Rusiya SSRİ kimi parçalana bilər: - “ABŞ və Avropa buna imkan verməyəcək”


Ukrayna ilə müharibə Rusiyanın siyasi və iqtisadi çöküşünün başlanğıcı ola bilər.

Bu baxımdan, Ukraynadakı müharibə Rusiya üçün sınaq hesab edilir. Ciddi hərbi müqavimətlə üzləşən Rusiya Ordusu müharibədə məğlub olarsa, yalnız Ukrayna deyil, bütövlükdə Qərb bloku geosiyasi mübarizədə qalib gələcək. Bu isə dünya düzənin dəyişməsi ilə nəticələnə bilər. Əgər hərbi əməliyyatları dayandırmasa, beynəlxalq iqtisadi sanksiyalara məruz qalan Rusiyanın SSRİ-nin siyasi taleyi ilə üzləşəcəyi ehtimal olunur. Bu isə Rusiyanın parçalanması və federativ subyektlərin müstəqil dövlətə çevrilməsi deməkdir.
Belə bir prosesin baş verməsi Rusiya ərazisində 8 müstəqil türk dövlətinin yaranmasına gətirib çıxara bilər. Söhbət Tatarıstan, Başqırdıstan, Yakutiya, Çuvaşiya, Altay diyarı, Xakasiya, Tuva, Qaraçay-Çərkəz respublikalarından gedir. DİA.AZ-ın məlumatına görə, politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında belə bir ehtimalın mümkün olduğunu deyib.

Lakin ekspert hesab edir ki, bu prosesin reallaşması beynəlxalq siyasi vəziyyətdən asılı olcaq:

“Belə bir fürsətin reallaşması mümkündür. Ancaq ABŞ və Avropa dövlətləri belə bir imkanın reallaşmasına imkan verməyəcək. Çünki bu, dünya üçün mənfi nəticələrə gətirib çıxara bilər. Buna baxmayaraq, Rusiya dövləti çökərsə və ya zəifləsə, Tatarıstan müstəqilliyə can atacaq.

Eləcə də, digər türkdilli xalqlar buna can ata bilər. Lakin bu, çox ağrılı, çətin bir proses olar. Ona görə də bu prosesi proqnozlaşdırmaq mümkün deyil. Böyük Qərb dövlətləri istəsə, bu mümkün ola bilər. Rusiyada isə 200-dən artıq millət və xalq var. Onların hamısı müstəqillik əldə etməyə can atsa, o zaman beynəlxalq siyasi xaos yaranar. Ancaq mən Tatarıstan, Başqırdıstan, Tuva, Buryatiya türklərinin belə bir istəkdə olacağını güman edirəm”.

Qabil Hüseynlinin proqnozlarına görə, Qərb Rusiyanı dünya nizamına uyğunlaşan dövlət kimi görmək istəyir və bu baş verəcək. Eyni zamanda, Rusiya zəifləyəcəyi təqdirdə, ölkə daxilində mərkəzdənqaçma prosesi güclənəcək. Dəqiq fikri isə Rusiyada daxili ictimai vəziyyətin gedişindən asılı olaraq söyləmək olar.

Politoloq onu da qeyd etdi ki, Rusiya dünya nizamına uyğun demokratik dövlətə çevrilərsə, bu ölkədə yaşayan millətlərin hüquqları daha yüksək səviyyədə təmin ediləcək.
Tarix: 28-02-2022, 22:13
Xəbəri paylaş





Xəbər lenti