Tehrandakı məşhur həbsxanada nə baş verir? - Baydendən reaksiya


İranın paytaxtı Tehranda siyasi məhbusların, jurnalistlərin və əcnəbi vətəndaşların saxlandığı məşhur Evin həbsxanasında oktybarın 15-də böyük yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə yanğının həcminin böyük olduğu görünür, həmçinin silah və partlayış səsləri eşidilir.
İRNA-nın məlumatına görə, yanğın nəticəsində azı 8 nəfər xəsarət alıb. Qeyd olunur ki, yanğın, fırıldaqçılığa və oğurluğa görə həbs olunmuş bir neçə məhkum arasında baş verən münaqişədən sonra tikiş sexində başlayıb. Bundan sonra həbsxanada iğtişaşların başladığı bildirilib. Rəsmi mənbələr məhbusların üsyana təşəbbüs etmədiklərini açıqlayıblar. Qeyd olunub ki, hadisənin ölkədə baş verən son iğtişaşlarla əlaqəsi yoxdur.
İranın dövlət mediası vəziyyətin nəzarət altında olduğunu açıqlayıb.
Lakin hadisə yerindən görüntülər yayan sosial şəbəkə istifadəçiləriu yanğının davam etdiyini iddia edirlər.
Yayılan bir neçə videoda insanların həbsxanadan kənarda hökumət əleyhinə etiraz hərəkatının əsas şüarlarından biri olan “diktatora ölüm” şüarları səsləndirilməsi eşidilir.
BBC Farsca videolardan birində həbsxananın xaricindən həbsxanaya atəş açılmasının əks olunduğunu bildirib.
Qeyd olunub ki, həbsxananın qarşısında böyük izdiham toplaşıb, nəqliyyatın hərəkəti dayanıb və çevik qüvvət polisinin müəssisəyə daxil olduğu görülüb.
Bəzi məhbusların ailələri qohumları ilə telefon əlaqəsi saxlaya bilmədiklərini, normalda bunu edə bildiklərini və həbsxana ətrafında internet bağlantısının kəsildiyini iddia ediblər.
ABŞ prezidenti Co Bayden cəzaçəkmə müəssisəsindəki yanğınla bağlı suala cavab olaraq deyib ki, İran hökuməti çox repressivdir və bu, yaxşı hal deyil.
Eyni zamanda Bayden bildirib ki, etiraz etmək üçün küçələrə çıxan insanlara çox hörmət edir.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays öz “Twitter” səhifəsində yazıb ki, departament həbsxanadakı vəziyyətlə bağlı xəbərləri diqqətlə izləyir, eyni zamanda orada saxlanılan Amerika vətəndaşlarının təhlükəsizliyinə İranı cavabdeh hesab edir.
Xatırladaq ki, İranda etirazlar sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanmasından və dünyasını dəyişməsindən sonra başlayıb. Rəsmi versiyaya görə, o, baş örtüyünü düzgün taxmadığı üçün polis tərəfindən saxlanılıb. Dindirilmə zamanı o, infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib. Lakin sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb. 
Tarix: 16-10-2022, 11:05
Xəbəri paylaş





Xəbər lenti