Rusiya daha qanlı müharibə yolunu seçir


Rusiya Ukrayna ilə daha böyük, daha qanlı müharibəni seçir. Artıq aydın görünür ki, Putinin Rusiyada ümumi hərbi səfərbərlik haqda daxili qərarı var. Formal qərarın qəbul edilməsi üçün hazırlıqlar aparılır.
Əvvəla, Ukraynanın işğal olunmuş ərazilərində sürətlə “referendumlar” keçirib, həmin ərazilərin Rusiyaya “birləşdirilməsi” prosesinə başlanılıb. Rusiya rəhbərliyinə bu ona görə lazımdır ki, Ukrayna Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətlərinin hazırda işğal altında olan ərazilərini azad etməyə başlayanda, Putin desin, o ərazilər artıq Rusiya ərazisidir və ölkəmizə xarici hərbi müdaxilə var. Sonra da “birləşmiş Qərb Rusiya ərazisinə hücum edib” bəhanəsilə ümumi hərbi səfərlik elan etsin.
İkincisi, Rusiya qanunvericiliyi ümumi hərbi səfərbərlik üçün hazırlanır. Dövlət Duması sürətlə (eyni gündə qanunu 2-ci və 3-cü oxunuşdan da keçirməklə) qanunvericiliyə əlavə və dəyişikliklər edib. Qanunvericiliyə ümumi hərbi səfərbərlik, müharibə dövrü, müharibə şəraiti anlayışları əlavə ediblər. Hərbi xidmətdən fərariliyə, komandirlərin əmrlərini yerinə yetirməməyə və könüllü əsir düşməyə görə cəzalar çox sərtləşdirilib. Bu kimi əməllərə görə Rusiya hərbçiləri 10-20 il müddətinə azadlıqdan məhrum edilə biləcək.
Bundan əlavə Putin hərbi sənaye kompleksi qarşısında silah, sursat istehsalını genişləndirmək vəzifəsi qoyub. Hökumətə tapşırılıb ki, bütün resurslar səfərbər olunsun, Rusiya silah, sursat istehsalını artırsın. Bu ona görə lazımdır ki, ümumi səfərbərliklə orduya cəlb olunacaq 100 minlərlə yeni hərbçini silahlandırmaq mümkün olsun.
Bütün bunlar o deməkdir ki:
  1. Putin də başa düşüb ki, bu gedişlə Rusiya uzağı yarım ilə, bir ilə Ukraynaya məğlub olacaq. Lakin o bu vəziyyətlə barışmaq fikrində deyil. Putin Rusiyanın üzüsulu, nisbətən az itki ilə məğlub olması ilə barışmır. Vəziyyəti dəyişmək üçün son çarəyə – ümumi hərbi səfərbərliyə hazırlaşır.
  2. Rusiyanın ümumi hərbi səfərbərlik qərarı Rusiya ordusunu əlavə və hazırlıqsız əsgərlərlə təmin edəcək. Ancaq Rusiyanın Ukraynaya verilmiş Qərb silahlarından texnoloji geriliyi o qədər böyükdür ki, hətta ümumi hərbi səfərbərlik də Rusiyanın qələbəsini təmin etməyəcək.
  3. Rusiyanın orduya əlavə olaraq 100 minlərlə əsgər cəlb etməsi müharibənin bundan sonra daha qanlı, itkilərin daha çox olacağından xəbər verir. Əgər hazırda savaşan tərəflərin itirdikləri hərbçilər 10 minlərlə sayılırdısa, ümumi hərbi səfərbərlikdən sonra bu savaşın 100 minlərin həyatına son qoyacağı gözləniləndir.
  4. Yeni situasiya Ukrayna və müttəfiqlərindən də adekvat addımlar tələb edəcək. Ukraynaya indiyə qədər edilən hərbi yardımlar Rusiyanın bu savaşa cəlb etdiyi təqribən 200 – 250 minlik (orduya son cəlb etmələrlə) ordunu durdurmağa və tədricən məğlub etməyə yetərli olub. İndi isə miqyas dəyişir. Putin öz rejimini qorumaq üçün Rusiyanın bütün resurslarını, o cümlədən 100 minlərlə rusiyalı gəncin həyatını qurban verməyə hazır görünür. Budur təkadam rejimlərinin anti-insani, anti-xalq mahiyyəti.
ABŞ Ədliyyə Nazirliyinin Rusiyaya məxsus və dondurulmuş 300 milyard dollardan artıq vəsaitin Ukraynaya verilməsini qərarlaşdırmaq üçün ABŞ Konqresinə müraciətini Rusiyanın saxta referendum və ümumi hərbi səfərbərlik hazırlığına layiqli cavab saymaq olar. Həmin 300 milyardla Ukraynaya əlavə olaraq 100 minlərlə nəfərlik ordu yaratmaq və silahlandırmaq olar.
Ukrayna xalqı, ona hazırda dəstək verən azad dünya yaranan yeni situasiyaya uyğun qərarlarını verməlidir. Ukraynaya dəstək dəfələrlə artırılmalı, Putin rejimi və beynəlxalq avtoritarizm mütləq məğlub edilməlidir.
Əli Kərimli
Tarix: 21-09-2022, 09:31
Xəbəri paylaş





Xəbər lenti