Rusiya iqtisadiyyatı dağılmağa başlayır: Gələn il nağd pul olmayacaq - WSJ


Keçən il Rusiyanın Ukraynaya təcavüzünün ilk aylarında neft və təbii qazın qiymətləri yüksəldi, bu da Moskva üçün gözlənilməz qazanc demək idi. Amma o günlər bitdi.

Qaynarinfo xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri yazır.

Məqalədə deyilir ki, müharibə ikinci ilinə qədəm qoyduqca və Qərbin sanksiyaları gücləndikcə, Rusiyanın dövlət gəlirləri azalır və iqtisadiyyatı uzunmüddətli perspektivdə daha aşağı trayektoriyaya keçib.

Ölkənin ən böyük ixrac əmtəələri olan qaz və neft əsas alıcılarını itirib. Dövlət maliyyəsi sıxıntı keçirir. Noyabrdan bəri rubl dollara nisbətdə 20%-dən çox ucuzlaşıb. Gənclərin cəbhəyə getməsi və ya hərbi xidmətə çağırılması qorxusundan ölkədən qaçması nəticəsində işçi qüvvəsi azalıb. Qeyri-müəyyənlik biznes investisiyalarını dayandırır.

İşğaldan qısa müddət sonra ölkəni tərk edən Rusiya Mərkəzi bankının keçmiş əməkdaşı Aleksandra Prokopenko "Rusiya iqtisadiyyatının uzunmüddətli reqressiyaya girdiyini” proqnozlaşdırır.

İqtisadi çətinliklərin Rusiyanın müharibə aparmaq qabiliyyətinə qısamüddətli təhlükə yaradacaq qədər ciddi olduğuna dair heç bir işarə yoxdur. Lakin hökumətin gəlirlərindəki çatışmazlıq, şişirdilmiş hərbi xərclərin prezident Vladimir Putinə mülki insanları çətinliklərdən qorumağa kömək edən subsidiyalar və sosial xərclərlə necə uzlaşdırılmasına dair artan dilemmaya işarə edir.

Bu ay rusiyalı milyarder Oleq Deripaska Rusiyanın nağd pulunun tükəndiyi barədə xəbərdarlıq edib. "Gələn il pul olmayacaq, bizə xarici investorlar lazımdır", - əmtəə maqnatı deyib.

Avropa bazarını böyük ölçüdə itirən və Qərb investorlarının getməsi ilə Rusiya getdikcə Çindən asılı vəziyyətə düşür və Moskvanın dominant cənub qonşusunun iqtisadi müstəmləkəsinə çevrilməkdən çoxdankı qorxularını dərk edir.

"Rusiyanın qısa müddətdə dayanıqlı olmasına baxmayaraq, uzunmüddətli mənzərə qaranlıq görünür: Moskva daha çox təcrid olunmuş və Çindən həddən artıq asılı olacaq", - Londondakı Beynəlxalq strateji tədqiqatlar institutunun analitik mərkəzinin baş elmi işçisi Mariya Şagina deyir.
Dumanlı perspektiv əsasən Putinin keçən il Rusiyanın enerjisindən Qərbi Avropanın Ukraynaya dəstəyini məhdudlaşdırmaq üçün istifadə edə biləcəyinə dair uğursuz "Stavka”sından irəli gəlir.

Avropa hökumətləri Kiyevə dəstəyini yumşaltmaq əvəzinə, tez bir zamanda yeni təbii qaz və neft mənbələri tapmağa çalışdırlar. Rusiya qazının Avropaya axınının çoxu dayanıb və artımdan sonra dünya qazının qiyməti kəskin şəkildə aşağı düşüb. İndi Moskva bildirir ki, neft hasilatını iyun ayına qədər əvvəlki səviyyələrlə müqayisədə 5% azaldacaq. O, neftini dünya qiymətlərindən ucuz qiymətə satır.

Nəticədə bu ilin ilk iki ayında hökumətin enerji gəlirləri ötən illə müqayisədə demək olar ki, yarıbayarı azalıb, büdcə kəsiri genişlənib. Həmin ilk iki ayda büdcə kəsiri 34 milyard dollara çatıb ki, bu da ölkənin ümumi məhsulunun 1,5%-dən çoxuna bərabərdir. Bu, Moskvanı böhran əleyhinə əsas buferlərdən biri olan suveren fonduna daha çox girməyə vadar edir.

Hökumət hələ də daxili borc ala bilər və suveren sərvət fondu işğaldan əvvəl 28 milyard dollar azaldıqdan sonra hələ də 147 milyard dollara sahibdir. Rusiya neftini Çin və Hindistana satmağın yollarını tapıb. Çin Rusiyanın Qərbdən aldığı komponentlərin çoxunu təmin etmək üçün işə qarışdı.

Rusiya rəsmiləri çətinlikləri etiraf ediblər, lakin iqtisadiyyatın tez uyğunlaşdığını bildiriblər. Putin deyib ki, onun hökuməti iqtisadiyyat üçün təhlükələrə qarşı effektiv mübarizə aparır.

"Bilirsiniz, bir prinsip var: kərə yağı əvəzinə sila”, - Putin ötən ay xalqa müraciətində deyib. Əlbəttə, milli müdafiə ən yüksək prioritetdir, lakin bu sahədə strateji problemlərin həllində biz bunu təkrarlamamalıyıq, keçmişin səhvləri və öz iqtisadiyyatımızı məhv etməməliyik”.

Putinin 20 ildən çox sürən hakimiyyətinin böyük bir hissəsini əhatə edən yüksək neft və qaz gəlirləri sosial müqaviləni dəstəkləyirdi, bu müqavilədə rusiyalıların əksəriyyəti daha yüksək həyat standartları müqabilində müxalifət siyasətindən və etiraz aksiyalarından xeyli uzaqlaşdı.
Beynəlxalq Valyuta Fondu hesablayıb ki, Rusiyanın potensial artım tempi - onun inkişaf edə biləcəyi temp - Krımı ələ keçirdiyi 2014-cü ilə qədər təxminən 3,5% olub. Bəzi iqtisadçılar məhsuldarlığın aşağı düşməsi və iqtisadiyyatın texnoloji cəhətdən geri qalması və daha çox təcrid olunması səbəbindən bu göstəricinin indi təxminən 1%-ə düşdüyünü deyir.

"Rusiya kimi bir iqtisadiyyat üçün 1% heçnədir, hətta dəstək ola biləcək səviyyə də deyil", - Mərkəzi Bankın keçmiş məmuru Prokopenko deyir.

Aşağı düşən ixracat, dar əmək bazarı və artan dövlət xərcləri inflyasiya risklərini gücləndirir, -Mərkəzi Bank bu ay bildirib. Rusiyada fevralda inflyasiya ötən ilin eyni ayı ilə müqayisədə təxminən 11% təşkil edib. Mərkəzi bankım sözlərinə görə, önümüzdəki aylarda bu rəqəm müvəqqəti olaraq 4%-dən aşağı düşəcək, bu, keçənilki işğaldan sonra qiymət artımları üçün yüksək müqayisə bazası ilə bağlıdır. İqtisadçıların fikrincə, bir sıra digər iqtisadi göstəricilər də bu cür əsas təsirlər səbəbindən yaxın aylarda müvəqqəti olaraq yaxşılaşacaq.

Moskvada yerləşən "Qaydar” iqtisadi siyasət institutunun məlumatına görə, ölkə sənayesi 1993-cü ildə uçot başlayandan bəri ən yüksək işçi çatışmazlığını yaşayır. Mərkəzi bankın məlumatına görə, işğaldan sonra beyin axını və keçən payızda 300 000 nəfərin hərbi səfərbərliyi müəssisələrin təxminən yarısını işçi qüvvəsi çatışmazlığı ilə üz-üzə qoyub. Çilingər, qaynaqçı və mexanizatorlara tələbat yüksəkdir.

Hazırda raketlər, artilleriya mərmiləri və hərbi geyimlər istehsal edən zavodların hesabına sənaye istehsalında əhəmiyyətli artım baş verir. Putin deyib ki, bəzi zavodlar tələbi ödəmək üçün bir neçə növbə ilə işləyir.

Müharibə istehsaldakı problemləri maskalayır. "Bu, real məhsuldar artım deyil. Bu, iqtisadiyyatı inkişaf etdirmir", - Prokopenko bildirib.

Rusiya keçən il ən pis senaridən qaça bildi, buna ilkin olaraq yüksək qlobal enerji qiymətləri kömək etdi. Rəsmi məlumatlara görə, ümumi daxili məhsul 2,1% azalıb, bu, 10-15% azalma ilə bağlı bəzi ilkin proqnozlardan çox azdır.

Avropaya qaz ixracı yalnız ötən ilin yayında azalmağa başlayıb. Aİ-nin Rusiyanın dəniz neftinə qadağası və G7 qiymət həddi yalnız dekabr ayında qüvvəyə minib. Dizel kimi neft məhsullarına qarşı sanksiyalar keçən ay qüvvəyə minib. Bu gecikmələr enerji gəlirlərinin artımını dəstəklədi və BVF-nin məlumatına görə, hökumətə 2022-ci ildə ÜDM-in təxminən 4%-i həcmində böyük maliyyə stimulu tətbiq etməyə kömək etdi.

Bununla belə, bu ilin yanvar və fevral aylarında bütün büdcə gəlirlərinin, demək olar ki, yarısını təşkil edən neft və qazdan vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 46% azalıb, dövlət xərcləri isə 50%-dən çox artıb.

Analitiklərin hesablamalarına görə, Rusiyanın büdcəni tarazlaşdırması üçün neftin qiyməti bir barel üçün 100 dolları keçməlidir. 

Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, "Urals” markalı neft fevral ayında orta hesabla 49,56 dollar/barel olub və həmin ay bir barreli təxminən 80 dollara başa gələn "Brent” markalı neftlə müqayisədə yüksək endirimlə satılıb, baxmayaraq ki, bəzi analitiklər fərqin daha kiçik olduğunu iddia edirlər. Keçən ay hökumət istehsalçılardan daha çox vergi yığmaq üçün neft vergisi düsturunu dəyişdi.

"İndi Rusiyanın dünya neft bazarında daha az danışıq gücü var, çünki onun nefti göndərmək seçimi çox azdır", - Vyana institutunun iqtisadçısı Astrov bildirir. 
İstehlakçılar da əziyyət çəkir. Rəsmi rəqəmlərə görə, pərakəndə satışlar 2022-ci ildə 6,7% azalıb ki, bu da 2015-ci ildən bəri ən pis göstəricidir. Moskva Avropa Biznes Assosiasiyasının məlumatına görə, fevralda yeni avtomobillərin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 62% azalıb.

Bu il əksər analitiklər ÜDM-də növbəti azalma gözləyirlər, baxmayaraq ki, bəziləri, o cümlədən BVF cüzi artım proqnozlaşdırır.

Lakin fond bildirib ki, 2027-ci ilə qədər hasilatın müharibədən əvvəlki proqnozlardan təxminən 7% aşağı olacağı proqnozlaşdırılır. "İnsan kapitalının itirilməsi, qlobal maliyyə bazarlarından təcrid olunma və qabaqcıl texnologiyalara çıxışın məhdudlaşdırılması Rusiya iqtisadiyyatının inkişafına mane olacaq”, - BVF bildirib.
Rystad Energy konsaltinq şirkəti Rusiyanın neft və qaz kəşfiyyatı və hasilatına investisiyanın işğaldan əvvəl proqnozlaşdırılan 57 milyard dollardan bu il 33 milyard dollara düşəcəyini gözləyir. Bu, gələcəkdə daha az istehsal deməkdir. BP PLC analitiklərinin fikrincə, Rusiyada 2019-cu ildə gündə təxminən 12 milyon barel olan ümumi neft hasilatı 2035-ci ilə qədər sutkada 7-9 milyon barrelə qədər azalacaq.

"Biz bir illik və ya iki illik böhrandan danışmırıq. Rusiya iqtisadiyyatı fərqli trayektoriya ilə gedəcək", - Astrov bildirir. 

Tarix: 30-03-2023, 22:56
Xəbəri paylaş





Xəbər lenti