TƏCİLİ! Rusiya "tam məğlubiyyət"ə uğrayır, Ukraynanı isə BU TƏHLÜKƏLƏR gözləyir


 

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın hücumları nəticəsində işğal edilmiş torpaqların əks-hücumlarla geri alınmağa başladığını açıqladı, BBC-nin müdafiə müxbiri Kiyevi gözləyən təhlükələri sadaladı. Müharibəndə son vəziyyət...

Donbass bölgəsində irəliləyən Rusiya ordusu bir müddətdir ki, müdafiə mövqeyindədir. Çünki Ukrayna qüvvələri həftələrdir hücuma keçib.
Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski döyüş meydanındakı son vəziyyətdən danışıb.
O, sentyabrda Ukrayna qoşunlarının şərqdə və cənubda Rusiyanın nəzarətində olan 6 min kv.km-dən çox ərazini işğaldan azad etdiyini açıqlayıb.
"RUSİYA HƏYASIZ TAKTİKADAN İSTİFADƏ EDİR..."
 
Tarixdə heç bir dövlətin Rusiyanın etdiklərini etmədiyini deyən Zelenski Zaporojye Atom Elektrik Stansiyası ətrafında baş verənlər hadisələrdən danışıb:
“Zaporijye AES-də radiasiya terroru var. Rusiyanın təxribatları və zavodun ərazisini bombalaması Ukraynanı və bütün Avropanı radiasiya fəlakətinin astanasına gətirib. Dünyanın bir çox ölkələri enerji resurslarının, elektrik və istilik enerjisi qiymətlərinin kəskin artmasından əziyyət çəkir. Rusiya bilərək Avropanın qaz bazarında sabitliyi pozur. Bu, Rusiyanın çox həyasız və tamamilə hesablanmış taktikasıdır. Xoşbəxtlikdən, tərəfdaşlarımız olan Birləşmiş Millətlər Təşkilatı və Türkiyə ilə birlikdə taxıl ixracı təşəbbüsünü irəli sürə bildik. Rusiya limanlarımızın blokadasını götürməli oldu. Amma indi yenidən blokada təhlükəsi yaradır”.
“TAM MƏĞLUBİYYƏT…”
Rusiya qoşunlarının sıxışdırılaraq çıxarılması və Ukrayna ordusunun sürətlə irəliləməsi dünya ictimai rəyini heyrətə gətirib. Bir çox hərbi ekspert Ukraynanın bu cür sürətli irəliləyişini gözləmirdi.
ABŞ-da yerləşən Müharibə Araşdırma İnstitutunun eksperti (ISW) Mason Kark “BBC”yə açıqlamasında bildirib ki, bölgədəki son vəziyyət çox sayda hərbi texnikanı qoyub qaçmalı olan rus qoşunlarının “tam məğlubiyyəti” deməkdir.
UKRAYNANI HANSI TƏHLÜKƏLƏR GÖZLƏYİR?
 
“BBC”nin müdafiə üzrə müxbiri Conatan Bil Ukraynanın müharibənin altı ayında əldə etdiyi uğurun fonunda Kiyevi gözləyən təhlükələri sadalayıb:
“Yayda danışdığım yüksək rütbəli hərbi ekspert mənə dedi ki, “Ukraynanın sürprizlər etmək bacarığını zarafata salmayın”. O bu cümləni dediyi vaxt Rusiya Donbas bölgəsində irəliləyirdi. Ukraynanın sürprizlər etmək bacarığı bu müharibəyə damğasını vurdu: rus qoşunlarının Kiyev yaxınlığından çəkilməsi və Krımda son hücumlar...
İndi ölkənin şərqində daha bir sürpriz yaşanır. Yavaş irəliləsə də, itkilərə məruz qalsa da, indiyə qədər bu bölgədə qazanan Rusiya idi. Lakin hazırda qazanan tərəf Ukraynadır. Bir neçə gün ərzində minlərlə kv.km ərazi geri alındı”.
Conatan Bilin sözlərinə görə, ən böyük qazanc Xarkov şəhərinin şərqində əldə edilib:
“Böyük Britaniya kəşfiyyatının son hesabatları göstərir ki, Ukrayna London şəhərindən iki dəfə böyük olan ərazini geri alıb. Lakin jurnalistlər ərazidən kənarda saxlandığından irəliləyiş barədə geniş məlumat əldə etmək çətindir.
Ukrayna strateji əhəmiyyətli İzyum və Kupyansk şəhərlərini azad etdiyini açıqladı. Bu şəhərlər Rusiya tərəfindən Donbasdakı qoşunları hərbi təchizatla təmin etmək üçün bazaya çevrilib. Təkcə bu, Moskvanın hərbi məqsədlərinə ciddi zərbə vuracaq.
Düşmənin gücləndirmə marşrutlarını, arsenallarını və komanda mərkəzlərini məhv edən qərb mənşəli hərbi texnika, Böyük Britaniya və ABŞ-ın uzaqmənzilli reaktiv yaylım atəşi sistemləri də çox önəmlidir”.
 
“BBC”nin müdafiə üzrə müxbiri müharibədə vəziyyətin dəyişdiyini belə ifadə edib:
“ABŞ müdafiə naziri Lloyd Austin yay ərzində 400 əsas hədəfin uzaqmənzilli artilleriyadan vurulduğunu bildirir.
Bu silahların Ukraynaya çatdırılmasından əvvəl Rusiya artilleriya qurğularının sayında üstünlüyə malik olub. Amma indi vəziyyət dəyişib.
ABŞ kəşfiyyatı iddia edir ki, Moskva milyonlarla artilleriya mərmisi əldə etmək üçün Şimali Koreyanın qapısını döyüb. Hərbi ekspertlər altıncı ayına qədəm qoyan müharibədə Rusiyanın əlindəki silah-sursatların xeyli azaldığı qənaətindədirlər.
Qərbin silah yardımı və Ukrayna ərazisini geri almaq əzmi, görünür, Rusiya qoşunlarını geri çəkilməyə sövq edib.
Sosial şəbəkələrdə yayılan fotolarda rus əsgərlərinin zirehli texnika, tank, silah və sursatları atıb qaçdığı görünür.
Aydındır ki, Ukrayna Rusiyanı uğurla arxa plana keçirib. Son aylarda Rusiya cənubda müdafiəsini gücləndirmək üçün şərqəki qüvvələrini buraya yönəldirdi. Lakin bu gün hər iki cəbhə zəifləyib”.
 
Conatan Bil bildirib ki, şərqdən fərqli olaraq, Ukrayna cənubdakı torpaqları işğaldan azad etməkdə çətinlik çəkir:
“Buradakı ərazilər şərqdən fərqli olaraq, açıq sahələrdən ibarətdir. İrəliləyən Ukrayna ordusu müdafiə mövqeyində olan rus qoşunlarını üstələmək üçün daha çox silaha malik olmalıdır.
Hazırda Ukraynanı gözləyən təhlükə Rusiyanın müharibənin əvvəlində üzləşdiyi təhlükəyə bənzəyir. Fərqli cəbhələrdə irəliləmək səyləri döyüş sursatı, təchizat və qoşun baxımından olduqca baha başa gələ bilər. Əldə edilən sahənin böyüklüyü Ukrayna qoşunlarının irəliləmə məsafəsinin uzanması deməkdir. Məsafə çox olarsa, Rusiya bundan yararlana bilər.
Həmçinin məsafənin uzanması qoşunların cəbhə xəttində mühasirəyə düşməsi ilə nəticələnə bilər. Ukraynanın müdafiə naziri Oleksiy Reznikov da şərqdəki qoşunların təhdid altında olması ilə razılaşır.
Ukraynanın iki cəbhədən hücumu risklidir. Buna baxmayaraq, Ukrayna müharibədə qalib gələcəyi barədə mesajı dünyaya vermək istəyir.
Son məqsəd torpaqları geri almaq olsa da, hələlik Kiyev üçün hücumlar daha çox əhəmiyyət daşıyır. Hücumun düzgün zamanlanması çox vacibdir.
Mübarizənin çətin keçəcəyi qış aylarından öncə Qərbin dəstəyi də sınaqdan keçirilir.
Müharibə hələ ki bitmək bilmir. Lakin Ukrayna dünyanı təəccübləndirməyə davam edir və çatışmazlıqları aradan qaldırmaq qabiliyyətini nümayiş etdirir".
Tarix: 13-09-2022, 17:14
Xəbəri paylaş





Xəbər lenti