ABŞ baş kəşfiyyatçısı Zelenski ilə haçan və hansı təhlükə ilə bağlı GİZLİ görüşdü?..

ABŞ baş kəşfiyyatçısı Zelenski ilə haçan və hansı təhlükə ilə bağlı GİZLİ görüşdü?..
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns oktyabrın əvvəlində Ukraynaya gizli səfər edib və Prezident Vladimir Zelenski və digər rəsmi şəxslərlə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "CNN" öz mənbələrinə istinadla məlumat yayıb.
 
Mənbənin sözlərinə görə, ölkə rəhbərliyi ilə söhbət zamanı Börns ABŞ-ın Rusiya işğalçılarına qarşı mübarizədə Ukraynaya kömək etmək niyyətini bir daha təsdiqləyib. Amerika baş kəşfiyyatçısı həmçinin ölkələr arasında təcavüzkarların hərəkətləri haqqında kəşfiyyat məlumatlarının davamlı mübadiləsi aparılacağına əmin edib.
 
Bununla belı, "CNN" mənbələri MKİ direktorunun səfərinin təfərrüatlarını açıqlamaqdan imtina ediblər.
 
Jurnalistlər Börnsun səfərinin Rusiya Federasiyasının Ukraynaya qarşı müharibədə taktiki nüvə silahından istifadə edə biləcəyi qorxusu ilə bağlı ola biləcəyini ehtimal edirlər. Baxmayaraq ki, Mərkəzi Kəşfiyyat İdarəsi rəhbəri özü və digər rəsmilər hələlik Rusiyanın kütləvi qırğın silahlarından istifadə etməyə hazırlaşmasının heç bir ilkin şərtlərinin görünmədiyini dəfələrlə iddia ediblər.
 
Xatırladaq ki, bir müddət əvvəl NATO baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya mümkün nüvə zərbəsinin Moskva üçün ciddi nəticələr verəcəyini bildirmişdi.
 
Öz növbəsində Aİ-nin ali nümayəndəsi Cozef Borrel  bu halda Rusiya ordusunun qeyri-nüvə vasitələri ilə məhv ediləcəyini vurğulamışdı.

Tarix: 27-10-2022, 10:06
Xəbəri paylaş





Xəbər lenti