Ərdoğan “Putin haqlıdır” demişdi – ABŞ-dan reaksiya gəldi


 
Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynadan taxıl daşınması ilə bağlı açıqlamasına reaksiya verib.
ABŞ rəsmisi Türkiyənin Rusiya və Ukrayna arasında taxıl anlaşmasının imalanmasındakı roluna diqqət çəkib.
“Türkiyənin vasitəçiliyi ilə baş tutan bu razılaşma bütün dünyanın ehtiyac duyduğu qida və gübrəni qlobal bazara çıxardı. Razılaşmanın icrası başlayandan bəri Ukraynadan 1 milyon tondan çox taxıl və toxum qlobal bazara çıxarılıb. Bəzi qida məhsullarının bazara çıxması daha uzun çəkir. Ümumdünya Ərzaq Proqramı Yəmənə və Afrika Buynuzuna paylanmaq üçün 2 gəmi dolusu ərzaq alıb. ABŞ bunun üçün Ümumdünya Ərzaq Proqramına 68 milyon dollar ayırıb. Bu sazişin önəminə inanırıq. Artıq razılaşmanın bazarlara təsirlərini görməyə başlamışıq”, - Kirbi bildirib.
Ağ Ev rəsmisi jurnalistin “Sizcə bu müqavilə pozula bilərmi?” sualına belə cavab verib:
“Bu razılaşmanın pozulacağına dair heç bir əlamət görmürük. Əksinə, müqaviləni uğurla davam etdirmək üçün tərəfdaşlarımız və müttəfiqlərimizlə çalışacağıq”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə əlaqədar bundan əvvəl belə demişdi:
“Hələlik Rusiyadan taxıl daşınmır. Amma cənab Putinin təbii olaraq haqlı olduğu bir məsələ var. Bu nədir? Təəssüf ki, daşınan taxıl yoxsul yox, zəngin ölkələrə gedir”. /Teleqraf.com
Tarix: 9-09-2022, 15:57
Xəbəri paylaş





Xəbər lenti