"Ətrafı Putini Haaqaya təhvil verəcək, ya da I Pavel kimi tütün qutusu ilə aradan götürəcəklər"


"Rusiya əhalisinin 15 faizi faşist, 15 faizi anarxist, 70 faizi "bataqlıq"dır..."
 
"Qələbəyədək döyüşməyə hazır olan marginallar Priqojin və Kadırov kimi ağılsız tiplər ola bilər..."
 
"Tarixdə Rusiyanın apardığı uğursuz imperialist müharibələri çox olub və iflasa uğrayıb..."
 
Rusiyalı sosioloq, qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun əmisi oğlu İqor Eydman Rusiya prezidenti Vladimir Putinin devrilmə imkanları, Rusiya cəmiyyətində olan əhval-ruhiyyə və Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki uğurlarının rusiyalılar tərəfindən qavranılması barədə danışıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə o, Ukraynanın "Unian" agentliyinə verdiyi müsahibəsində bəyan edib.
 
Eydmanın fikrincə, Putinin hələ yarım il bundan öncə tamamilə mümkün görünməyən devrilmə perspektivləri onun intihar və dağıdıcı siyasəti ucbatından hər gün Rusiya ordusunun növbəti uğursuzluğu ilə bir qədər də artır. 
 
"Rusiyanın hakim elitasının böyük hissəsi, iri biznes, məmurlar ordusu 24 fevralda başlanan dəhşətin bitməsini və hər şeyin əvvəlki məcraya dönməsini istəyir. Böyük mənada, qələbəyədək döyüşməyə yalnız bu yaxınlaradək marginal hesab edilən Priqojin və Kadırov kimi ağılsız tiplər ola bilər",- sosioloq deyib. 
 
O, qeyd edib ki, Rusiya elitası arasında artan narazılıq Putinin fiziki cəhətdən aradan götürülməsinə gətirib çıxara bilər, yaxud, serblərin Miloşeviçlə davrandığı kimi, onu Haaqaya təslim edib Qərb qarşısında özlərini doğruldub, münasibətləri nizama sala bilərlər. 
 
Lakin bu, yalnız o halda baş verə bilər ki, bu sui-qəsdə güc strukturları və FTX-çılar Putinin onları bataqlığa sürüklədiyini anlayandan sonra qoşulsunlar. "Yaxud, sadəcə, Birinci Pavel kimi, siqaret qutusu ilə məsələni həll edib onun şərəfsiz hakimiyyətinə son qoya bilərlər",- Eydman hesab edir.
 
Rusiyalılar arasında əhval-ruhiyyə haqqında danışarkən, sosioloq qeyd edib ki, Rusiya cəmiyyətində 15 faiz faşist, 15 faiz anarxistlərdir. Yerdə qalan 70 faiz, Böyük fransız inqilabının dili ilə desək, "bataqlıq"ldır və istənilən tərəfə meyl edə bilər.
 
"Putin təbliğatçılarının və Putinin özünün məqsədi bu "bataqlığı" müharibəni dəstəkləməyə səfərbər etmək və heç bir halda onu özündən qorxutmamaqdan ibarətdir. Çünki əhalinin əksəriyyətinin dəstəyini itirmək avtoritar sistem üçün çox təhlükəlidir. Ona görə də Krım körpüsünün partladılması, təəssüf ki, hər iki 15 faizə təsir etmədi. Amma bu "bataqlığı" bir az sıx birləşdirdi. Və belə söhbətlər meydana çıxdı: 
 
"Görün, biz haraya gəlib çıxmışıq! Bu gün körpünü partladırlar, sabah bizim şəhərimdə nəyisə partladacaqlar". Yəni bu "bataqlıq" bir az həyəcan keçirməyə başlayıb. Sürü həyəcan keçirəndə isə özünün rəhbəri ətrafında sıx birləşir. Çünki diktator, guya, onları xarici təhlükədən qoruya bilər",- Eydman bəyan edib.
 
Bununla yanaşı, onun sözlərinə görə, müharibənin populyarlığı, yavaş da olsa, aşağı düşüb. İnsanlar uduzduqlarını və Putinin bütün qələbələrin qarantı olmadığını anlayandan sonra ona münasibət kəskin surətdə dəyişəcək. 
 
"Biz Rusiyanın apardığı uğursuz imperialist müharibələrinin nümunələrini bilirik. Onlar həmişə kataklizimlər, inqlilablar, qlobal islahatlar, köhnə nizamın
radikal dəyişməsi və hansısa yeni sistemin yaradılması ilə nəticələnib. Təbii ki, onlar Rusiyanın imperialist qoşunları və ambisiyalarının iflasa uğraması ilə sona yetib",- sosioloq xatırladıb.
 
Avqust ayında Eydman proqnoz verib ki, Ukraynadakı müharibə Putin rejiminin çöküşü və Rusiya qoşunlarının Ukrayna ərazilərinin tərk edilməsi ilə bitəcək.
 
May ayında o, bəyan edib ki, Putinin ağır xəstəliyi haqqında məlumat Rusiya xüsusi xidmət orqanlarının dövriyyə buraxdığı dezinformasiyadır.
Tarix: 15-10-2022, 22:09
Xəbəri paylaş





Xəbər lenti