Ukrayna müharibəsində ən kritik günlər...


Siyasi analitik: “Kreml anlayır ki, müharibənin növbəti qışda davam etməsi Rusiyanın da tükənməsinə gətirib çıxara bilər...”

“Birləşmiş Ştatlar Rusiyanın tezliklə Ukraynanın mülki infrastrukturuna və dövlət obyektlərinə yeni hücumlar planlaşdırdığına dair kəşfiyyat məlumatlarına malikdir”. Bu barədə “Reuters” amerikalı məmurun bəyanatına istinadən xəbər yayıb.
“Bizdə məlumat var ki, Rusiya yaxın günlərdə Ukraynada mülki infrastruktur və dövlət obyektlərinə zərbələr endirmək üçün səyləri gücləndirir. Rusiyanın Ukraynadakı təcrübəsini nəzərə alaraq, biz Rusiyanın zərbələrinin mülki əhali və mülki infrastruktur üçün davam edən təhdidindən narahatıq”, - açıqlamada bildirilir.
ABŞ Dövlət Departamenti isə amerikalıları təcili şəkildə Ukraynanı tərk eləməyə çağırıb.
Qeyd edək ki, avqustun 24-ü Ukraynanın Müstəqillik Günüdür. Üstəgəl, Daria Duqinanın ölümünü də Moskva artıq Ukraynanın ayağına yazıb. Bu amillər Rusiyanın Ukraynaya bu günlər hansısa sürpizlər edə biləcəyi haqda ehtimalları xeyli gücləndirir.
Bu da var ki, Ukrayna artıq ABŞ-dan uzaq mənzilli zenit-raket sistemləri də almağa başlayıb. O halda Rusiya ərazisi vurula bilərmi? Estoniyalı general deyib ki, Ukraynanın əks-hücum əməliyyatı üçün maksimum 8-10 həftə vaxtı var. Çünki payızda, oktyabrın ortalarında bu çətin olacaq. NATO baş katibi Yens Stoltenberq isə bildirib ki, Ukraynada Rusiya ilə müharibə tərəflərin tükənməsinə doğru gedir. “Qış gəlir və çox sərt keçəcək. Bu müharibə bir tükətməyə doğru gedir. Bu, iradə mübarizəsidir, logistika sahəsində mübarizədir, ona görə də biz Ukraynanı dəstəkləməyə davam etməliyik ki, suveren, müstəqil dövlət kimi qalib gəlsin”, - deyə o vurğulayıb.
Doğrudanmı müharibə qışa qədər davam etsə tərəflərin tükənməsinə gətirib çıxaracaq? Rusiyanın bu perspektivi nəzərə alaraq yaxın dövrlər və günlər üçün son ən kəskin həmləni etməsi gözləniləndir? Ümumiyyətlə bu günlərdə Rusiyanın mümkün sürprizləri ola bilərmi? 
Siyasi ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları başlayan gündən çoxsaylı senariləri oub: “Bu senarilərin böyük əksəriyyəti qısamüddətli müharibəni nəzərdə tuturdu. Müharibə, sadəcə, hərbi kontingentin, silahların iştirak etdiyi müharibə deyil və bu, sadəcə, Rusiyanın bir xarici hərbi əməliyyatı da deyildi. Ona görə də belə ehtimallar var idi ki, müharibə qısamüddətli olacaq. Amma qısamüddətli müharibə ssenariləri alt-üst oldu. Hər kəsə aydın oldu ki, müharibə uzunmüddətlidir.
Bundan sonra Rusiyanın ssenarisi belə oldu ki, hara qədər getmək, davam etmək mümkün olacaqsa, ora qədər müharibəni davam etdirmək gərəkdir. Əslində səbəblərin çoxu Rusiya daxili ilə bağlıdır. Prezident Vladimir Putin hakimiyyətinin və özünün müqəddəratının faktiki olaraq masanın üzərində olduğunun fərqindədir. O fərqindədir ki, müharibəni uduzmuş rəhbəri Rusiya və rus xalqı heç vaxt qəbul etməyib və etməyəcək. Ona görə də Putin dəqiq bilir ki, Ukrayna müharibəsini uduzmaq təkcə Rusiyanın dövlət kimi uduzmağı deyil, həm də onun bir rəhbər kimi, hətta bir şəxs kimi mövcudluğuna son qoyulmasına gətirib çıxara bilər. Ona görə də Putin sona qədər getməkdən başqa variant görmür. Bu variant isə Ukraynaya yaxın vaxtlarda “sürpriz” zərbələrin endirilməsi, indiyə qədər tətbiq olunmayan güclü silahların işə salınmasını şərtləndirə bilər.

Rusiya lideri qış fəslinin müharibədə rus ordusu üçün çətinliklər gətirəcəyini də bilir. Bu amil də qışa qədər Ukraynanı nəyin bahasına olur-olsun məğlub etmək qərarının verilməsinə səbəb ola bilər. Kreml onun da fərqindədir ki, bu müharibəni uduzması onun digər bölgələrdə maraqlarının həyata keçməsinin qarşısını alacaq, digər bölgələrdə də mövqelərinin zəifləməsinə gətirib çıxaracaq. Kreml sahibi müharibədən qalib çıxmayacağı halda Putin erasının sona çatacağını da hər halda bilir. Bu tendensiyanı durdurmaq üçün ən müxtəlif “sürprizlərə” əl atılması istisna deyil. Bütün bu ehtimalların yüksək olduğunu ABŞ da bilir. Dövlət Departamentinin və digər amerikalı rəsmilərin xəbərdarlıq xarakterli çağırışları da bununla əlaqədardır. Şübhəsiz ki, Rusiya yaxın vaxtlardan etibarən Ukraynada hərbi əməliyyatları sərtləşdirəcək. Rusiya hakimiyyəti onu da anlayır ki, müharibəni tezliklə qələbə ilə yekunlaşdırmamaq və bu müharibənin növbəti qışda davam etməsi təkcə Ukraynanın deyil, Rusiyanın da tükənməsinə gətirib çıxara bilər. Tükənmə iqtisadiyyatda, sosial həyatda, silahla təminatda və demək olar bütün sahələrdə özünü göstərəcək. Rusiyanın bu perspektivi də nəzərə alaraq yaxın dövrlər və günlər üçün son ən kəskin həmlələri etməsi gözləniləndir.
Rusiyaya qarşı dünya tarixində görünməyən miqyasda beynəlxalq səviyyədə sanksiyalar tətbiq olunur və sanksiyalar da ölkəni tükəndirmək perspektivi vəd edir. Moskva bunu da bilir ki, bu prosesdən canını ancaq Ukraynanı Rusiya ilə sülhə məcbur etməklə, sülh danışıqlarına məcbur etməklə qurtara bilər. Əgər Kiyev “Rusiya ilə danışıqlara, sülhə gedirəm” desə, həmin sanksiyaların əhəmiyyəti xeyli dərəcədə itir. Çünki qarşıdurma vəziyyətində olan iki ölkə danışıqlara gedir və razılaşır. Bu amili də nəzərə alsaq, ehtimal etmək olar ki, oktyabra qədər olan dövrdə Ukraynanı sülhə məcbur etmək üçün Rusiya tərəfinin geniş miqyaslı hücumları, zərbələri olacaq. ABŞ Ukraynanın bu zərbələrdən qorunması üçün hava hücumundan qorunma sistemlərini Kiyevə verib. Dəqiq olan odur ki, bu müharibə 2022-ci ildə başa çatmayacaq. Proseslər 2023-cü ilin martına qədər davam edəcək".
Tarix: 25-08-2022, 08:52
Xəbəri paylaş





Xəbər lenti