“Müharibə uzandıqca Rusiya ordusu azğınlaşır”


“Kreml Ukraynada istədiyi nəticəni əldə etmədikcə, müharibə uzandıqca Rusiya ordusu azğınlaşır. Kreml bu savaşda eyni millətləri də üz-üzə qoyur. Rusiya prezidenti Vladimir Putin son çıxışlarının birində ölkəsində yüzlərlə millətin və etnik qrupun yaşadığını xüsusi vurğulamışdı. Bu o deməkdir ki, bu millət və etnik qrupların gəncləri savaşa – işğala cəlb olunacaqlar”.
 
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.
 
E.Şahinoğlu qeyd edib ki, Ukrayna ordusunun əsir götürdüyü işğalçılar arasında ruslarla yanaşı fərqli millətlərin nümayəndələri də var: “Rusiyada və Ukraynada bu iki ölkənin vətəndaşı olan azərbaycanlılar var. Ukrayna ordusunda soydaşlarımızın varlığına dair görüntülər az deyil. Onlar vətəndaşı olduğu ölkə uğrunda savaşırlar. Ancaq Rusiya ordusuna bu ölkədə yaşayan gənclərimizin cəlbi də istisna deyil. Allah eləməsin, bu müharibədə soydaşlarımız bir-birlərinə atəş açsınlar. Rusiyada yaşayan azərbaycanlılar başqa problemlərlə də üzləşiblər. Rusiya Mərkəzi Bankı sanksiyalar qarşılığında olan-qalan valyutaya nəzarəti artırıb. Bu Azərbaycandakı ailələrinə maliyyə vəsaiti göndərmək istəyən soydaşlarımızın işini çətinləşdirə bilər. Bundan başqa rublun dəyərdən düşməsi də Rusiyadakı soydaşlarımızın gəlirlərini azaldıb. Rusiya ilə Azərbaycan arasında təyyarə uçuşlarının dayandırılması da gediş-gəlişə problemlər yaradacaq. Rusiyadakı soydaşlarımız adətən Novruz bayramını vətənlərində keçirirlər. Soydaşlarımız başqa nəqliyyat vasitələrindən istifadə etmək məcburiyyətindədirlər”.
Tarix: 6-03-2022, 20:24
Xəbəri paylaş





Xəbər lenti