Villalar, maşınlar, xüsusi mühafizə - Qəhrəman kimi yaşayan QATİL KİMDİR?


On il əvvəl Əfqanıstanda üç silahsız avstraliyalını qətlə yetirən qaçaq əfqan əsgəri Hikmətullah paytaxt Kabildə dəbdəbəli həyat yaşayır… Onu həbsdən azad edən Taliban isə “geri qayıdan qəhrəman”a kral kimi yanaşır...

29 avqust 2012-ci ildə Əfqanıstanın Uruzqan əyalətindəkı patrul bazası olan Vahabda Əfqanıstan Milli Ordusunun çavuşu olan Hikmətullah M16 döyüş silahı ilə Avstraliya əsgərlərinə yaxın məsafədən 30-dan çox atəş açıb. O, üç hərbçini öldürüb: Styepan Miloşeviç, Ceyms Martin və Robert Poat.
Musavat.com “Guardian”a istinadən xəbər verir ki, Hikmətullah qətli törətdikdən sonra bazadan Baluçi vadisinə qaçıb və 24 saat ərzində Əfqanıstandakı Avstraliya Müdafiə Qüvvələri üçün “yüksək dəyərli” hədəf təyin edilib.

Öldürülən avstraliyalılar
O, 11 sentyabr 2012-ci ildə Uruzqan əyalətinin Darvan kəndi istiqamətində keçirilən xüsusi hava əməliyyatının yeganə hədəfi olub.
Onun kənddə gizlənməsi ilə bağlı kəşfiyyat məlumatı sonda yanlış çıxıb.
Hikmətullahın 2013-cü ilin fevralında Pakistanın qanunsuz sərhəd bölgəsində gizləndiyi aşkar edilib və o, həbs olunub.
Üç qətldə ittiham olunan və mühakimə edilən Hikmətullah ölüm cəzasına məhkum edilib, lakin cəmi 7 il - 2020-ci ilə qədər məhbusluq həyatı yaşayıb. Həbsdən çıxdıqdan sonra isə Kabilə qayıdıb.
Devrilmiş Əfqanıstan hökumətinin keçmiş yüksək vəzifəli məmuru Hikmətullahın Əfqanıstana qayıtdığını “Guardian”a təsdiqləyib.
Yüksək rütbəli keçmiş dövlət rəsmisi onu da bildirib ki, Hikmətullahın təhlükə yaratdığını əsas gətirərək azadlığa buraxılmaması üçün israr edib. Lakin 2020-ci ildə ABŞ Talibanla sülh sazişi bağlamaq istədiyi üçün onun həbsdə qalma tələbi rədd edilib.

“Hikmətullah təhlükəli terrorçudur, təhlükəli insandır. O, peşman deyil, təəssüf hissi keçirmir. Bütün dünyaya zərər verə bilər. O, azadlığa buraxılmamalı idi” - “Guardian” qəzetin mənbəsi açıqlayıb.
Onun azad edilməsi ilə bağlı danışıqlar getdiyi zaman Hikmətullah keçmiş Əfqanıstan hökumətinin rəsmisinə bildirib ki, əgər azadlığa çıxsa, əcnəbiləri öldürməyə davam edəcək.
Məlumata görə, hazırda Hikmətullah Əfqanıstanda, ABŞ-ın PUA zərbəsi nəticəsində 8 gün əvvəl öldürülən keçmiş Əl-Qaidə lideri Ayman əz-Zəvahirinin gizli evinə yaxın ərazidə təhlükəsiz mülkdə yaşayır.
Kabildə dəbdəbəli həyat sürən qatil evlər, villalar maşınlar, mühafizəçilər, külli miqdarda pulla təmin olunub və Taliban ona əsl qəhrəman kimi yanaşır.
Məlumatlı mənbə bildirib ki, Hikmətullah çox yaxşı qorunur və hazırda hökumətdə olan yüksək vəzifəli Taliban rəsmiləri ilə yaxın əlaqələri var.
Tarix: 8-08-2022, 21:47
Xəbəri paylaş





Xəbər lenti