Britaniyanın hakim Mühafizəkarlar Partiyasındakı liderlik yarışının ilk mərhələsində iki finalçıdan biri olan xarici işlər naziri Liz Trass vaxtilə məktəb tamaşasında Marqaret Tetçeri canlandırıbmış. İndi o, real həyatda baş nazirliyə namizəddir.
Partiyanın deputatları Boris Consonun yerinə keçmək istəyən namizədlərdən birini seçmək üçün beş dəfə səs veriblər, axıra qalanlar maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Trassdır.
Onlardan hansının Mühafizəkarlar Partiyasının lideri və Baş nazir olacağına artıq partiyanın bütün üzvləri qərar verəcəklər.
BBC-yə açıqlamasında son iyirmi ildə özünün də daxil olduğu hökumətlərin iqtisadi böyüməyə nail ola bilmədiyini deyən Trassı maliyyə naziri Sunakdan fərqləndirən ən mühüm məqam vergiləri azaltmaq vədidir. Trass bunun inflyasiyaya səbəb olmayacağını, boğulan iqtisadiyyata təzə nəfəs verəcəyini bildirir.
Trassın digər vədləri:
46 yaşlı Liz Trass Britaniyanın ikinci qadın xarici işlər naziridir. Parlamentə seçiləndən sonra hökumətdə daxili və xarici siyasətlə bağlı bir sıra mühüm vəzifələrdə çalışıb.
1975-ci ildə Oksfordda anadan olan Trassın atası riyaziyyat professoru, anası tibb bacısıdır. Hər ikisinin solçu olduğunu deyən nazir onların yolunu davam etdirməyib.
Qardaşı bir dəfə BBC radiosuna deyib ki, uşaq vaxtı Lizlə birlikdə “Monopoliya” oynamağı xoşlayıblar və uduzmağa nifrət edən Liz məğlub olmaqdansa yoxa çıxmağı üstün tutub.
Oksford Universitetində fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil alan Trass tələbələr arasındakı siyasi fəaliyyətlərdə fəal iştirak edib; əvvəlcə Liberal Demokrat Partiyasına, sonra isə Mühafizəkarlar Partiyasına üzv olub.
Təhsilini bitirəndən sonra “Shell və Cable & Wireless” şirkətlərində mühasibatlıq departamentində çalışıb, amma hələ o vaxtdan siyasətlə məşğul olmaq istəyib.
Trass siyasət meydanına 2001-ci ildə gəlib, amma 2001 və 2005-ci illərdə deputat seçilə bilməyib.
2006-cı ildə Londonun Qrinviç şəhər şurasının üzvü seçilib. 2008-ci ildən etibarən sağ mərkəzçi “Reform” mərkəzinin vitse-prezidenti vəzifəsini icra edib.
2010-cu ildə – Devid Kameronun rəhbərliyi dövründə Cənub-Qərbi Norfolk bölgəsindən deputat seçilib.
Elə həmin dövrdə Britaniyanı beynəlxalq səviyyədə gücləndirmək üçün dövlətin iqtisadiyyata müdaxiləsini minimuma endirməyə çağıran şəxslərlə – “Britannia Unchained” kitabının müəllifləriylə bir araya gəlib və Mühafizəkarlar Partiyasında azad bazarın qatı müdafiəçilərindən biri kimi tanınıb.
2012-ci ildə təhsil nazirinin müavini olaraq mühafizəkarlarla liberal demokratların birlikdə qurduğu koalisiya hökumətində təmsil olunub. Təhsil islahatları məsələsində Liberal Demokratlar Partiyasının lideri Nick Clegglə qarşı-qarşıya gəlib.
2014-cü ildə ətraf mühit, ərzaq və kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.
2015-ci ildəki partiya konfransında Britaniyanın pendir idxalı haqqında uzun və alovlu çıxışına görə bir müddət məsxərəyə qoyulub, amma yüksəlişi davam edib.
2016-cı ildə keçirilmiş referendumda Avropa İttifaqında qalmağa səs verib.
“Sun” qəzeti üçün yazdığı məqalədə “Brexit”-in “üçlü faciə” olacağını, Aİ ilə ticarətdə bürokratiyanı və direktivləri artıracağını qeyd edib. Amma sonradan “Brexit”-in hər şeyi yenidən formalaşdırmaq fürsəti yaratdığını deyərək fikrini dəyişib.
2016-cı ildə – Tereza Mey hökumətində ədliyyə naziri vəzifəsinə gətirilib. Bir il sonra hökumətin iqtisadi proqramının “ürəyi” olan quruma – Xəzinədarlığa baş katib təyin edilib.
2019-cu ildə – Boris Conson hökumətində beynəlxalq ticarət naziri, sonra isə xarici işlər naziri olub.
Rusiya Ukraynaya hücum edəndə buna qarşı ən sərt mövqe tutanlardan biri Trass olub. O, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmalı olduğunu vurğulayıb. Ukraynada döyüşə biləcək britaniyalıları dəstəkləyən açıqlamalarına görə tənqid edilib.
Xarici işlər naziri postunda Aİ və Britaniya arasındakı mübahisəli Şimali İrlandiya Protokolu məsələsini bu qurumla “Brexit”-dən sonra əldə edilmiş razılaşmanın bəzi müddəalarını pozaraq həll etməyə çalışıb, Aİ buna görə Trassı sərt şəkildə tənqid edib.