Dünya nüvə savaşının BİR ADDIMLIĞINDA...


Natiq Cəfərli: "Hələ ki, çıxış yolu görünmür, hətta Rusiya elitası Putini devirsə belə, bu da problemləri tam həll edə bilməyəcək"
Elxan Şahinoğlu: "Lukaşenko Putinin təzyiqlərinə tab gətirməyərək Ukraynaya qarşı müharibəyə qoşulmağa hazırlaşır"
Bugünlərdə, daha dəqiq desək, oktyabrın 8-i səhər saatlarında Krım körpüsündə yanacaq çəninin yanması nəticəsində partlayış baş verib. Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi, o cümlədən Vladimir Putin partlayışın terror xarakterli olduğunu bəyan edib. Belə ki, bu barədə axar.az-da yer alan informasiyaya görə, Rusiya prezidenti İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə görüşündə Krım körpüsünün dağıdılmasının müəllifləri, icraçıları və sifarişçilərinin Ukraynanın xüsusi xidmət orqanları olduğunu bildirib. Putin iddia edir ki, bu, Rusiyanın mühüm mülki infrastrukturunu məhv etməyə yönəlmiş terror hücumudur.
Yeri gəlmişkən, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında deyilir ki, Krım körpüsündə baş vermiş partlayış Rusiyanın Ukraynanın cənubunda öz qüvvələrini saxlamaq qabiliyyətinə birmənalı təsir göstərəcək: "Bu hadisə çox güman ki, Putinə ağır zərbə vuracaq. Partlayış onun 70 illik yubileyindən bir neçə saat sonra baş verdi. Halbuki o, körpünü şəxsən maliyyələşdirib və açmışdı. Tikinti podratçısı isə uşaqlıq dostu Arkadi Rotenberq idi. Hesabatda qeyd olunub ki, Krım körpüsü üzərindən dəmir yolu keçidinin yalnız 2020-ci ilin iyununda yük daşımaları üçün açılmasına baxmayaraq, o, Rusiyanın Ukraynaya hücumu zamanı ağır hərbi texnikanın cənub cəbhəsinə daşınmasında əsas rol oynayıb.
Onu da qeyd edək ki, Krım körpüsündə baş verən partlayışdan sonra Rusiya Ukraynaya cavab olaraq, Kiyev və Dnepr şəhərlərinə raket zərbələri endirib. Hətta belə bir versiya da səslənir ki, yubiley günü baş verən partlayışdan qəzəblənən Putin Ukraynaya qarşı nüvə silahından da istifadə edə bilər. ABŞ-ın Müharibənin Araşdırılması İnstitutu isə hesab edir ki, nüvə silahından istifadə Rusiya prezidentinə Ukraynadakı ordusunun problemlərinin həllinə kömək etməyəcək: "Rusiya Ukraynanın yaşayış mərkəzlərinə, kritik infrastrukturlarına hücumlarını genişləndirsə və ya Putin Ukraynaya qarşı taktiki nüvə silahından istifadə etsə, bu, yalnız bir müddət Ukraynanın əks-hücumlarını dayandırın bilər. Nüvə silahından istifadə Qərbin sərt reaksiyasına səbəb ola bilər".
"Rəsmi Ankara Rusiya, ABŞ, Britaniya, Fransa və Almaniya arasında yüksək səviyyəli "zirvə görüşü" təklif edib, əgər bu baş tutsa onmilyonların həyatı xilas olacaq"
Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərlinin qənaətincə, Rusiya-Ukrayna müharibəsi daha qanlı, vəhşi, insan ölümlərinin ciddi artacağı bir fazaya keçir: "Rusiya siyasi elitası Putin üzərinə inşa edildiyindən, "təkadam" prinsipi ilə formalaşdığından, heç bir sağlam institutun olmadığından Putinin məğlubiyyəti bütün elitanın silinməsi anlamına gəlir. Buna görə də, faktiki olaraq bütün elita Putinin arxasındadır. 23 il hakimiyyətdə olmaq o deməkdir ki, siyasi-iqtisadi elita tam nəzarətdədir, daxildə heç bir güclü fiqur birbaşa Putinə qarşı addımlar atmır. Amma maraqlı başqa proses gedir: Elita bütün uğursuzluqların "günah keçisini" axtarmağa başladıqca bir-birlərini batırmağa çalışacaqlar. "Çarın" qəzəbindən yayınmaq üçün uğursuzluğun "adını, soyadını, atasının adını" ona çatdırmaqla daxili intriqaları artıracaqlar.  Bu yeni situasiyadır, amma müharibənin, Rusiyanın işğalçı, vəhşi addımlarının sona çatması üçün yetərli deyil".
Politoloq hesab edir ki, çox təhlükəli bir dönmə qədəm qoyuruq, bütün dünya üçün faktiki olaraq onmilyonların həyatına başa gələ biləcək avanturist addımlar ərəfəsindəyik: "Açığı, çıxış yolu da, hələ ki, görünmür. Amma qardaş Türkiyənin yeni təşəbbüsü, bəlkə də dünya üçün son şans ola bilər. Rəsmi Ankara Rusiya, ABŞ, Britaniya, Fransa və Almaniya arasında yüksək səviyyəli "zirvə görüşü" təklif edib, əgər bu baş tutsa onmilyonların həyatı xilas olacaq. Dünya Rusiyanın “insansevməz” vəhşiliyi ilə Qərbin daha geniş planlarından doğan “insanlığanifrət” yanaşması arasında qalıb. Bu isə qlobal faciələrə qapı açır. İndi bir çox analitiklər ötən əsrin 60-cı illərində az qala nüvə müharibəsi ilə bitəcək “Karib böhranı” ilə paralellər aparır. Məncə, çox səhv yanaşmadır. “Karib böhranı” qarşılıqlı güzəştlər üçün meydanın olduğu üçün danışıqlarla bitdi, Rusiya Kubadan, ABŞ isə (NATO) Türkiyədən nüvə silahlarını geri çəkdi. İndiki durumda qarşılıqlı güzəştlər üçün bütün imkanları bilərəkdən tükətdilər. Rusiya işğal etdiyi bütün əraziləri “qanuni” olaraq öz ərazisi elan etməklə güzəşt qapısını bağladı, Qərb isə Rusiyanı dayandırmaq üçün yeganə yolun hərbi qələbə olduğunu düşünərək bu yolu qapadıb. Faciələrə qapı aralayan bir durumdur, çıxış yolu isə, hələ ki, görünmür. Hətta Rusiya elitası qeyrətə gəlib Putini devirsə belə, bu da artıq problemləri tam həll edə bilməyəcək. Çünki Putin elə bir konfiqurasiya qurub ki, özündən sonra daha pis "putinlər" gələcək".
"ABŞ, Böyük Britaniya və digər bir qisim Qərb ölkəsinin kəşfiyyat xidməti Kiyevə hərətərfli dəstək verir, Krım körpüsünün partladılması da ortaq əməliyyatın nəticəsidir"
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibəyə əmr verəndə ancaq "qazancları" hesablayıb, itkiləri isə proqnozlaşdırmayıb: "Bu gün Rusiyaya qarşı tək Ukrayna savaşmır, ABŞ, Böyük Britaniya və digər bir qisim Qərb ölkəsinin kəşfiyyat xidməti Kiyevə hərətərfli dəstək verir, bütün vasitələrlə qorunan Krım körpüsünün partladılması ortaq əməliyyatın nəticəsidir. Putinin layihəsi olan Krım körpüsünün partladılması Kreml sahibinin imicinə böyük zərbədir. O hazırda əks-həmlə barədə düşünür və əmrlər verir. Ancaq o təkdir, qarşısındakı isə böyük koalisiyadır".
Politoloq həmçinin, onu da bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinin təzyiqlərinə tab gətirməyərək Ukraynaya qarşı müharibəyə qoşulmağa hazırlaşır: "Bunu Lukaşenkonun Kiyevin ünvanına səsləndirdiyi son ittihamlar da göstərir. Lukaşenkonun iddiasına görə, guya Ukrayna ərazisindən Belarusa zərbə endirilməsi planlaşdırır. Bu iddia işğalçı müharibədə Rusiyaya qoşulmaq üçün bəhanədir. Ukraynanın Rusiya ilə ağır müharibə apardığı məqamda Belarusa qarşı ikinci cəbhə açmaq Kiyevin maraqlarına cavab vermir. Tam əksinə, Ukrayna Lekaşenkonun planlarından ehtiyatlandığı üçün Belarusla sərhədin minalanmasını həyata keçirib".
Rusiya ordusunun vəziyyətinin ağır olduğunu vurğulayan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, məh buna görə də Kreml sahibi Belarus ordusunun sərhədi keçərək Ukrayna ordusunun problemlərini artırmağa çalışır: "Aleksandr Lukaşenko müharibə başlayandan Putinin planlarında yer almaq istəmirdi, ancaq Putinin bəzi istəklərini yerinə yetirirdi. Rusiya Belarus ərazisindən Ukrayna ərazisinə raket zərbələri endirir və dəmir yollarından istifadə edirdi. Putinə artıq bu azdır, Belarus ordusunun Ukraynaya qarşı ikinci cəbhə açmasını istəyir. Belaruslar isə Ukraynaya qarşı savaşda iştirak edib ölmək istəmirlər. Bunu Lukaşenko da bilir, ancaq "böyük qardaşın" istəyini də rədd edə bilmir. Lukaşenko Belarusun müharibəyə qoşulmasını Ukraynanın "təxribatına" cavab kimi əsaslandırmağa çalışa bilər. Belarus Rusiyanın işğalçı müharibəyə qoşularsa, Ukraynanın tərəfdaş ölkələrdən daha böyük dəstəyə ehtiyacı olacaq".
Tarix: 11-10-2022, 14:09
Xəbəri paylaş





Xəbər lenti