“Rusiyanın yetərli rıçaqı var ki, Ermənistanı öz quluna çevirsin” -Qafar Çaxmaqlı


Ermənişünas alim rus ekspertin “Böyük Ermənistan” iddiası barədə danışdı

Ermənistanda “inqilab” nəticəsində hakimiyyəti ələ keçirən Nikol Paşinyanın Qərbə bağlılığı barədə iddialar getdikcə daha çox təsdiqini tapmaqdadır. Yeni baş nazirin hökumətə əsasən Qərb təhsili almış, yaxud ABŞ və Avropa ölkələrində çalışmış şəxsləri cəlb etməsi də onunla bağlı səslənən arqumentləri təsdiqləyir.

Eyni zamanda ABŞ-da Ermənistanı dirçəltməklə bağlı layihələri işə salması diqqət cəlb edir. Paşinyan Rusiya ilə strateji müttəfiqliyə və öhdəliklərə sadiq qalacağını söyləməkdə davam etsə də, İrəvanın tədricən sanksiyalar burulğanı ilə üzbəüz qalan “ağa”sından uzaqlaşma xətti götürdüyü diqqət çəkir.

Bu arada rusiyalı tanınmış analitik və tarixçi alim Oleq Kuznetsov bildirib ki, Rusiyadan qopmaq üçün Nikol Paşinyana 3 il bəs edə bilər. Analitikin sensasion iddiasına görə, “Böyük Ermənistan”ın yaradılması ideyası tarixi baxımdan nə qədər absurd olsa da, bu gün ABŞ-a çox gərəklidir: “İlk növbədə də bu, özünün əsas rəqiblərinə, düşmənlərinə və sözəbaxmayan müttəfiqlərinə siyasi təsir aləti kimi lazımdır. Söhbət Rusiyadan, İrandan, Türkiyədən və Azərbaycandan gedir - hansı ölkələr ki, absurd ideyanın gerçəkləşməsi onlara ciddi ərazi itkisi təhlükəsi vəd edir”. Fikirlərinə davam edən təhlilçi yazır: “O halda Krasnodar və Stavropol diyarlarında, Rostov vilayətində, ermənilərin üstünlük təşkil elədiyi ayrı-ayrı inzibati rayonlarda Rusiya erməni siyasi separatçılığı və gizli terrorçuluğu təhlükəsi ilə üzləşəcək. İran Urmiya, Salmaz və digər şimal-qərb vilayətlərində Ermənistanın iddiaları ilə üzləşəcək - şimalda İrana qarşı cəbhə açılmasının mükafatı olaraq. Ermənistanın Türkiyənin şimal-şərq regionlarına - Ərzurum və Trabzondan tutmuş, Hakkari və Diyarbəkirə ərazi iddiaları isə yüz ildir bütün dünyaya məlumdur. Azərbaycana gəlincə, o, Qarabağ müharibəsi nəticəsində artıq öz ərazisinin 1/5-ni itirməklə yanaşı, Naxçıvanı itirmək riski ilə də üzləşə bilər. Başqa sözlə, hələlik Ermənistana siyasi nəzarət imkanı əldə edən ABŞ onun qonşularına çox ciddi siyasi təsir aləti qazanıb. Gürcüstan NATO-ya üzv olandan sonra isə Ermənistanın da alyansa yolu açılacaq və Amerika siyasi təsirinə hərbi komponent əlavə olunacaq və bölgədə güclərin konfiqurasiyası kardinal şəkildə dəyişəcək”.

Müəllifə görə, qeyd edilən təhlükəyə qarşı adıçəkilən 4 ölkə indidən, uzağı gələn il tədbirlər görməlidir.

“Birdəfəlik bilinməlidir ki, hələ uzun müddət nə Rusiya, nə də Ermənistan bir-birindən imtina edə bilməzlər. Ermənistan əvvəllər də manevrlər edib və daim özünü elə göstərib ki, guya Qərbə meyllənir. Bu da onun üçün edilib ki, Rusiya ondan daha bərk yapışsın”.

Bu fikirləri isə yuxarıdakı iddiaları “Yeni Müsavat”a şərh edən ermənişünas alim Qafar Çaxmaqlı söylədi. Ekspertin fikrincə, bəlkə də Paşinyanın hakimiyyətə gətirilməsi erməni bicliyinin bir həlqəsidir: “Gürcüstanın NATO-ya daxil olması da hələ böyük sual altındadır. Bu, baş versə belə, Ermənistan Rusiyanın caynağından qopa bilməz. Oleq Kuznetsovun sözlərindən belə çıxır ki, Amerika ona keçmiş planını - V.Vilsonun ortaya atdığı plandan söhbət gedir - ”Böyük Ermənistan"ı qurmağı vəd etməklə özünə tərəf çəkə bilər. Bu da mümkün görünmür. Bu ideyanın artıq xəyali bir şey olduğunu ermənilər özləri də anlamaqdadır və buna heç zaman getməzlər. Zaman o zaman deyil. “Erməni soyqırımı” deyilən yalan da onun kimi. Erməni ideologiyasında yer alan “dövlətlərin” biri Qara dənizə uzanmalı idi, digəri Aralıq dənizində, üçüncüsü Xəzər dənizi sahilində olmalı idi, sonra bunlar birləşdirilməli idi. Ermənilər Birinci Dünya müharibəsi zamanı və ondan sonrakı dövrdə də “Böyük Ermənistan” qurmaq üçün fəaliyyətlərini genişləndiriblər. Hətta Güney Azərbaycanın Qərb bölgəsində Asurilərlə və kürd əşirətləri ilə müsəlman əhalisini müəyyən ərazilərdən çıxarmağa cəhd ediblər. Burada böyük qətliamlar yaşandı, amma daha sonrakı tarixlərdə eynilə Şərqi Anadoluda olduğu kimi, onların burada yaşamağa üzləri olmadı".

Q.Çaxmaqlı qeyd etdi ki, ermənilərin Şərqi Anadolunun bir hissəsinə də iddia etməsi xəyaldan başqa bir şey deyil: “Heç işğal altında saxladıqları Qarabağı belə, özününkü edə bilmirlər, erməni əhalinin gələcəkdə burada qalıb yaşaması belə sual altındadır. Rusiyanın yetərli rıçaqı var ki, Ermənistanı öz quluna çevirsin. Kuznetsov düz deyir, o rıçaqlardan biri də Krasnodar, Stavropol və digər vilayətlərdə toplu halında yaşayan erməni əhalidir. Burada isə separatçılığa heç vaxt imkanlar yarana bilməz”.

Siyasi təhlilçi bildirdi ki, Ermənistanın gələcəkdə də müstəqil dövlət kimi yaşaması və tək xilas yolu Türkiyə və Azərbaycanla əlaqələr qurmaqdan keçir: “Bunun üçün isə o, Qarabağdan işğalçı ordusunu çıxarmalıdır. Ermənistan indiki halda ABŞ-a heç lazım deyil. ABŞ üçün Azərbaycan daha önəmlidir, enerjiyə görə. Son vaxtlar İlham Əliyevə Trampın məktubu, daha sonra prezidentimizi ölkəsinə dəvət etməsi də bu qəbildəndir. Ermənistanı da ABŞ nəzarət altına almaq istərdi, amma inanmıram ki, bu mümkün olsun. Çünki Rusiya ona hərbi poliqon kimi baxdığından buranı Amerikaya güzəştə getməsi çətin məsələdir”.(“Yeni Müsavat”)


Tarix: 6-06-2018, 09:49
Xəbəri paylaş





Xəbər lenti