Ekspertlər Rusiyanın Ukraynaya müdaxiləsinin qlobal təsirlərinə diqqət çəkir

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün altı ayının tamam olduğu vaxt ekspertlər müharibənın qlobal təsirlərinə diqqət çəkir. Müharibə nəticəsində milyonlarla qaçqın ölkəni tərk edıb, ərzaq ixracı kəskin şəkildə azalıb. Birləşmiş Millətlər Təşkilatı Ukraynanın Zaporijye atom elektrik stansiyasında vəziyyətlə bağlı dünyanın “maksimum təhlükə” ilə üzləşdiyi barədə xəbərdarlıq edib.
Ukraynalılar çərşənbə günü Müstəqillik Gününü qeyd etdilər. Rusiyanın hərbi müdaxiləsinin altı ayının tamam olduğu eyni gündə Kyivdə ələ keçirilmiş Rusiya tankları nümayiş etdirildi.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ukraynalılar öz torpaqları uğrunda sona qədər mübarizə aparacaqlar.
“Bizim üçün müharibənin sonu nədir? Əvvəl sülh deyirdik, indi isə qələbə deyirik. Biz terrorçularla anlaşmaya çalışmayacağıq,” Zelenski bildirib.
Moskvada isə küçələr polis tərəfindən patrul edilib, Kreml və Rusiya prezidenti Vladimir Putin tərəfindən heç bir açıqlama verilməyib.
Ekspertlər müharibənin qlobal təsirlərinə diqqət çəkərək, onun Avropadan çox-çox uzaqlarda hiss olunduğunu qeyd edir. Bu il dünyanın bir çox yerlərində güclü quraqlıq müşahidə olunur.
ABŞ-ın Qlobal Ərzaq Təhlükəsizliyi üzrə xüsusi nümayəndəsi Keri Fouler Amerikanın Səsinə bildirib ki, Rusiyanın müdaxiləsindən əvvəl Ukrayna dünyanın qarğıdalı, buğda, arpa və günəbaxan yağını ixrac edən aparıcı ölkələrindən biri olub.
“Fevralın 24-ü Ukraynaya müdaxilədən əvvəl dünya artıq təhlükəli vəziyyətdə idi, lakin bu, bizi həqiqətən uçurumun kənarına itələdi. Qlobal miqyasda ərzaq qiymətlərinin və ərzaq məhsullarının bahalaşması həqiqətən də olduqca yüksək həddə çatdı. Bu müdaxilədən dərhal sonra biz inflyasiyanın xüsusilə də qiymətlərin yüksək olduğu dövrdə tab gətirə bilməyən bir çox inkişaf etməkdə olan ölkələrə xüsusilə ağır zərbə vurduğunu gördük,” Keri Fouler bildirib.
Bununla yanaşı, Ukraynanın mart ayından Rusiya hərbçilərinin nəzarətində olan Zaporijya atom elektrik stansiyasında potensial nüvə qəzası ilə bağlı narahatlıqlar mövcuddur.
Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti potensial qəzaya hazırlıq məqsədilə keçən həftə ilk yardım təlimləri keçirib. ABŞ-ın enerji naziri Cennifer Qranholm Amerikanın Səsinə bildirib ki, ABŞ Avropanın ən böyük nüvə stansiyasının təhlükəsizliyindən çox narahatdır.
“Biz demilitarizasiya ilə razıyıq, nüvə stansiyasının ətrafında hərbi fəaliyyətlər olmamalıdır. Bu, son dərəcə təhlükəlidir…. Biz Rusiyanın etdiklərini qətiyyətlə pisləyirik. Biz onlardan stansiyaya nəzarəti yenidən ukraynalılara qaytarmalarını istəyirik,” Cennifer Qranholm bildirib.
BMT Rusiyanın Ukraynaya müdaxiləsi zamanı 5500-dən çox dinc sakinin öldüyünü təsdiqlədiyini və 12 milyondan çox insanın evlərini tərk etdiyini, bunların altı milyondan çoxunun ölkə xaricində, altı milyonunun isə ölkə daxilində məcburi köçkün olduğunu bildirib.
Ukrayna müharibədə 9 min əsgər itirdiyini bildirir. Moskva hərbi itkiləri dövlət sirri kimi təsnif edir. Pentaqonun təxminlərinə görə, altı ay bundan əvvəl müdaxilənin başlamasından bəri təxminən 70 və ya 80 min rus əsgəri ölüb və ya yaralanıb.
Amerikanın səsi
Tarix: 27-08-2022, 14:00
Xəbəri paylaş





Xəbər lenti