Rusiyaya ölümcül zərbə: Əsas gəlir kanalı bağlanır...



Kanadanın ardınca, bu gün ABŞ da Rusiyadan neft-qaz alışına embarqo qoyub. Eyni zamanda Böyük Britaniya elan edib ki, bu ilin sonunadək Rusiyanın neft-qazından tamamilə imtina edəcəklər.
İqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, Avropadan fərqli olaraq ABŞ üçün bu qərarı vermək daha asandır: “Çünki onun neft idxalında Rusiya cəmi 3 faiz paya malikdir. ABŞ-ın neft idxalında Kanada 62 faiz, Meksika 10 faiz, Səuduyyə, Kolumbiya, İraq və Ekvador birlikdə təxminən 15 faiz paya malikdir.
Avropanın neft tələbatının ödənməsində isə Rusiyanın rolu 20 faizdən az deyil. Niderland və Almaniyada isə daha yüksəkdir – 25 faiz ətrafında. Bununla belə, Avropa üçün qazdan fərqli olaraq qısa müddətdə Rusiya neftinə alternativ tapmaq imkanları daha realdır.
Qərb koalisiyasının Venesuela və İranın bazara qaytarılması variantlarını nəzərdən keçirməsi, Kanadının illik istehsalı 50 milyon tona qədər artırmaq imkanın olması barədə açıqlaması onu göstərir ki, Rusiya neftindən imtina üçün imkanlar real görünür. Hətta rusiyalı ekspertlərin öz hesablamalarına görə, ABŞ-ın şist neft istehsalını gündəlik 1,5 milyon barrel artırmaq potensialı da nəzərə alınsa, yaxın 6-8 ayda yuxarıda qeyd olunan bütün mənbələr də nəzərə alınmaqla, dünya bazarına əlavə olaraq gündəlik 5 milyon barrel neft çıxarmaq mümkündür. Bu isə Rusiyanın dünya bazarından sıxışdırılması planlanan bütün neft həcmini kompensasiya etməyə yetərlidir”.
Bəs Rusiya qazından necə, Qərbin ondan da imtina etməsi mümkündür? Ekspertə görə, qaza münasibətdə vəziyyət fərqlidir: “Ən optimist ekspertlər Rusiyanın qaz asılılığına son vermək üçün Avropaya minimum 3 il tələb oldunduğunu düşünürlər. Martın 3-də Beynəlxalq Energetika Agentiyinin bu istiqamətdə hesablaması və tədbirlər planı yayılıb. "10 addım" adlı sənəddə yaxın 1 ildə Avropa Birliyi ölkələrinin Rusiyadan qaz idxalını 155 milyard kubmetrdən 100 milyard kubmetrə qədər azaltmaq üçün qeyd edilən 10 addımın atılmasına ehtiyac olduğu qeyd edilir.
Həmin addımlardan bəziləri:
1) Rusiyadankənar müqavilələrlə (əsasən LNG hesabına) ən azı 30 milyard kub metr cəlb etmək üçün mənbə var;
2) İstismara verilməsi planan günəş və külək stansiyalarının işə salınmasını maksimum sürətləndirməklə 6 milyard kubmetr qaza qənaəti təmin etmək olar;
3) Bionenerji və atom stansiyalarının istifadə gücünü artırmaqla 13 milyard kubmetr qaza qənaət mümkündür;
4) İstehlalkçılara mənzillərini isitmə zamanı uyğunlaşdıqları maksimum tempraturdan nisbətən aşağı tempratura keçmələri təşviq edilməlidir. Bunun hesabına ən azı 10 milyard kub qənaəti təmin etmək olar
5) Binalarda və sənayedə enerji səmərəliliyini artırmaqla qısa zamanda 2 milyard kub qaza qənaət mümkündür
6) Həssas əhali qruplarının yüksək enerji qiymətlərindən müdafiəsi üçün enerji sisteminə vergi güzəştləri verilməlidir
Maraqlı və real təkliflərdir.
Yeri gəlmişkən, Rusiyadankənar qaz idxalı ilə bağlı son 2 ayda real addımlar artıq görünür. Uzun fasilədən sonra ABŞ Avropa Birliynə qaz ixracında Rusiyanı qabaqlamağa başlayıb. Məsələn, yanvarda ABŞ-ın ixracı 10.5 milyard kub, Rusiyanın ixracı isə 7,2 milyard kub təşkil edib. 2021-ci ildə də AB ABŞ-dan ən yüksək həcmdə (22 milyard kub) qaz idxal edib”.
R.Ağayevin fikrincə, Rusiya iqtisadiyyatı üçün də daha ölümcül sanksiya onun qaz ixracı imkanı saxlansa belə, qlobal neft bazarlaından izolyasiyası ola bilər: “Çünki onun resurs gəlirlərinin əsas hissəsi məhz neftdən formalaşır. Məsələn, 2021-ci ildə - hətta qazın qiymətinin daha yüksək olduğu bir ildə - Rusiyanın 250 milyard dollarlıq resurs gəlirlərinin cəmi 25 faizi və ya 62 milyard dolları qaz ixracından formalaşıb. Yerdə qalan 75 faiz xam neft və neft məhsullarının payına düşüb”.
Tarix: 8-03-2022, 22:09
Xəbəri paylaş





Xəbər lenti