Kiyevə təzminat ödəyənə qədər Rusiyanın aktivləri dondurulmuş saxlanacaq

Kiyevə təzminat ödəyənə qədər Rusiyanın aktivləri dondurulmuş saxlanacaq

Yeddilik Qrupuna (G7) daxil olan ölkələr Moskva Ukrayna münaqişəsi nəticəsində Kiyevə dəyən zərəri kompensasiya edənə qədər Rusiya Federasiyasının öz yurisdiksiyalarında olan aktivlərinin dondurulmasını davam etdirməyə razılaşıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü dərc olunan "G-7" liderlərinin Ukraynadakı vəziyyətlə bağlı birgə bəyanatında deyilir.
“Biz Rusiyanın yurisdiksiyalarımızda dondurulmuş suveren aktivlərinin tam hesabını vermək üçün addımlar atırıq. Biz bir daha təsdiq edirik ki, bizim müvafiq hüquqi sistemlərimizə əsasən, Rusiyanın bizim yurisdiksiyalarımızdakı suveren aktivləri Rusiya Ukraynaya vurduğu zərəri ödəyənə qədər dondurulmuş vəziyyətdə qalacaq”, - bəyanatın bəndlərindən birində deyilir.
"G7" Rusiyanın maliyyə sektoruna qarşı tədbirlər görəcək, lakin lazımi əməliyyatlar üçün maliyyə kanallarını saxlayacaq: "Rusiyanın Ukraynadakı müharibə üçün beynəlxalq maliyyə sistemindən istifadəsini daha da məhdudlaşdırmağa çalışacağıq", - sənəddə deyilir.
Həmçinin qeyd edilir ki, "G7" ölkələri “sanksiyalardan qaçmaq üçün üçüncü ölkələrdəki Rusiya banklarının filiallarından istifadənin qarşısını almaq üçün” tədbirlər görəcək. "Biz lazımi əməliyyatlar üçün maliyyə kanallarının qorunmasını koordinasiya edərkən, Rusiyanın maliyyə sektoruna qarşı lazımi tədbirləri görməyə davam edəcəyik", - bəyanatda deyilir.
"G7" Rusiyaya sənaye avadanlığı və texnologiyalarının ixracını məhdudlaşdırmağa davam edəcək.
Almaz ticarəti
Sənəddə qeyd olunur ki, Rusiyanın almaz ixracından əldə etdiyi gəliri azaltmaq üçün ölkələr Rusiyada hasil edilən, emal edilən və ya istehsal olunan almazların ticarətini, eləcə də istifadəsini məhdudlaşdırmaq üçün yaxından işləməyə davam edəcəklər.
Taxıl müqaviləsi
"G7" ölkələri taxıl sazişinin genişləndirilməsini, uzadılmasını dəstəkləyir və Ukrayna ilə bağlı birgə bəyanata əsasən, həssas dövlətlərə dəstəyi davam etdirir.
“Biz Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracını təşviq etməyə davam edəcəyik. Bu baxımdan biz Qara Dəniz Taxıl Təşəbbüsünün genişləndirilməsini dəstəkləyirik”, - deyə bəyanatda vurğulanıb. Liderlər həmçinin qeyd ediblər ki, ölkələrinin töhfələri BMT-nin Ümumdünya Ərzaq Proqramı ilə tərəfdaşlıq çərçivəsində ən həssas dövlətlərə humanitar ərzaq yardımının çatdırılmasına kömək edir.
Ukraynaya dəstək
Xirosima sammitində "G7" ölkələri Ukraynaya uzunmüddətli hərbi, maliyyə, humanitar və diplomatik yardım da daxil olmaqla yeni tədbirlər görməyə söz verdilər.
“Bu gün biz Rusiyanın suveren Ukraynaya qarşı qanunsuz təcavüzünün məğlubiyyətini təmin etmək üçün yeni tədbirlər görürük. Biz Ukraynaya lazım olan müddətdə maliyyə, humanitar, hərbi və diplomatik yardım göstərmək öhdəliyimizi bir daha təsdiqləyirik”, - sənəddə deyilir.
“Biz Ukraynaya iqtisadi dəstək vermək öhdəliyimizi bir daha təsdiqləyirik. Yaponiyanın "G7" sədrliyinin rəhbərliyi altında və beynəlxalq ictimaiyyətlə birlikdə biz Ukraynaya 2023-cü il və 2024-cü ilin əvvəli üçün ehtiyac duyduğu büdcə dəstəyini verdik”, - bəyanatda deyilir.
Enerji daşıyıcıları və nüvə enerjisi
Yeddilik Qrupu Rusiyanın enerji ixracından əldə etdiyi gəlirin azaldılması, habelə nüvə enerjisi sahəsində Rusiya Federasiyasından asılılığının azaldılması istiqamətində tədbirləri davam etdirəcək: “Biz nüvə enerjisi sahəsində Rusiya Federasiyasından, eləcə də Rusiyadan gələn əlaqəli məhsullardan asılılığı azaltmağa davam edəcəyik. Biz öz tədarüklərini diversifikasiya etmək istəyən ölkələrə kömək etməyə çalışacağıq.
"G7"nin bəyanatında deyilir ki, Rusiya Federasiyasına qarşı sanksiyalar tibbi, humanitar və ərzaq məhsullarına şamil edilməməlidir.
Tarix: 19-05-2023, 17:59
Xəbəri paylaş





Xəbər lenti