavrovun Pxenayana səfərini şərh edən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, Rusiya indiyə qədər Pxenyanla sıx əlaqələr saxlayıb və bu əlaqələrdə anti-ABŞ, anti-Cənubi Koreya mövqeyinin möhkəmlənməsində qızışdırıcı rol oynayıb: “Mən düşünmürəm ki, Lavrovun səfəri bölgədə əmin-amanlığa və iki parçalanmış xalqın birləşməsi ilə bağlı problemlərə kömək edəcəkdir, əksinə, proseslərə ciddi zərbə vura bilər. Rusiya ilə Şimali Koreya Respublikası arasında ticari əlaqələr var, özü də bu ticari əlqalər hərbi texnikanın verilməsindən tutmuş mavi qazın ölkəyə ötürülməsinə qədər bir sahəni əhatə edir. Koreyanın ballistik raketlər istehsalında müəyyən uğurlar qazanmasında da Rusiyanın töhvəsi az deyil və dəqiq müəyyənləşdirilib ki, bu ballistik raketlərin matorları Rusiya tərəfindən təmin edilib. Üstəlik Rusiya Pxenyana digər hərbi ləvazimatlar, hətta zirehli texnika da ötürüb. Yəni Rusiya Pxenyan münasibətləri əvvəllər daha yüksək səviyyədə olub. İndi isə bu əlaqələr normal, isti münasibətlər səviyyəsində inkişaf edir. O baxımdan, Rusiyanın Pxenyana təsir göstərmək imkanları var. Əgər indiyə qədər Pxenyan həm nüvə sınaqları, həm də ballistik raketlər sahəsində şıltaqlıq edirdisə, dünya ictimai rəyinə əhəmiyyət vermirdisə, burada Rusiyanın qızışdırıcı rolunu xüsusi qeyd etmək lazım gəlir. İndi Rusiya eşidəndə ki, Şimali Koreya ilə Cənubi Koreya arasında bir siyasi polemika yaşanır, bu siyasi polemikanın müsbət məzmunu var, hər iki ölkənin rəhəri artıq iki ölkənin birləşə biləcəyi ehtimalından da danışmağa başlayıb, üstəlik dünənə qədər Rusiya Pxenyandan Amerikaya qarşı həm nüvə təhdidləri sahəsində, həm də digər məsələlərdə bir vasitə kimi istifadə edib. İndi Amerika-Şimali Koreya dialoqunun baş tutması ehtimalı var. Xüsusilə şimalla cənub arasında münasibətlərin xeyli həlimləşməsi Moskvanın heç də ürəyincə deyil və Lavrovun səfəri də mən inanmıram ki, xasiyyət etibarı ilə dəyişkən olan Şimali Koreya liderinin konstruktiv davranışlarına kömək edəcək, əksinə, onun həyata keçirməyə çalışdığı böyük dialoq praktikasını dayandırmğa da gətirib çıxara bilər. Çünki Amerika prezidenti ilə Şimali Koreya liderinin görüşü ilə bağlı müəyyən tərəddüdlər, çəkinmələr hələ də tam aradan qalxmayıb. O baxımdan, Şimali Koreya lideri kifayət qədər dəyişkən xaraketerə malik bir adam olduğundan Lavrovun təlqinlərinə tabe ola bilər. Bu nöqteyi-nəzərdən Amerika hər dəfə deyəndə ki, Çin və Rusiya Şimali Koreyanın təhdidedici mövqedən konstruktiv mövqeyə keçməsinə yardım edə bilərlər, o zaman Rusiya da, Çin də əllərindən gələni edirlər. Amma faktiki olaraq Pxenyanı qızışdırmaq siyasəti həyata keçirirlər. Lavrovun səfərinin nəticəsinin Trampla Kim Çen Inın görüşünün baş tutmamağa gətirib çıxarmasını söyləmək indi çətindir. Amma söhbətlərin o istiqamətdə olacağını istisna etmirəm”.
“Rusiya dünyada hökmranlığını bərpa etmək istəyir”
“Rusiyanın Şimali Koreyanın ABŞ və Cənubi Koreya ilə münasibətlərini pozmaqda məqsədi odur ki, Rusiya fövqəl dövlət olmaq istəyir, dünyada hökmranlığını bərpa etmək istəyir. Bu yolda onun qarşısını kəsən yeganə dövlət ABŞ-dır, müəyyən qədər Yaponiya və Cənubi Koreyadır. Indiyə qədər isə Şimali Koreya Moskva və Pekinin əlində bir oyuncaq kimi, xüsusən Amerikaya qarşı bir təhdid obyekti kimi istifadə edilirdi. Rusiya belə hesab edirdi ki, Pxenyanın nüvə təhdidləri və şıltaq siyasəti xeyli dərəcədə Amerikanı qorxuya sala bilər və onun qüvvələrinin bir hissəsini bu istiqamətə cəmləşdirməyə vadar edə bilər. Bu da bir növ Amerikanın izafi xərclərinə gətirib çıxara bilər ki, bu da Rusiyanın ürəyincədir. Bu, Rusiyanın apardığı siyasətin əsas elementlərindən biridir”, - deyə politoloq vurğuladı.
“Görüşün baş tutması ehtimalı daha böyükdür”
“İyunun 12-də Sinqapurda Amerika prezidenti Trampla Koreya lideri Kim Çen Inın görüşünün baş tutacağını güman edirsinizmi” sualına Q. Hüseynli belə cavab verdi: “Şimali Koreya liderinin dəyişkən xarakterini, üstəlik də Lavrovun ona təlqinlərini nəzərə almadan bu barədə fikir yürütmək çətin ola bilər. Çünki Lavrovun təlqinləri Kim Çen Inı təsiri altına sala bilsə, ona Rusiyanın mövqelərini diktə edə bilsə, danışıqlar alınmaya da bilər. Amma burada nəzərə alsaq ki, Cənubi Koreyanın, Yaponiyanın, Amerikanın özünün təlqinləri var və bunlar daha əhəmiyyətli rol oynaya bilər, onda görüş baş tuta bilər. Zənnimcə, görüşün nəinki baş tutmaması, baş tutması ehtimalı daha böyükdür. Çünki görüş baş tutmasa, Şimali Koreya üçün müharibə variantı meydana gələ bilər ki, bu da həmin ölkə üçün arzuolunan deyil.
Şamo EMİN, Hurriyyet.org
Tarix: 2-06-2018, 08:13
Xəbəri paylaş





Xəbər lenti