Finlandiya NATO-ya üzv olan kimi İsveç Qurani-Kərimin yandırılmasına icazə verdi — AÇIQLAMA




"İsveçin müqəddəs Qurani-Kərimin yandırılmasını qadağan edən qanunu ləğv etməsi NATO-ya üzvlüyü məsələləri ilə əlaqədardır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib.

Politoloq deyib ki, baş verənlər sadəcə bundan ibarət deyil: 

"Qurani-Kərimin yandırılmasından sonra Türkiyə bir sıra tələblər irəli sürməsinə baxmayaraq, İsveç bunların heç birini qəbul etmədi. Bununla yanaşı, sadəcə polis qadağası ilə NATO məsələsinə yanaşmağa çalışırdılar. Təbii ki, belə bir situasiyada Türkiyə İsveçin NATO-ya üzvlüyünə müsbət yanaşa bilməzdi. 

Finlandiya artıq rəsmi olaraq NATO-ya üzvü oldu və bundan dərhal sonra İsveç polis qadağasını ləğv etdi".

Politoloq qeyd edib ki, İsveçin türkçülük və İslama qarşı düşmənçiliyi birinci hal deyil: 

"İndi İsveç hökuməti həmin qərarı ləğv edib və Quranın yandırılmasına icazə veriblər. Bundan öncə də Tövrətin yandırılması və digər hallarla bağlı qadağa qoyulmuşdu. Həmin qadağanın ləğvindən söhbət belə gedə bilməz. Amma Qurana gələndə azadlıq, demokratiya və digər dəyərlər yada düşür. Bunların hamısı İsveçin iç üzünü ortaya qoyur. İsveç ümumiyyətlə Avropada islamafobiya məsələlərində ön sırada gedir".

Ə.Məmmədli PKK terrorçularının İsveçlə olan yaxınlığına da münasibət bildirib:

"Bu gün PKK terrorçuları bu ölkədə çox rahat şəkildə məskunlaşa bilirlər. Bütün bunlar İsveçin İslam düşməni olduğunun göstəricisidir. Məsləhət görərdim ki, onlar öz tarixlərini unutmasınlar və tez-tez buna nəzər salsınlar. İsveç öz tarixinə baxsa, vaxtilə onların kralını və dövlət nüfuzunu qoruyan xalqa, dövlətə bu cür xaincəsinə qarşılıq verməməli olduqlarını başa düşərlər".
Tarix: 5-04-2023, 12:31
Xəbəri paylaş





Xəbər lenti