Gürcü banditlər Almaniyanı təngə gətirib - Almanlar çarə düşünür


Avropanın cənub-şərq bölgəsindən gələn cinayətkar qruplar Almaniyaya qorxu saçır. Onların bir çoxu Almaniyada guya siyasi sığınacaq almaq istəyən Gürcüstan vətəndaşlarıdır.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Focus” qəzetində Tomas Hauzer imzası ilə xüsusi yazı dərc olunub.
“Gürcü kriminallar Almaniyada 1-ci il deyil ki fəaliyyət göstərirlər. Situasiya xüsusilə Avropa Birliyinin 2017-ci ilin martından bu yana ölkə vətəndaşlarına viza rejiminin ləğv etməsindən sonra daha da kəskinləşib.

Buna görə Gürcüstan vətəndaşları 90 gün ərzində Avropa Birliyi ərazisində heç bir məhdudiyyət olmadan ola bilərlər”, - Almaniyada polislərin həmkarlar təşkilatının nümayəndəsi Volfqanq Şonvald qəzetə bildirib.

Son zamanlarda isə Gürcüstandan çıxan kriminal elementlərin siyasi sığınacaq almaqla bağlı vəsatətləri çoxalıb. Ərizələrə baxıldığı müddətdə isə bu adamlar evlərə girib qarətçiliklə məşğul olurlar. Ərizəyə imtina cavabı verilənədək isə onlar könüllü olaraq Almaniyanı tərk edir və beləliklə, yenidən gəlmək hüquqlarını qoruyub saxlayırlar. Bu yolla kriminal ünsürlər onları uzun müddət Almaniyadan kənarda tuta biləcək deportasiya təhlükəsindən qurtulmuş olurlar”, -Şonvald qeyd edir.
Şonvaldın sözlərinə görə, gürcü bandaları vahid cinayətkar şəbəkənin tərkib hissəsi kimi fəaliyyət göstərir və onların bütün fəaliyyəti yüksək təşkilatçılıqla vahid mərkəzdən koordinə edilir. “Bir qrup evləri izləməklə, digəri isə qıfılı sındırıb evi yarmaqla məşğul olur. Özü də son dövrlərdə Gürcüstandan siyasi sığınacaqla bağlı vəsatətlərin çoxalması bizi olduqca şübhəyə salıb”.

Almaniya parlamentinin Daxili İşlər Nazirliyindəki katibi Ştefan Mayerin fikrincə, bunun çarəsi Gürcüstanı miqrant qəbul etmək üçün təhlükəsiz ölkələr siyahısına daxil etməkdir. Yəni bu yolla Gürcüstandan siyasi qaçqın statusu almaq istəyən, lakin əslində cinayət məqsədi ilə Almaniyaya üz tutanların sayını azaltmaq və sui-istifadələrin qarşısını almaq olar.
Həmin ideyanı Almaniya polislərinin həmkarlar ittifaqı Şonvaldın dili ilə dəstəkləyir. Lakin onun gerçəkləşməsi olduqca çətindir.

Belə ki, sözügedən qərarı qəbul etmək üçün Daxili İşlər Nazilriyi öncə Almaniya parlamentinin yuxarı palatası hesab olunan Bundestaqın razılığını almalıdır.

“Problem həll olunana qədər isə polislərimiz Cənubi Qafqazdan gələn bandaların törətdikləri qarətlərə qarşı mübarizə aparmaqdan ötrü yalnız öz gücünə güvənməli olacaq”, - məqalə müəllifi Tomas Hauzer sonda qeyd edib.

Tarix: 2-06-2018, 16:50
Xəbəri paylaş





Xəbər lenti